Muəllif:

Magistraturaya qəbulda II mərhələ ləğv edilə bilər

«Abituriyent» jurnalının 12-ci sayının təqdimatında Məleykə Abbaszadə bu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzə ilə çıxış edərkən bildirib ki, bu sayda cari tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılıb. Tələbə qəbulunun fərqli parametrlər üzrə göstəriciləri — ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, yüksək nəticəli rayonların və məktəblərin təcrübəsi və s. məsələlər təhlil edilmiş, təklif və tövsiyələr irəli sürülmüşdür. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinin təhlili xüsusi bölmədə verilmişdir. Ali məktəblərin magistratura səviyyəsinə, rezidenturaya, orta və əsas təhsil bazasında kolleclərə qəbulun nəticələrinə aid təhlili materiallar da təqdim edilmişdir. Bu sayın elektron versiyası da hazırlanaraq ona əlavə edilib.
TQDK sədri vurğulayıb ki, Azərbaycanda son səkkiz ildə orta məktəb məzunlarının sayı 33810 nəfər azalıb. 2012-ci ildə ümumi təhsil müəssisələrinin 89298 məzunu olub:
«Son 8 ildə məzunların sayı 27.46 faiz azalıb. Bu il sənəd verənlərin 58.84 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2009-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 60.90 faiz, 2010-cu ildə 55.63 faiz, 2011-ci ildə isə 58.39 faiz olub».
Ali təhsil müəssisələrinə bu il 34098 plan yeri ayrılıb, yəni qəbul planı ötən illə müqayisədə 8.53 faiz artıb. Cari tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə qəbul üçün 34098 yer ayrılıb. Qəbul planının 28709 yeri dövlət, 5389 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 10680 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub. Bunlardan 90 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Ötən illə müqayisədə bu tədris ilində dövlət ali təhsil müəssisələrinin qəbul planı 8.81% (2325 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 7.03% (354 yer) artıb. Ümumilikdə, qəbul planı 2679 yer (8.53%) artıb.
TQDK sədrinin sözlərinə görə, qəbul imtahanlarında iştirak üçün 100621 abituriyent ərizə verib. Ərizələrin sayı ötən illə müqayisədə 6.39% azalıb. III qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür. Təhlil göstərir ki, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq vardır:
«Ümumi qəbul planının II ixtisas qrupu üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qrupuna düşən hissəsindən böyük, III ixtisas qrupunda isə əksinə, kiçikdir. I və IV ixtisas qruplarında isə bu iki göstərici arasında, demək olar, uyğunluq mövcuddur. Qeyd edək ki, ölkəmizdə texniki ixtisaslara ehtiyac çoxdur. Deməli, son illər ali təhsil müəssisələrinə tələbə qəbulu planında edilən dəyişikliklər artıq öz müsbət nəticəsini verməkdədir. Bu gün I ixtisas qrupunu seçən abituriyentlərin nisbi çəkisi ilə həmin ixtisas qrupu üçün ayrılmış plan yerlərinin nisbi çəkisi arasında artıq tarazlıq mövcuddur.
Yalnız II qrupda plan yerlərinin nisbi çəkisi abituriyent ərizələrinin nisbi çəkisini üstələyib. Bu qrupda plan yerlərinin çox, ərizələrin sayının isə nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə edib. Bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, gələcək perspektivlər müəyyən edilməli, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır».
«Ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir» — TQDK sədri bu haqda bildirib ki, abituriyentlər ərizələrinin ilk mövqelərində əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. Ötən il sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 6.31 faiz olub. 2000-ci illərin başlanğıcında bu göstərici 0.67 faiz təşkil edib:
«On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox kiçikdir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyildir. İndiyə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu kimi abituriyentlərin qəbulu həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Özəl ali təhsil müəssisələri, dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Lakin, təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyildir».
Bəlli olur ki, magistraturaya qəbul olunan bakalavrlar daha çox qiyabi təhsil formasını seçirlər. Çünki əyani formada tədris almaqdan daha çox işləmək, əmək fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər. Bu baxımdan onların magistr diplomları sadəcə sənədlərinə bir əlavədir. Lakin Abbaszadə düşünür ki, əgər bakalavrlar qiymətlərinin reallıqlara əsaslandığını və təhsil aldıqları magistratura təhsili üzrə biliklərinin fərqlənəcəyini bilsəydilər, onlar da əyani təhsil alardılar.
TQDK sədri magistratura səviyyəsi üzrə qəbul imtahanlarının ixtisas üzrə II mərhələ imtahanlarının ləğvinə hazır olduqlarını açıqlayıb: «Biz hazırıq ki, ali məktəblərin magistratura pilləsinə qəbulda II mərhələnin üstündən xətt çəkək. Amma ali məktəblər buna hazırdırmı? Buna görə də biz II mərhələnin imtahanını keçiririk. Ali məktəblər bakalavra qoyduqları qiymətlərin real olduğuna inanarlarsa, onda magistraturaya qəbul imtahanlarında bu qiymətlər nəzərə alınar və imtahanın II mərhələsi keçirilməz. Yalnız ehtiyac olduqda yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslarda qəbulun II mərhələsi təşkil olunar».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 306