Lənkəran: fanatların davasında xəsarət alanlar var
Ötən gün “Xəzər-Lənkəran” — “Neftçi” oyunundan sonra baş verən insident zamanı Daxili Qoşunların müddətdən artıq hərbi qulluqçuları Saleh Səttar oğlu Hüseynov, Tural Səfər oğlu Əliyev, Natiq İsmayıl oğlu İsmayılov, Kamran Dadaş oğlu Quliyev, Sənan Surxay oğlu Həsənov və polis baş leytenantı Mircan Mirverdi oğlu Quliyev xəsarət alıblar. Baş verən insident zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən hərbi qulluqçular bu gün xəstəxanadan evə buraxılıb, polis baş leytenantı isə xəstəxanada müalicəsini davam etdirir.
Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident oyun bitəndən sonra hər iki komandanın fanatları arasında yaranıb.
Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.