Maestro Niyazi anıldı
Maestro Niyazinin ev-muzeyində dirijorun 101 illiyinə həsr olunmuş tədbir keçirilib. Muzeyin direktoru Rza Bayramov Niyazinin Azərbaycanda professional dirijorluq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstərdiyini söyləyib: “Niyazi hansı ölkədə qastrol səfərində olurdusa, Azərbaycan musiqisini yüksək səviyyədə, layiqincə təmsil edirdi. Azərbaycan simfonizminin təşəkkülü və inkişafı da Niyazinin adı ilə bağlıdır. “Rast” simfonik muğamı, Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında yazdığı eyni adlı opera, Rabindranat Taqorun “Çitra” poeması əsasında yazdığı eyni adlı balet Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb”.
Muzeyin şöbə müdiri Xanım Abdinova Niyazinin sənədli və bədii filmlərə yazdığı musiqilər haqqında məlumat verərkən bildirib ki, maestro 1936-cı ildən 1981-ci ilə qədər onlarla Azərbaycan filminə musiqi yazıb, dirijorluq edib: “Azərbaycanın sonuncu səssiz, ilk səsli filmi olan “Almaz”ın və ilk sənədli filmimiz olan “Türk qadınının baharı” filmlərinin musiqisi Niyaziyə məxsusdur. Bundan başqa, maestro 1936-cı ildə “Kəndlilər”, 1940-cı ildə “Ordenli Azərbaycan”, 1945-ci ildə “Arşın mal alan”, 1947-ci ildə “Fətəli xan”, 1957-ci ildə “Mahnı belə yaranır”, 1981-ci ildə “Üzeyir ömrü” və s. filmlərin musiqi tərtibatçısı olub. Niyazi “Uzaq sahillərdə, “O qızı tapın”, “Sehirli xalat” kimi filmlərin dirijoru olub”.
Tədbirin sonunda 1939-cu ildə çəkilən, rejissoru Səməd Mərdanov, bəstəkarı Niyazi olan rus dilində “Kəndlilər” filmi nümayiş olunub.