Muəllif:

M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalı

Xalq hərəkatının başladığı ilk illərdə də çoxları haqlı olaraq, onu Azərbaycanın azadlığı və istiqlalının rəmzi hesab edirdi. Təbii ki, o zaman bu qavrayışda bir az dəbə uymaq, bir az da impulsivlik var idi, çünki həmin dövrlərdə emosiya, hər halda, bir az üstün idi. Lakin son dövrlərdə müəyyən bir siyasi maariflənmə keçmiş cəmiyyətimizdə Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə, onun demokratik düşüncəni qidalandıran siyasi irsinə ciddi maraq yaranıb. Təbii ki, bu prosesdə görkəmli şəxsiyyətin həyat-fəaliyyətinin, elmi-nəzəri irsinin dərindən araşdırılması, bizdə, Türkiyədə, Rusiyada və ABŞ-da haqqında ciddi elmi tədqiqatların aparılması, əsərlərinin nəşr edilib yayılmasının xüsusi əhəmiyyəti olmuşdur. İstedadlı, vicdanlı və fədakar alimlərimizin səyləri hədər getməmişdir. Tanrının işıq vermədiyi və buna görə də missiyası yalnız Şərə xidmət etmək olan bəzi məmur-alimlərin tarixi saxtalaşdırmaq səylərinə baxmayaraq, Azərbaycan cəmiyyətində M.Ə.Rəsulzadə şəxsiyyətinə maraq getdikcə artır.
Təəssüf ki, bu gün Azərbaycanın hakim dairələrində də Rəsulzadə şəxsiyyətinə anlaşılmaz bir qısqanclıq göstərilir. Adı heç harda çəkilmir, xatırlanmır, tez-tez «unudulur». Bəzi iqtidar qəzetlərində Cümhuriyyət və onun qurucularından bəhs edən yazılarda onun adı üçüncü və ya dördüncü sırada çəkilir, bəzən heç çəkilmir, fotosu isə ümumiyyətlə dərc olunmur. Hərdən onu Cümhuriyyətin digər qurucuları ilə üz-üzə qoymaq kimi qeyri-ciddi və vicdansız davranışa yol verilir. Həzərat, bütün bunlara baxmayaraq, birmənalı şəkildə demək olar ki, XX əsrdə Azərbaycanın fəxr edib qürur duyacağı ən böyük tarixi şəxsiyyət M.Ə.Rəsulzadədir. Bu, şüar deyil, tarixi gerçəklikdən qaynaqlanan həqiqətdir. Azərbaycan siyasi təfəkkürünün ifadəçisi olan bu görkəmli siyasi mücahidin kəşməkəşlərlə dolu fəaliyyəti, elmi, ədəbi-bədii və publisist irsinin təhlili, yazdıqları və bizlər üçün bir xəzinə olaraq qoyub getdiyi samballı əsərləri bu nəticəyə gəlməyə əsas verir. Bu millət fədaisinin adını universitetlərdən silmək, şəklini göstərməmək, fotosu həkk olunmuş əskinası dəyişmək, abidəsini qadağan etmək olar, amma onun tarixi haqqlarını tapdamaq mümkünsüzdür. Tarixi şəxsiyyətlərin qiymətini, gec-tez tarix özü verir.
Tarixi şəxsiyyət bir kateqoriya kimi mürəkkəb siyasi proseslərdə üzə çıxır. Hər vəzifə kürsüsündə əyləşən, onun pillələri ilə hər üzü yuxarı dırmaşan, hər hökumət kabinetində əyləşən, hər çiyninə şahlıq quşu qonan adam şəxsiyyət deyildir. Şəxsiyyət o adamlar sayılır ki, onlar çətin durumlarda millətin və xalqın taleyini həll etmək, onun tarixi varlığını qoruyub saxlamaq, yükünü çiyinlərinə götürürlər. Tarixin belə çətin anlarında siyasət səhnəsinə çıxaraq Vətənin azadlığı və xalqının mənəvi rifahı üçün ömrünü şam kimi əridənlərin haqqını bir kimsə tapdalaya bilməz. Ona görə də M.Ə.Rəsulzadə kimi tarixi şəxsiyyəti hədəfə almaq, ona sayğısız yanaşmaq yel dəyirmanı ilə vuruşmaq kimi bir şeydi.
Qoca tarix yalnız qlobal ideyaların daşıyıcılarını və bu ideyaları məharətlə gerçəkləşdirib fakta çevirənləri öz yaddaşında saxlayır. Bu baxımdan M.Ə.Rəsulzadənin ən böyük tarixi xidməti Azərbaycanın istiqlalı, xalqımızın bütün nəsillərinin qürur duyduğu Azərbaycan Xalq Cümhuriyyətidir. Təbii ki, müstəqillik ideyaları boş yerdən yaranmayıb. M.F.Axundovdan və H.B.Zərdabidən başlayan milli azadlıq ideyaları XX əsrin əvvəllərində H.B.Ağayev, Ə.B.Hüseynzadə, Ü.Hacıbəyli kimi mütəfəkkirlərin əsərlərində yeni forma alıb. Ümumiyyətlə ötən əsrin əvvəllərində Azərbaycan siyasi tarixinin taleyini əllərində tutan soydaşlarımız çox hazırlıqlı dövlət xadimləri olduqlarını göstərərək, İstiqlal hərəkatının qığılcımını zamanında alova çevirə bilmişdilər. Lakin bunlarla yanaşı, onu deməliyik ki, bir çox xadimlərin şüurunda müstəqillik anlayışı, yalnız mədəni muxtariyyəti əhatə edirdi. Siyasi müstəqillik ideyasını ilk dəfə məhz M.Ə.Rəsulzadə gündəmə gətirmişdir. Onun milli istiqlaliyyəti gerçəkləşdirmək və Azərbaycan Xalq Cümhuriyyəti yaratmaq fikrinə hələ Rusiyadakı 1917-ci il fevral burjua-demokratik inqilabının qələbəsindən, yəni mütləqiyyət rejiminin süqutundan sonrakı ilk həftələrdə gəldiyini söyləmək olar.
