Muəllif:

Magistratura: qəbul qaydalarına dəyişiklik edilib

Ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu fevralda aparılacaq. Bu məlumatı mətbuat konfransında TQDK şöbə müdiri Natiq Əliyev çatdırdı. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də qəbul imtahanları iki mərhələdə keçiriləcək. İmtahanın I mərhələsi martda, II mərhələsi iyunda keçiriləcək. I mərhələdə bakalavrın məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. Qəbul qaydalarına əsasən, I mərhələdə TQDK tərəfindən müəyyənləşdirilən tələbləri yerinə yetirən bakalavr II mərhələdə iştirak hüququ qazanacaq.
N.Əliyevin sözlərinə görə, bu il ilk dəfə olaraq fevralda magistratura imtahanının I mərhələsi üzrə sınaq imtahanı da nəzərdə tutulub. TQDK magistraturaya qəbul qaydalarında da bəzi dəyişikliklər edib. N.Əliyev bildirib ki, əvvəlki illərdə imtahanda məntiqi təfəkkür üzrə test blokuna həm çoxseçimli, həm də açıq tipli test tapşırıqları daxil edilirdisə, bu ildən xarici dil və informatika üzrə test bloklarına da hər iki tipli test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulur.
O deyib ki, TQDK tərəfindən «Magistr» jurnalının xüsusi buraxılışının I sayı nəşr edilib. Jurnalda ali məktəblərin magistraturalarına qəbul qaydaları, xarici dillər üzrə qəbul imtahanı proqramları, informatika üzrə qəbul imtahanı proqramı və digər məlumatlar dərc edilib. Ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə test bloku üç bölmədən ibarətdir.
Xatırladaq ki, yaxın günlərdə TQDK tərəfindən tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün «İnformatika» adlı vəsait nəşr ediləcək. «Məntiq testləri» vəsaitinin 3-cü təkmilləşdirilmiş nəşri ötən ilin oktyabrında bakalavrların istifadəsinə verilib.
Bu il ali məktəblərin magistraturalarına sənəd verən bakalavrları xarici nümayəndələr də qiymətləndirəcək. TQDK-nın şöbə müdiri deyib ki, xarici dillər üzrə yazı işlərinin qiymətləndirməsində xarici təşkilatların nümayəndələri iştirak edəcək. O deyib ki, komissiya xarici fənlər üzrə qiymətləndirməni bir çox beynəlxalq təşkilatla birgə aparır. Şöbə müdiri rus və ingilis dilində olan materialları beynəlxalq ekspertlərin köməyi ilə qiymətləndirmək imkanının olduğunu söyləyib:
«Hazırda bu sahədə müvafiq danışıqlar aparılır. Yəqin ki, informasiya-kommunikasiya texnologiyaları bu işi həyata keçirməyə imkan verəcək. Bu il keçirilməsi nəzərdə tutulan bu proses yalnız rus və ingilis dilləri üzrə qiymətləndirmə işləri ilə bağlıdır».
N.Əliyev magistraturaya qəbul imtahanında elektron imzanın tətbiqi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, elektron imza ilə sənəd verənlər üçün proqram təminatı hazırlanıb:
«Ancaq elektron imzaların alınması TQDK-nın səlahiyyətinə aid olan məsələ deyil. Bu sahədə biz nə isə deyə bilmərik».
TQDK rəsmisi, həmçinin növbəti tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul planının hələlik məlum olmadığını deyib. Bu barədə məlumatın fevraladək açıqlana biləcəyi vurğulanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 2831