Muəllif:

Kumuk Türkləri: zamanın sınağında

Stavropol vilayətinin Pyatiqorsk şəhərində Rusiya Kumuk İcmaları qurumunun təşəbbüsü ilə keçirilən Fövqəladə Qurultayda Dağıstan, Çeçenistan, Qaraçay-Çərkəz, Quzey Osetiya, Həştərxan, Stavropol, Moskva və digər bölgələrdən 48 kumuk icmasını təmsil edən 375 nəfərlik nümayəndə gəlmişdi. «Namus» Kumuk Mədəniyyət Mərkəzi, «Birlik» Kumuk İctimai Təşkilatları Şurası, Çeçenistan Kumuk Milli Mədəni Şurası, Kumuk Ağsaqqallar Şurası və digər kumuk milli təşkilatları bu türk toplumunun 90 ildən bəridir pozulmaqda olan hüquqları ilə bağlı problemləri müzakirəyə çıxarmışdılar.
Torpaqsız və vətənsiz xalq
Stalinizmin antitürk siyasətinin mahiyyəti türk toplumlarının vətənsiz və torpaqsız qoymaq idi. Bu yaşam tərzinin içində ruslaşdırma strategiyası tətbiq olunurdu. Tatar, başkort, tuva, xakas, altay, çuvaş, noqay, kumuk, saha, qaqouz, qaraçay, balkar türklərinin tarixi əraziləri müxtəlif vilayətlər arasında beləcə bölünmüşdülər. Bu proses indi də davam edir. Ahısqa Türkləri 69 ildir öz tarixi torpaqlarında məskunlaşa bilmirlər. Bu siyasət Quzey Qafqazda daha sərt xarakter daşıyır. Noqay Çeçenistan, Dağıstan, Kalmıkstan respublikaları və Stavropol, Həştərxan vilayətləri arasında bölünmüşdür. Qaraçay və balkar türklərinin torpaqları bir tərəfdən Stavropol və Krasnodar vilayətinə birləşdirilmiş, digər yandan isə çərkəz, kabarda, rus, erməni, yunan və kürdlərin (yezidi) miqrasiya axınları sayəsində onların əlindən alınmışdır…
Kumuk türklərinin aqibəti digər türk toplumlarından heç də fərqlənmir. Pyatiqorsk (əski adı qaraçay-balkar türkcəsində Beştau, yəni Beşdağ) qurultayında «Balkar Ağsaqqallar Şurası»nın lideri, akademik İsmail Sabançiyev, «Noqay Milli Şurası»nın sədri Zəlimxan Köçərov, «Elbrus» Balkar Milli Birliyinin sədri Cambulat Eteyev balkar, qaraçay və noqay türklərinin tarixi ərazilərinin «turizm klasteri» adı altında yeni işğal siyasətinə məruz qalması problemlərini ortaya qoydular. Bildirildi ki, Rusiya oliqaraxları və onların dayaq nöqtəsi kimi ənənəvi şəkildə antitürk siyasəti əsasında yüklənmiş digər toplumları bu türk xalqlarının tarixi ərazilərində məskunlaşdırma siyasəti davam edir.
Qurultayda Quzey Osetiya, Dağıstan və Çeçenistanda dağlıq ərazilərdən insanların çöl bölgələrinə, yəni kumuklara məxsus regionlara süni şəkildə miqrasiya axını sayəsində onlar bu torpaqlarda «milli azlığa» çevrilmək təhlükəsilə qarşılaşıblar. «Kumuk Ağsaqqallar Şurası»nın sədri Absalitdin Murzayev qeyd etdi ki, sayları 700 min nəfərdən çox olan bu türk toplumunun torpaqsız və vətənsiz qalmaq təhlükəsi yaranmışdır. O, bildirdi ki, 100 min nəfərdən çox kumuk türkü bir vaxtlar Qərbi Sibir və Uzaq Şərqə sürgün olunmuşlar. İndi onlar Mozdok (Quzey Osetiya), Qudermes, Sunja, Bammayurt, İstisu, Sulak, (Çeçenistan) rayonlarına geri dönə bilmirlər. Onların tarixi torpaqlarında başqa xalqlar məskunlaşıblar. Dağıstanda isə son bir ildə milliyyətcə dargin, avar, erməni və ləzgi olan oliqaraxlara kumuk torpaqlarından 46 min hektar ərazi ayrılmışdır. Bizlər torpaq kodeksi hüquqlarımızın pozulmasına etiraz əlaməti olaraq ayağa qalxdığımızda, «Dağıstanda etnik savaş yenidən alovlanır və bunun qarşısı alınmalıdır» tipli avantüralar gündəmə gətirilir.
