Muəllif:

Magistral yol kənarında ticarət: bunun fəsadları var

Magistral yolların kənarında, avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında çoxlu sayda qanunsuz tikililər inşa olunur. Eyni zamanda magistral avtomobil yollarında bir sıra hallarda qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları satılır. Belə vəziyyət isə avtomobil yollarında təhlükəsiz hərəkətin təşkilinə imkan vermir, eyni zamanda yol-qəza hadisələrinin artmasına gətirib çıxarır. Yollarda hərəkətin intensivliyinə təsir etməklə yanaşı, yol tikintisini həyata keçirən inşaatçıların işində də böyük çətinliklər yaradır. Bu barədə çərşənbə axşamı Trend-ə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Mürsəliyev deyib ki, bu avtomobil yollarından biri də hazırda tikinti işləri gedən Hacıqabul-Kürdəmir avtomobil yoludur. Sözügedən yolda artıq bir neçə vaxtdır ki, əlavə 2 hərəkətli zolaqlı yolun tikintisinə başlanılıb. Həmin ərazidə kənd təsərrüfatı məhsullarının qeyri-qanuni satışı tikintini həyata keçirən inşaatçıların işini çətinləşdirməklə yanaşı, hərəkətin intensivliyinə təsir edərək yol boyu tıxacların yaranmasına gətirib çıxarır.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bəzi şəxslərin yol kənarında alış-verişlə məşğul olması heç də digərlərinin hüquqlarının pozulmasına gətirib çıxartmamalı, ortaya çıxan problemlər qanun çərçivəsində həll edilməlidir. Belə ki, müvafiq strukturlar tərəfindən yarmarkalar və ya xüsusi yerlər təşkil edilməsi istiqamətində müvafiq addımlar atılmalıdır:
«Təəssüflə qeyd olunmalıdır ki, magistral yollarda baş verən qanunsuzluqlar nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yanaşı, sürücüləri sürət həddini azaltmağa məcbur edir və bu ərazidə avtomobil tıxaclarının yaranması ilə nəticələnir. Yaranmış vəziyyətlə bağlı bir daha bildiririk ki, respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin normal və təhlükəsizlik hərəkətinə mane olmaq olmaz və hərəkətin intensivliyinə maneçilik törədən bu kimi halların (həyatları bahasına yol ticarəti ilə qanunsuz məşğul olanların) qarşısı qətiyyətlə alınmalıdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 270