M.Abdullayevin hüquqlarını müdafiə komitəsi yeni ifşalar vəd etdi
2003-cü ildə oğurlanmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi sabah — fevralın 27-də mətbuat konfransı keçirəcək və iş üzrə yeni sensasiya doğuran faktlar açıqlayacaq, bu barədə azadliqnews.tv on-line televiziyasına istinadən Turan məlumat yayıb. Özəlliklə, gizli kamera ilə çəkilmiş, M.Abdullayevin pul əvəzində qaytarılması vədləri əks olunan yeni videoyazılar təqdim ediləcək.
M.Abdullayevin oğurlanmasında əli olan yüksək vəzifəli məmurların adları da açıqlanacaq.
M.Abdullayevin bacısı oğlu Azad Mürsəliyevin rəhbərlik etdiyi komitənin mətbuat konfransı saat 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçiriləcəyi bildirilir.