Magistratura pilləsinə ixtisas seçimi başa çatır
TQDK tərəfindən 2013-2014-cü tədris ili üçün ölkənin ali təhsil müəssisələrinin magistraturalarına iyunun 23-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb. TQDK mətbuat xidmətinə istinadən, imtahanda iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.
Magistraturaya qəbul imtahanının 23 iyunda keçirilmiş ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 30-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
2013-cü ildə magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılır və 6794 plan yeri ayrılıb. Qəbul aparılan ixtisaslaşmaların siyahısı «Magistr» xüsusi buraxılışının 2013cü il 4-cü sayında təqdim olunub. Həmin jurnalı TQDK-nın qarşısındakı «Abituriyent» köşkündən almaq və ya elektron versiyasını (pdf) abiturient.az saytında «TQDK-nın nəşrlərinin elektron satışı sistemi» vasitəsi ilə yükləmək mümkündür.
Onu da qeyd edək ki, TQDK magistraturaya qəbulla bağlı müsabiqə şərtlərində dəyişiklik edib. TQDK-nın məlumatına görə, bu dəyişiklik 6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı üçün nəzərdə tutulub. Qeyd edək ki, bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilib, ümumi balına qoyulan tələblər dəyişməyib.
Qeyd edək ki, bu il Azərbaycanda magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb. Magistratura səviyyəsinə 2013-2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.