Lokomotiv xorvatiyalı hücumçu Katarina Barunla anlaşdı
Transfer bazarının ən fəallarından olan Lokomotiv növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” bu dəfə Xorvatiya millisinin hücumçusu Katarina Barunla danışıqları müsbət yekunlaşdırıblar.
30 yaşlı voleybolçu ilə 1 illik rəsmi müqavilə bağlanılıb. 194 sm boyu olan Barun İtaliyanın Villa Kortese klubundan transfer olunub. O, daha öncə Mladost (Xorvatiya, 2002-2005), Karşıyaka (Türkiyə, 2005-2006), Foppapedretti (2006-2007), Çyeri (2007-2008), Novara (hamısı İtaliya, 2010-2012) və Tomis (Rumıniya, 2009-2010) klublarında çıxış edib.
Ölkəsində 2 dəfə çempion (2004, 2005) olan Katarina Çempionlar Liqasının, Rumıniya çempionatının və burada ölkə kubokunun (hər ikisi 2009) qalibi adını qazanıb. Həmçinin, 2012-ci ildə İtaliya kubokunun və son mövsümdə bu ölkənin Superkubokunun qızıl mükafatçısıdır.
2004-cü ildən millisinin şərəfini qoruyan voleybolçu əsas komandasının heyətində 67 oyuna çıxıb.
Qeyd edək ki, Barunun gəlişi ilə Lokomotivdə oyunçuların sayı 11 olub. Bakı klubu ondan öncə Valdone Petrauskayte (Litva), Aleksis Krimes, Lauren Gibbemeyer, Uitni Dosti (hər üçü ABŞ), Sa-Ni Kimi (Cənubi Koreya) və Suzana Sebiç (Serbiya) transfer edərək, ötən ilki heyətdən Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıb.