Maya Pancikidze: “Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”
Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Azərbaycanın da bizə münasibəti eynidir.
Bu rəsmi bəyanatı Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə səsləndirib. Nazir Ermənistanla münasibətlərə də aydınlıq gətirərək Ermənistanla qonşu olduqlarını və bütün qonşularla normal münasibət qurmağa çalışdıqlarını vurğulayıb.
ABŞ erməniləri tərəfindən Samsxe-Cavaxetiyaya xüsusi imtiyazlar verilməsi tələblərinə nəzərdə tutaraq, gürcü nazir bəyan edib ki, Samsxe-Cavaxetiyaya muxtariyyət verilməsindən söhbət gedə bilməz, ora Gürcüstan ərazisidir. Pancikidze bildirib ki, Gürcüstanın gündəmində belə bir məsələ yoxdur və Cavaxetiya bölgəsində yaşayan ermənilər Gürcüstan vətəndaşıdır və lavə edib ki, Cavaxetiyaya muxtariyyət verilməsi məsələsi bəzi media orqanlarının növbəti dezinformasiyasıdır.
Gürcüstanın xarici işlər naziri məmnunluqla qeyd edib ki, Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı nümunəvidir, Gürcüstanın baş nazirinin Brüsseldən sonra ilk xarici səfərini Azərbaycana etməsi də bunu göstərir.
M.Pancikidze Azərbaycanda olduqca həssas mövzulardan olan Axısqa Türklərinini probleminə də toxunub və xəbər verib ki, indiyə qədər 5000-dən çox Ahıska Türkü Gürcüstana qayıtmaq üçün rəsmən müraciət etmişdir.
Rusiya vətəndaşları üçün viza rejimini ləğv etdiklərini xatırladan nazir, Rusiyanın da öz növbəsində viza rejimini liberallaşdırmasını istədiyini və səfir Zurab Abaşidzenin bu məsələni Rusiya tərəfi ilə müzakirə etdiyini deyib. Gürcü şərablarının Rusiyaya ixracına toxunan M. Pancikidze bu yaxınlarda Rusiyadan xüsusi komissiyanın bu barədə müzakirə aparmaq üçün Gürcüstana gəldiyini xatırladıb. O, 36 növ gürcü şərabı və 4 növ mineral suların Rusiyaya ixracına dair razılıq əldə olunduğunu açıqlayıb.