Macarların ənənəvi Ata-Baba Günündə biz də çadır qurmuşduq
Bu il 10-11 avqust tarixlərində Macarıstanın Buqaç bölgəsindəki Milli Parkda ənənəvi Ata-Baba Günü keçirilib. Hər il keçirilən bu xalq bayramının və iki ildən bir keçirilən Türk-Hun qurultaylarının əsas məqsədi Macarların və Türklərin eyni soykökdən gəldiklərini və onları Türk xalqları ilə bağlayan çoxəsrlik tarixi, mədəni, mənəvi münasibətləri çağdaş macar cəmiyyətinə göstərməkdir. Azərbaycanın Macarıstan səfirliyindən gələn xəbərdə deyilir ki, Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə iki gün davam edən böyük xalq bayramında ümumilikdə əlli min nəfərə yaxın insan iştirak etmişdir. Ölkə Parlamentinin birinci vitse-spikeri Şandor Layoş iştirakçılar qarşısında xalqın öz soykökünü öyrənməsinin və çoxəsrlik ənənələri yaşatmasının vacibliyi barəsində nitqlə çıxış edib.
Ata-Baba Günü çərçivəsində cıdır yarışları, çövkan oyunu, qəhrəman Hunların və Macarların Avropaya yürüşünü göz önündə canlandıran döyüş səhnələri göstərilib, şaman musiqisi səsləndirilib. Macarıstan torpaqlarında qədim Türk izlərini əks etdirən ekspozisiyaya baxış keçirilib. Azərbaycanın Macarıstan səfiri Vilayət Quliyev bayram şölənində iştirak edib. Səfirliyin təşəbbüsü və yardımı ilə builki Ata-Baba Günü çərçivəsində ayrıca Azərbaycan çadırı qurulmuş, orada ölkəmizin ulu tarixini və ümumtürk mədəniyyətinə töhfələrini əks etdirən eksponatlar nümayiş olunub.