Luqanskda azərbaycanlı iş adamının evinə silahlı basqın olub
Ukraynanın Luqansk şəhərində tanınmış azərbaycanlı iş adamı, diaspor fəalı Şahin Məmmədovun evinə silahlı basqın olub. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Luqansk vilayəti üzrə sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, hadisə noyabrın 16-sı axşam saatlarında baş verib
O, hadisənin təfərrüatlarını açıqlayıb: “Ötən gecə Şahin Məmmədov Luqansk şəhərinin mərkəzindəki evində olarkən evin həyət qapısının qarşısında müxtəlif markalı avtomobillərin olduğunu və yarısı maskalı olan şəxslərin avtomobillərin yanında toplandığını görüb. Onlara yaxınlaşaraq burada nə baş verdiyini soruşduqda, həmin şəxslər onu milli zəmində təhqir etməyə, biznesi ilə bağlı hədə-qorxu gəlməyə başlayıblar. Şahin Məmmədov oğlu Xalid Məmmədov ilə birlikdə onlardan evdən uzaqlaşmağı tələb ediblər, əks təqdirdə, hüquq mühafizə orqanlarına məlumat verəcəklərini bildiriblər. Lakin sayı təxminən 10 nəfər olan şəxslər maşınlardan silah götürərək avtomat və tapançadan Məmmədovları atəşə tutublar. Şahin Məmmədov və oğlu dərhal həyətə girərək qapını arxadan bağlayıblar. Silahlı dəstə evi atəşə tutub. Silahlıların əl çəkmədiyini görən Məmmədovlar icazəli avtomat və tapançadan basqınçılara cavab atəşi açıblar. Nəticədə basqınçılardan biri ölüb, Şahin Məmmədov və oğlu isə xəsarət alıb. Basqınçılar qaçıb gedəndən dərhal sonra Şahin Məmmədov hadisə barədə yerli milisə zəng etmək istədiyi zaman onun evinə xüsusi təyinatlı milislər basqın edib, onu oğlu ilə bilikdə şəhər milisinə aparıblar. Hazırda Şahin Məmmədov və oğlu saxlanılıb, basqınlardan isə heç kim saxlanmayıb”.
R.Uğurluyev onu deyib ki, hadisədən xəbər tutan kimi evdən çıxmaq istədikdə, onun da evinə xüsusi təyinatlı milislər tərəfindən basqın olub, icazəsiz olaraq evində axtarış aparılıb, milli təhdidlər edilərək ailəsini qorxudulub: “Mənim özümü isə qandallayıb səbəbsiz olaraq idarəyə apardılar. Orada müstəntiqlər hadisəni araşdırmaq əvəzinə, Şahin Məmmədov ilə mənə “Axı siz nə vaxt qayıdacaqsınız ölkənizə?”, “Azərbaycana getsəniz, yaxşı olar, burada bizimkilərə mane olursunuz” və s. atmacalar atırdılar. Mən onlara yerli qanunvericiliyi xatırladaraq, digər xalqın nümayəndələrinə, hətta diaspora rəhbərliyinə qarşı etnik separatçı təzyiqlərin tamamilə qanunsuz olduğunu xatırlatdım. Səfirliyə, respublika prokurorluğuna məlumat verəcəyim barədə onlara xəbərdarlıq edərək basqınçıların axtarılmasını da tələb etdim, lakin bizə əhəmiyyət vermədilər. Aralarından bir zabit “Siz Moskvada da qudurmusunuz, indi də burada qudurmaq istəyirsiniz” deyə bizi təhqir etdi”.
Səhərə qədər milis idarəsində saxlandığını deyən R.Uğurluyev səhər tezdən dilindən iltizam alınaraq buraxıldığını, Məmmədovların isə hələ də təcridxanada saxlandığını bildirib.
Qeyd edək ki, Ş.Məmmədov Ukraynada tanınmış iş adamıdır, onun həm Ukraynada, həm də Türkiyədə bir neçə iri kərpic zavodu var. O, nadir xəstəliklərdən olan miostaniya xəstəliyindən əziyyət çəkir. Hazırda onun evi ailəsi ilə birgə milis tərəfindən mühasirədə saxlanılır.