Muəllif:

“Lancet”in hesabatı:100 manat səhiyyə xərcinin 70 manatını cibimizdən ödəyirik

Qərbi avropalının səhiyyəyə 100 avro xərci çıxanda bunun orta hesabla 16 avrosunu öz cibindən verir. Azərbaycan vətəndaşı isə 100 manat səhiyyə xərcinin 70 manatını cibindən ödəməli olur. Bu, MDB məkanında rekorddur. “Azadlıq radiosu” xəbər verir ki, bu rəqəmlər “Lancet” jurnalının növbəti hesabatındandır.

Dünyanın aparıcı tibb jurnallarından olan “Lancet” Avropada səhiyyənin vəziyyəti haqda 3-cü hesabatını hazırlayıb. Hesabatda deyilir ki, MDB-də xəstəliklərdən, həyat şəraitindən ölüm faizi Qərbi Avropadakından hələ də çox yuxarıdır. Konkret olaraq, MDB məkanında ürək xəstəliklərindən, eləcə də ana və uşaq ölümləri, yoluxucu xəstəliklərdən ölüm faizi yüksəkdir.
Hesabat müəllifləri hesab edirlər ki, ictimai səhiyyədə təcili addımların vaxtıdır. Bunlara — tütün çəkilməsinə, qanuni və qanunsuz alkoqol satışına və içilməsinə nəzarət daxildir.
Hesabata görə, Orta Asiyada rusların ömrünün uzunluğu digər etnik qruplarla müqayisədə azdır. Bunun da səbəbi araqdır. Hesabatda deyilir ki, epidemioloqların məlumatına görə, Rusiyanın özündə işləyən kişilər arasında hər 10 ölümdən ən azı 4-ü çox və həddən artıq çox içməklə bağlıdır.
Hesabata görə MDB-də səhiyyə islahatları cəmiyyətin səhiyyəyə ehtiyaclarına hələ də cavab verə bilmir.
Hesabatda ən böyük problemlərdən biri kimi adamların səhiyyə xərclərini öz ciblərindən ödəməsi göstərilir.
“Lancet” MDB-də insanların səhiyyə xərclərinin belə böyük hissəsini öz ciblərindən ödəməsini bu regionda səhiyyənin ən böyük problemlərindən sayır.
MDB-də səhiyyə xərclərini öz ciblərindən verən ölkələrin digər vətəndaşlarını göstəriciləri belədir. Ermənistan 55,2, Belarus 19,9, Gürcüstan 68,3, Qazaxıstan 40,1, Qırğızıstan 37,8,
Moldova 44,9, Rusiya 31,4, Tacikistan 66,5, Türkmənistan 40,6, Ukrayna 40,5, Özbəkistan 42,7 faiz. Müqayisə üçün qeyd edək ki, Avropa Birliyində bu 16,6 faizdir.
Azərbaycan öz cibindən ödənən pulun nisbətinə görə, MDB-də birinci niyə yerdədir sualını cavablandıran iqtisadçı Azər Mehtiyevin bildirdiyinə görə, dövlətin verdiyi pul nisbi götürəndə azdır, hərçənd son illər büdcədən ayrılan pul artır. Bu göstəriciyə görə, Azərbaycan səhiyyəyə nisbi götürəndə ən az pul ayıran ölkələrdəndir.
Doğrudan da, Lancetin göstəricilərində bir maraqlı məqam var. Azərbaycanda səhiyyə xərci adambaşına daxili məhsulun 5,9 faizidir, bunun isə cəmi 1,2 faizini dövlət verir. Belə çıxır ki, qalan 4,7 faiz vətəndaşın öz üzərinə düşür. Ermənistanda , məsələn, səhiyyə xərcinin cəmi 2,6 faizi vətəndaşın üzərindədir. Gürcüstanda isə bu yük daha ağırdır — 7,7 faiz.
Hesabatda MDB-də ömrün uzunluğu cədvəli də var. Qafqaz və Azərbaycan uzunömürlülər məkanı kimi tanınsa da, Azərbaycanda orta ömrün uzunluğuna bunun, deyəsən, dəxli yoxdur. Azərbaycanda orta ömür qadınlar arasında bir çox qonşu ölkədən azdır, kişilərdə isə təxminən onlardakı kimidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187