Bu dövrdən başlayaraq böyük ideoloq Cümhuriyyətin yaradılması üçün əlverişli tarixi fürsət axtarırdı. Belə bir tarixi möcüzə isə 1918-ci il mayın 26-da Qafqaz seyminin dağılması oldu. M.Ə.Rəsulzadə həmin mürəkkəb, fəlakətli, qanlı-qadalı, ölüm-dirim savaşlarının getdiyi bir dövrdə xalqın başı üzərində dayandı, onu nəinki fiziki cəhətdən məhv edilmək təhlükəsindən qurtardı, həmçinin Azərbaycanın milli dövlət quruluşunun dirçəldilməsinə nail oldu. Cümhuriyyətin ilk addımlarının möhkəmlənməsində, Türkiyə Qafqaz İslam ordusunun Azərbaycana gətirilməsində, Bakının işğaldan azad olunmasında da M.Ə.Rəsulzadənin siyasi-diplomatik fəaliyyəti həlledici rol oynadı.
M.Ə.Rəsulzadə istiqlalın «bir qrup xəyalpərəstin fantaziyası deyil, millətin ruhunun ən dərin guşələrindən təzahür edən ehtiyac» (H.Baykara) olduğunu sübut edərək, müstəqil Azərbaycan dövlətinin parlamentli, çoxpartiyalı respublika dövlət formasının seçilməsinə nail oldu. Bu, Şərqdə ilk belə hakimiyyət forması oldu. O vaxt mütləqiyyət, avtoritar rejimlərin əhatəsində yaşayan, siyasi mədəniyyət meydanında ilk addımlar atan, uzun əsrlər boyu öz dövlət müstəqilliyini itirmiş bir xalqın parlamentli respublika formasını seçməsinin ciddi tarixi əhəmiyyəti vardır. Əlbəttə, avtoritar düşüncə sahibi olsaydı, M.Ə.Rəsulzadə özü yeni ölkənin prezidenti seçilə bilərdi, çünki Cümhuriyyətin yaradıcısı kimi hamı onu qəbul edirdi. Amma onun idealı vəzifə deyildi. O, demokratik idarəçiliyin tərəfində idi. Ona görə də onu prezident kimi görmək istəyənlərə «biz min illərdir padşahların, sultanların, diktatorların əsarəti altında yaşadığımızdan diktaturaya meylliliyimiz var. Yəni, kimi prezident qoysan, özünü sultan kimi aparacaq. Ona görə də parlamentli respublika daha yaxşıdır» cavabını vermişdi. Sadəcə, parlamentdə Müsavat fraksiyasının rəhbəri kimi qalmağa üstünlük vermişdi.
M.Ə.Rəsulzadə Cümhuriyyətin yaradılmasını hansı şövqlə qarşılamışdısa, onun devrilməsini də bir o qədər dərin ağrı ilə qəbul etmişdi. Parlamentin son iclasının stenoqramı bir şeyi çox aydın göstərir ki, iclasda çıxış edənlərin içərisində yalnız Məhəmməd Əmin Azərbaycan istiqlalının taleyindən danışır. Başqaları bir çox məsələləri ehtiyyatla söyləyir, yəqin ki, sonrakı talelərini düşünərək danışırlar. Lakin yeganə şəxsiyyətdir ki, M.Ə.Rəsulzadə Rusiya qoşunlarının gəlişini Azərbaycan istiqlalını əlindən alacaq qüvvə kimi səciyyələndirir. O, belə düşünürdü ki, millətin istiqlalı əlindən gedirsə, kimin sağ qalıb-qalmamağının o qədər də əhəmiyyəti yoxdur. Görünür, tale Rəsulzadəyə həmin qanlı-qadalı günlərdə sağ qalmaq qisməti yazmışdı. O, həbs olunsa da, İ.V.Stalinin sayəsində şərti azadlığa çıxa bildi. Aparıldığı Moskvada uzun müddət qala bilmədi və xaricə üz tuta bildi.
Əlbəttə, Cümhuriyyətin mövcud olduğu 23 ayda çox tarixi işlər görüldü, ən başlıcası yüz minlərlə insanın şüurunda istiqlal toxumu səpə bildi. Bu səbəbdən də xalqımızın ictimai-milli düşüncəsində müstəqilliyin əbədi izi qaldı. M.Ə.Rəsulzadə ömrünün son anına qədər bu istiqlal və müstəqillik düşüncəsinin daşıyıcısına çevrildi. Təkcə Türkiyədə deyil, Polşada, Macarıstanda, Rumuniyada, Almaniyada, Fransada yaşadığı illərdə öz idealına sadiq qaldı, nəşr etdirdiyi bütün qəzet və jurnallarda Azərbaycanın müstəqilliyi ideyasını öndə saxladı. Gözlərini bu dünyaya yumarkən də son sözü «Azərbaycan» oldu…
İstiqlalın mübarək, Azərbaycan!
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 333