Lö Burje sərgi salonu aviakosmos sənayesinin vitrinidir
Iki ildən bir Lö Burje sərgi salonunda aviakosmos sənayesinin nailiyyətləri nümayiş etdirilir. Bu ilki sərgi iyunun 17-dən 23-dək keçiriləcək. 2012-ci ildə bu sektor rekord göstəricilər əldə etmiş, mal dövriyyəsi 16 faiz artaraq digər sənaye sektorlarını arxada qoymuşdur. Sərgi çərçivəsində sənayeçilər özlərinin yeni nailiyyətlərini nümayiş etdirəcək və bu sektorun uğurlu gələcəyi barədə söhbət açacaqlar.
2012-ci ildə mal dövriyyəsi 42,5 milyard avro təşkil edən aviakosmos sənayesi inkişafda olan sektorlardan hesab edilir. 50-ci dəfə keçirilən builki sərgidə dünyanın 44 ölkəsindən 2160 iştirakçı olacaq, eksponatlar üçün sərgi salonunun daxilində 54.000 kv m, xaricində isə 43.000 kv m sahə ayrılıb. Belə bir geniş sahədə Avropa və Amerikanın Aerobus və Boinq kimi aviakosmos, Safran və Tales kimi texniki vasitələr və avadanlıq şirkətləri, eləcə də yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən çoxsaylı orta və kiçik müəssisələr yeni nailiyyətlərini nümayiş etdirmək imkanı əldə edəcəklər. Kabellərin lazer üsulu ilə nişanlanması sahəsində avadanlıqların layihələşdirilməsi və istehsalı üzrə ixtisaslaşan Laselec şirkəti kabellərin üstünü təmizləyən portativ avadanlığı nümayiş etdirəcək.
A 350 təyyarəsinin təqdimatı
Aviasiya sənayesinin iri şirkətləri özlərinin yeni modellərinə xüsusi geniş yer verirlər, bunlar A400 M, A380 və Dasso şirkətnin Rafale təyyarələridir. Ümumiyyətlə isə bu sərgidə 130 təyyarə nümayiş etdiriləcək. Airbus şirkətinin istehsalı olan, zavoddan bu yaxınlarda çıxmış, uzaq mənzilli A350-XWB təyyarəsi sərgidə ilk uçuş edəcək.
EADS Innovation Works firmasının elmi-tədqiqat laboratoriyası təyyarəçilər hazırlayan məktəblər üçün elektrik mühərriki ilə işləyən iki yerli təyyarənin prototipini nümayiş etdirəcək. Onun mühərriki səs-küyü azalmağa, yerə enmə və əyləc zamanı istifadə etdiyi enerjini bərpa etməyə imkan verir.
Rusiya təyyarələri səmada
Bu ilki sərgidə diqqəti cəlb edir faktlardan biri rus təyyarələrinin sayının çox olmasıdır. Rusiyanın təyyarə istehsal edən şirkətləri Suxoy 35, Yak 130, Super Jet 100 kimi bir neçə döyüş təyyarəsinin uçuşlarını planlaşdırıb. Kanada, Mərakeş, Koreya, Çex Respublikasından heyyətlərin sərgiyə gəlişi gözlənilir. Çin Respublikasını Comac şirkəti təmsil edəcək.
Sərginin təşkilatçısı olan Aviasiya və kosmos sənayesi müəssisələri birliyinin nümayəndəsi Patrik Gerən deyir: “Lö Burje salonu əla reklam vitrinidir”. Burada alıcılar və istehsalçılar arasında işgüzar görüşlər proqramı tərtib olunub. 2011-ci ildə təşkil olunmuş sərgi-salonda 54 min nəfər peşəkar iştirak edib, 4.500 görüş təşkil olunub, bu rəqəmlər Farnboro və Dubayda keçirilən analoji beynəlxalq sərgilərdə iştirak edənlərdən 2 dəfə çoxdur.
Aerobus liderdir
İri şirkətlər arasında aparılan ənənəvi rəqabət Lö Burje sərgi-salonunda da davam etdirilir.
Əvvəlki aylarda əldə olunmuş razılıqlar, müqavilələr sərgi müddətində rəsmiləşdirilir. Çünki sərginin özü də bir reklam vasitəsidir, və onu əldən vermək olmaz. Aviasiya sənayesinin nəhəngləri olan Boinq və Aerobus şirkətləri həmişə olduğu kimi yenə də jurnalistlərin diqqət mərkəzində olacaq. Aprel ayının sonunda Aerobus ilin əvvəlindən bəri 493 təyyarə üçün sifariş alındığını elan etmişdi, bu da rəqibi Boinqin sifarişlərindən 2 dəfə çoxdur, belə bir müvəffəqiyyət A320-nin qismən dəyişdirilməsi və daha mükəmməl mühərriklə təchiz olunmuş Neo modeli sayəsində əldə olunub. Aerobus şirkəti aprel ayının sonu üçün bu təyyarəyə edilən sifarişlərin sayının 2125-ə çatdığını elan edib, bu rəqəmlər modelin bir çox aviaşirkətlərin yüksək tələbatlarına cavab verdiyini sübut edir.
Gələcəyi olan sektor
Sərgi-salonun təşkilatçıları qeyd edirlər ki, yeni iş yerlərinin açılması sahəsində aeronavtika sənayesi geniş perspektivlərə malikdir. 2012-ci ildə bu sahədə 15.000 nəfər işə qəbul edilib. Digər sektorlarla müqayisədə burada iş təklif edənlərin sayı iş axtaranların sayından çoxdur. Bu tələbata cavab vermək üçün sərginin təşkilatçıları gəncləri “Avion des métiers» bölməsinə dəvət edir. Burada aviasiya sahəsində çalışan konstruktorlar, texniklər və mühəndislər peşələri haqqında onlara geniş məlumat verir. Patrik Gerən sözünə davam edərək deyir: “məqsədimiz, sifarişlərin artması və iş ritminin sürətlənməsi nəticəsində Aerobus təyyarələri yığılan aviasiya müəssisələrində mütəxəssislərə olan ehtiyacları ödəməkdir”.
Barbara Löblan