Maykl Hadson: Qərb offşorlarda hesablara qarşı münasibəti sərtləşdirir
Zəngin siyasətçilər, prezidentlər, diktatorlar Britaniya Virjin adalarında, İsveçrədə və ya Sinqapurda gizli offşor hesablarda böyük miqdarda nağd vəsaitə malikdir. Beynəlxalq jurnalist-araşdırmaçılar konsorsiumunun İCİJ) reportyorlar qrupu növbəti dəfə bunu üzə çıxarıb.
Apreldə konsorsium bütün dünyanın ən güclülərinin sirlərini açan çox sayda material dərc edib. Onlar arasında Azərbaycan prezidenti və onun ailə üzvləri, eləcə də Rusiya, Pakistan, Filippin, Tailand, Monqolustan və digər ölkələrin hökumət məmurları var.
İCİJ baş redaktoru Maykl Hadson bildirib ki, konsorsium dövlət məmurlarının maliyyə işlərini necə təşkil etdiyini üzə çıxarmağı qarşısına məqsəd qoyur ki, sıravi vətəndaşlar bu barədə məlumat ala bilsin.
Turan-ın Vaşinqton müxbirinə müsahibəsində Hadson İCİJ-in Azərbaycan oliqarxlarının offşor sirləri ilə bağlı araşdırmalarının bəzi detallarını açıqlayıb.
Sual: Konsorsiumun nəşrləri göstərir ki, bu gün Mərkəzi Asiya ölkələrində və Qafqazda zənginlər və yoxsullar arasında uçurum əvvəlkindən daha böyükdür.
Məsələn, bəzi ekspertlərin məlumatlarına görə, Azərbaycanda gizli və ölkədən çıxarılmış vəsaitlərin həcmi milyardlarla ölçülür. Bu maliyyə köçürmələri neçə həyata keçirilir? Bunun qarşısını almağın yolu varmı?
Cavab: Offşorlar sistemi gizli olduğu üçün ölkədən çıxarılan bütün vəsaitlərin leqal olub-olmadığını müəyyən etmək mümkün deyil. Bununla belə, bizim bütün dünya üzrə araşdırmalarımız sübut edir ki, offşorlardakı pulların böyük hissəsi yuyulan vəsaitlər, maliyyə fırıldaqları, vergilərdən yayınma və digər qanunsuz fəaliyyətdir. Özəl şəxslər və təşkilatlar rahat bir şəkildə sərhəddən pul keçirə bilir. Offşor sirləri tələbat və təkliflə əlaqədar satılan və alınan məhsuldur.
Offşor sistemi sirlərin qorunması üçün ödəniş alan vasitəçilər tərəfindən yaxşı idarə olunur və ödənilir. Bu, offşor əmanətlər sirrini mümkün edən hüquqşünaslar, mühasiblər, bankirlər və digər vasitəçilərdir.
Çirkli pullar çoxdan çemodanlarda nağd olaraq səyahət etmir. Onlar nağdsız hesablarla kompüterlər vasitəsilə gedir. Bu, böyük banklara səlahiyyət verir, çünki korrupsiya vasitələrinin sərbəst axını onlardan asılıdır. Bir neçə ən böyük Amerika və Britaniya bankı belə əməliyyatlara cəlb edilmişdi.
Sual: Azərbaycan prezidentinin mətbuat katibi araşdırmalarınızla bağlı şərh verərkən bildirib ki, prezidentin iki qızının üç offşor şirkətin səhmdarı olmasında qeyri-adi heç nə yoxdur. O qeyd edib ki, prezidentin qızlarının öz bizneslərini həyata keçirmək hüququ var.
Siz necə düşünürsünüz? Azərbaycandan nə qədər vəsait çıxarıldığı ilə bağlı məlumat varmı?
Cavab: Biz mətbuat katibinin cavabı ilə bağlı şərh verə bilmərik, yalnız onu deyim ki, biz dövlət liderlərinin və onların ailələrinin biznes fəaliyyətinin qanunvericilər, KİV və sıravi vətəndaşlar tərəfindən diqqətlə yoxlanılmalıdır.
Sual: Azərbaycan hökuməti büdcə haqqında az məlumat verir, bunun nəticəsində bir sıra beynəlxalq təşkilatlar ölkənin reytinqini bir çox Afrika və Yaxın Şərq ölkələrindən aşağı müəyyən edir. Belə bir fikir mövcuddur ki, neftlə zəngin ölkələrdə demokratiya, iqtisadi sabitlik daha azdır və orada vətəndaş müharibələri daha tez-tez baş verir. Siz Qərbdə Azərbaycanın imicini necə təsvir edərdiniz?
Cavab: Mətbuat və informasiya azadlığı istənilən sağlam siyasi sistemin əsas komponentləridir. KİV-in azad işləyə bilmədiyi yerdə korrupsiyanın çiçəklənməsi təmayülü var. Güclü KİV-lər açıq və ədalətli hökumət uğrunda mübarizə aparıldığı, məmurların və vətəndaşların məsuliyyət hiss etdiyi mühit formalaşdırmağa kömək edir.
Sual: Son vaxtlar Azərbaycan hökuməti xaricdə daşınmaz əmlak alır. Belə ki, keçən il SOCAR dövlət şirkəti Vaşinqtonda Dupont Circle yaxınlığında ofis üçün 12 mln. dollar ödəyib.
Öz növbəsində, ARDNF – Dövlət Neft Fondu da Londonda, Parisdə, Moskvada və s. ofis kompleksləri alıb. Bu, iqtisadi nöqteyi-nəzərdən əsaslandırılıbmı?
Cavab: Bu daşınmaz əmlakların alınması dalğasını araşdırmamızda tədqiq etməmişik. Lakin şəffaflıq nöqteyi-nəzərdən vətəndaşlara sövdələşmələr haqqında bütün məlumatlar verilməlidir – nə qədər pul xərclənib, daşınmaz əmlakın alınmasının səbəbi nədir, xəzinəyə nə qədər gəlir daxil olacaq, investisiyalar hansı gəlirlərdən edilib və s.
Sual: Qərb avtoritar rejimlərin pulları yumasının qarşısını almaq üçün nə etməlidir? Offşor pulları Azərbaycana qaytarmağın yolu varmı?
Cavab: Biz bu məsələni xüsusi olaraq araşdırmamışıq. Lakin Qərb ölkələrinin offşor sirlərlə bağlı son addımları göstərir ki, qlobal iqtisadi liderlər offşor zonalarda vəsaitlərin və hesabların şəffaflığının artırılmasına daha ciddi yanaşır. Bu, ədalətin bərpası və ölkədən qanunsuz çıxarılmış vəsaitlərin qaytarılması məsələsini asanlaşdıra bilər.