Maya Pancikidzenin doğru sözü hiddət doğurub
Gürcüstanda parlament azlığının nümayəndələri xarici işlər naziri Maya Pancikidzeni Litvaya səfəri çərçivəsində verdiyi bəyanatla bağlı parlamentdə hesabat verməyə çağırıblar. APA-ya istinadən, parlament azlığının nümayəndələri xarici işlər nazirinin istefasını tələb etmək niyyətindədir. Deputatlar bildiriblər ki, XİN başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Ermənistan kütləvi informasiya vasitələrində yeni qalmaqala səbəb olub. Onlar qeyd ediblər ki, Pancikidze bütün sözlərinə görə cavab verməlidir. “Biz Bidzina İvanişvilidən Maya Pancikidzeni işdən azad etməyi tələb edirik”, — deyə deputat Akaki Minaşvili bildirib.
Onun sözlərinə görə, xarici işlər nazirinin fəaliyyəti Gürcüstanın imicinə mənfi təsir göstərir: “Biz Litvada verilmiş düşünülməmiş bəyanatı xatırlaya bilərik, bu bəyanat nəticəsində Gürcüstan baş nazirinin Ermənistana səfəri təxirə salınmaq təhlükəsi ilə üzləşib”.
Xatırladaq ki, kütləvi informasiya vasitələri Maya Pancikidzenin Litvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən “Münaqişəni yalnız Azərbaycanın ərazi bütövlüyü lehinə nizamlamaq mümkündür” deməsi barədə xəbər yayıblar.
“Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək. Biz həmişə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləmişik. Bu, bizim rəsmi mövqeyimizdir”. Gürcüstanın Azərbaycandakı səfirliyindən bu ölkənin xarici işlər naziri Maya Pancikidzenin Litvaya səfəri zamanı verdiyi bəyanatı APA-ya belə şərh ediblər.
Gürcüstan və Ermənistan mətbuatının yazdığına görə, Maya Pancikidzenin Litvada “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir” şəklində bəyanatı erməni cəmiyyətində narazılıqlara səbəb olub və bu narazılıq baş nazir Bidzina İvanişvilinin İrəvana səfərinin təxirə salınması ilə nəticələnə bilər.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin Avropa turnesi başa çatdıqdan sonra bu məsələ ilə bağlı rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.