Lampeduza adası
Son günlərin diqqət mərkəzində olan hadisələrindən biri də Orxan Zeynalov və Rusiyaya iş dalınca getmiş soydaşlarımızın illeqal miqrant deyə Kremlin başbilənləri, bəlkə də heç nədən başaçmayanlarının fitvası ilə başlarına açılan oyunlardır. Bu hadisələri müxtəlif adamlar, o cümlədən mən də, müxtəlif baxışlardan qiymətləndirib və yəqin ki, hələ də qiymətləndirəcəklər. Bizə elə gəlir ki, miqrantlarla amansızcasına davranan yalnız ruslardır, çünki bizim artıq onların müstəmləkəsi deyil, müstəqil dövlət olmamızı sinirə bilmirlər. Bu, həqiqətən də, belədir. Amma iş tək bununla bitmir. Məsələ qəliz, coğrafiyası isə daha genişmiş…
Aralıq dənizində Siciliyanın 205, Tunisinsə 113 kilometrliyində yerləşən vulkanik mənşəli kiçicik bir ada var. İtaliyaya aid olan bu ada Lampeduzadır. Gözəl iqlimi və özünəməxsus təbiəti olan bu adada heç şirin su mənbələri də yoxdur. Su işi qalıb yağan yağışlara. Bununla belə, 2000-ci illərə qədər ada az qala bir turist məkkəsiymiş. İndi isə vəziyyət bambaşqadır. Orada Afrikadan gələn illeqal miqrantların ən böyük sığınacaq düşərgəsi yerləşir. Adaya tək bir 2008-ci ildə 23 min pənah gətirən olub. Hal-hazırda isə Lampeduzada Avropaya can atan miqrantların əlindən tərpənmək olmur. Ən dəhşətlisi isə odur ki, cəzirəyə gələrkən dənizin sularına qərq olanlar haqqında xəbərlərin ardı-arası kəsilmir. Amma onlar elə hey gəlirlər, çünki vətənlərində zillət içində yaşamaqdansa, azadlığa aparan yolda ölməyə üstünlük verirlər…
Faciə isə Avropanın artıq onları qəbul etmək istəməməsindədir. Kübar və tox, qayda-qanun və səliqə-sahmana alışmış, hər şeyi, hətta ailədə uşaqlarının sayını belə əvvəlcədən planlaşdırmağa öyrəşmiş avropalılar yad mədəniyyət daşıyıcılarının onların rəvan və firavan həyatını korlayacaqlarından ehtiyatlanırlar. Məsələn, Britaniya Forin offisi artıq gəlmələri qaçırtmaq üçün «düşmən atmosfer» yaratmağa başlayır. Yeni qanuna əsasən, innən belə həkimlər, ev sahibləri, bank işçiləri və hətta din xadimləri hökumət strukturlarına illeqal miqrantlar barədə «donos» çatdırmalıdırlar. Həkim müalicə etmək əvəzinə xəstəsinin, ev sahibi kirayənişinin, bank işçisi müştərisinin, keşiş ailə quranların əvvəlcə kimliyini, daha doğrusu isə, illeqal miqrant olub-olmamasını öyrənməlidir. Britaniyaya qaçaq yolla gələnlərin bir qismi bu minvalla xəstəlikdən, başqa bir qismi evsizlikdən, digər qismi pulsuzluqdan əziyyət çəkəcək və nəhayət, sevib-sevilmək hüququndan da məhrum olacaqlar. Düzdür, qanunun işləyib-işləməyəcəyi hələ sual altındadır, amma belə bir şey ağla gəlibsə, deməli, hamımız mənəvi və humanitar deqradasiyanın astanasındayıq…
Bəs bunları doğuran səbəblər nədir?
Yaddaşım məni uzaq 1985-ci ilə aparır. O zaman beynəlxalq folklor festivalında iştirak üçün Avstriyanın Krems-am-Donau şəhərinə getmişdik. Azərbaycandan festivala qatılmış incəsənət ustalarına mədəniyyət nazirinin müavini, gözəl şairimiz mərhum Teymur Elçin rəhbərlik edirdi. Mən də qrupun tərcüməçisi idim. Festival günlərində bizə yerli katolik kilsəsinin bazar günü messasında musiqi nömrəsiylə çıxış etmək təklifi gəldi. İmtina etmək olmazdı. Qərara alındı ki, kilsədə ölkəni, yəni SSRİ-ni, əslində isə Azərbaycanı klassik muğam üçlüyümüz təmsil etsin. Müğənni muğam ustamız, mərhum Səxavət Məmmədov idi. Qəribədir, deyilmi? Düşünəcəksiniz ki, kilsə hara, muğamat hara? Elə mən də bu fikirdəydim, amma keşişin moizələrini dinlədikdən, italyanların «Ave Mariya», bizimkilərin pəsdən dediyi və çaldığı muğamdan və digər ölkələrdən olanların ifasını dinlədikdən sonra işin nə yerdə olduğunu anladım. Almanca bildiyimdən keşişin moizədə dediklərini başa düşürdüm. Əsas fikir Avropanın mədəni xalqlarının Afrikaya gedərək yerliləri səmimi qəlbdən ağ günə çıxartmaq istəyiylə olsa belə, özlərinə bənzədərkən, onlara üstün saydıqları mədəniyyətlərini aşılayarkən aborigen xalqların həyat və mədəniyyətlərini məhv etdiklərinin fərqinə varmadıqlarını kilsə əhlinə izah etməkdi. Müqəddəs ata camaatı insan və humanist olmağa, digər mədəniyyətləri və onların daşıyıcılarını anlamağa çağırırdı. Elə bizi və müxtəlif ölkələrdən olan digər folklor festivalı iştirakçılarını da kilsə mərasiminə buna görə dəvət etmişdilər, dəvət etmişdilər ki, avstriyalılar dünyada nə qədər özgə mədəniyyət daşıyıcısı olduğundan xəbərdar olsunlar. Oldularmı? Bilmirəm. Hər halda bizim üçlüyün ecazkar muğam ifasından sonra kilsəyə gələnlərin hamısı bir-bir əlimizi sıxıb bizə minnətdarlıqlarını bildirməyi özlərinə borc bildilər.
Məncə, bugünkü sualın cavabını Krems-am-Donau katolik kilsəsinin müqəddəs atası elə uzaq 1985-ci ildə vermişdi. Təəssüf ki, o, Roma Papası deyildi… yoxsa indi haqqında bəhs etdiyim müsibətlər illeqal miqrant damğası vurulmuş insanların başına gəlməzdi.
Antuan de Sent Ekzüperi demiş: «Biz nə vaxtsa ələ aldığımız kəslərə görə məsuliyyət daşıyırıq».
[email protected]