Lənkəranda İsa Qəmbərin kortejinə hücum təşkil edilib
Müsavat başqanı İsa Qəmbərin korteji yanvarın 13-də Lənkəran şəhərində hücuma məruz qalıb. Partiyadan APA-ya daxil olan məlumatda bildirilir ki, İsa Qəmbər Müsavat Partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedib. Lənkəran şəhərinin girişində 4 ədəd “QAZel” və 5-6 minik avtomobili İsa Qəmbərin kortejinin qarşısını kəsib. “Xəzər Lənkəran” futbol klubunun geyimlərində olan mülki şəxslər 100-dən artıq şəxsə rəhbərlik edib. Toplaşanlar İsa Qəmbərin maşınını dağıdıb, güzgülərini qırıb, maşının nömrələrini acıblar.
Onlar “İsa Qəmbər, sizi gördük” və “Sizi istəmirik” deyərək maşının qapılarını dağıdıblar. Partiyanın məlumatında bildirilib ki, hadisə zamanı Müsavat başqanının müavini Gülağa Aslanlı sağ ayağından xəsarət alıb, Ülvi Quliyev isə döyülüb. Jurnalist Mehman Kərimov hadisənin videogörüntüsünü çəkərkən mülki geyimli şəxslər tərəfindən döyülərək maşına mindirilib, ərazidən uzaqlaşdırılıb. Mehman Kərimovun hara aparıldığı məlum deyil. Toplaşanlar müsavatçıların üzərinə yumurta atıblar. Daha sonra Lənkəran şəhərinə gedən yol “QAZel” markalı mikroavtobuslar və minik maşınları ilə kəsilib.
Məlumatda qeyd olunur ki, Müsavat başqanı Lənkəran şəhərindən geri qayıdıb. Yol boyu Müsavat başqanı başqa bir maşınla hadisə yerindən uzaqlaşdırılıb. Müsavat Partiyasının digər üzvləri hələ də hadisə yerindədirlər.
Toplaşanlar arasında qadınlar və azyaşlı uşaqlar da olub. Müsavat başqanı xəsarət almayıb.Lənkəran şəhər-rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, hadisə barədə onlara məlumat daxil olmayıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov isə APA-ya açıqlamasında ünvanlarına səslənən ittihamları rədd edib: “Bizim İsa Qəmbərin Lənkərana gəlişindən xəbərimiz olmayıb, bu barədə hadisədən sonra xəbər tutmuşuq. Bizə verilən məlumata görə, İ. Qəmbərin qarşısını şəhid ailələri, imkansız insanlar kəsərək, onun gəlişinə etiraz ediblər. İ. Qəmbərin yenidən aranı qarışdırmaq məqsədilə Lənkərana gəldiyini deyən insanlar onun rayonu tərk etməsini istəyiblər. İcra nümayəndələrinin ünvanına səslənən ittihamların heç bir əsası yoxdur”.