Gizli hədəflər
Qurultayda ən kəskin şəkildə çıxış edən «Birlik» Kumuk İctimai Təşkilatları Şurasının sədri Zaynutdin Süleymanov qeyd etdi ki, Dağıstanın prezidenti vəzifəsinə təyin olunan Ramazan Abdulatipov «antikumuk siyasəti»nin ən böyük tərəfdarlarından biridir. Onun apardığı kadr siyasəti də bu faktı təsdiq edir. Kumukların dövlət işində təmsil olunmaları prinsiplərinin pozulması prosesi daha da dərinləşib:
«Bölgədə etnik kimlik prinsiplərinə məxsus ərazi olmamalıdır. Kimin maliyyə gücü varsa, o da istənilən miqdarda ərazi sahibi ola bilər» konsepsiyası tətbiq olunmağa başlamışdır. Qurultayda çıxış edənlərin fikrincə necə olur ki, kumukların tarixi ərazilərinə miqrasiya axınları sayəsində doluşmuş xalqlar mənsub olduqları dağlıq bölgələrdə öz «milli»rayonlarını qoruyub saxlamaq üçün xüsusi status qazana bilir, ancaq, bu prinsip kumuk türklərinə gəldikdə hər şeyin unudulması tələb olunur.
«Kumuk Ağsaqqallar Şurası»nın sədri Absalitdin Murzayev deyir:
«Abdulatipov özünü bilməzliyə qoyaraq elan edib ki, hər bir xalqa məxsus tarixi ərazilər əslində tarixi bir keçmişdir. Bu günkü reallıqla hesablaşmağı öyrənməliyik. Bəs o zaman belə bir taktika nədən avar, ləzgi, lak, dargin və digər toplumlara tətbiq olunmur? Nə üçün Dağıstanda torpaq resursları və əmlak problemləri üzrə yaradılmış nazirlikdə bir nəfər də olsa kumuk təmsil olunmur? Bölgədə aqrar sektorun inkişafı üçün büdcədən milyardlarla vəsait ayrıldığı halda, həmin layihələrə kumukların yaşadıqları ərazilər daxil edilmir. Sosial, səhiyyə, təhsil nazirliklərində kumuklardan heç kim təmsil olunmur. Halbuki, regionda 2 milyon 150 minlik əhalinin 500 mini kumuklardırlar. Kumuklara xoş olsun deyə «kağız» nazirliklərində təmsil olunmaq (təbii ehtiyatlar və mətbuat üzrə) imkanı yaradılmışdır».
Qurultayda ən çox toxunulan problemlərdən biri də kumuk türklərinə məxsus ərazilərdə onların öz milli rayonlarının yaradılması məsələsi oldu. Bildirildi ki, 1944-cü ildə ləğv edilmiş Tarki rayonu yenidən bərpa olunmalıdır. Kazbek rayonuna məxsus otlaq və əkin sahələrinin başqa millətələrə məxsus rayonların ərazilərinə qatılması ləğv edilməlidir. Bu problemlərin əsas günahkarı kimi Dağıstan parlamentinin qəbul etdiyi qanunlar sərt şəkildə tənqid olundu.
Dağıstanda identikliyin qorunması üçün kumukların Tarki rayonu üçün statusun bərpa edilməsini Rusiyanın demokratik düşərgəsinə mənsub olan insitututlar da müdafiə edirlər. «Yeqor Qaydar adına İqtisad İnstitut»un təmsilçisi Konstantin Kazenin qeyd etdi ki, Dağıstanda biznes, idarəetmə və hakimiyyət siyasətini kriminal müstəvidən kənarda həll etmək təfəkkürünə malik olmayan xüsusi bir sosial şəbəkə mövcuddur. Tarki rayonu bərpa olunarsa, belə bir siyasəti minimuma endirmək mümkündür. Kumuklar bölgənin tarixən idarə olunmasında etnomədəni prinsiplər baxımından böyük ənənəyə malikdirlər. Qaraçay-Çərkəzdə etnik mənsubiyyət baxımından Noqay və Abaza rayonları təsis olundu. Belə bir qayda bölgədə kimsəyə qarşı çevrilmədi. Dağıstanda belə bir fikrə düşmək isə, faciə kimi qarşılanır. Kumuklar öz tarixi ərazisi olaraq Kyaxulay, Elbörükənd, Şamxal-Termen və Tarki qəsəbələrinin birləşdirilərək Tarki milli rayonunun yaradılmasını istəyirlər. Dargin, avar, ləzgi və lak etnomafiyaları isə Tarki rayonunun təsis olunması səbəbindən paytaxt Mahaçqalada onlara məxsus etnososial siyasət nəticəsində çox şeylərdən məhrum qalacaqları təhlükəsini dilə gətirməyə başlamışlar. Əslində bu üç toplumu təmsil edən etnoklanların hədəfi paytaxtın çevrəsində kumuklara məxsus son əraziləri ələ keçirməkdən ibarətdir. Çünki onlar tarixən nə dövlət, nə də vətən anlayşı qavramında Dağıstanı idarəetmə təfəkkürünə malik olmamışlar.
Kazaklardan kumuklara dəstək
Qurultayda Don Kazak Hərəkatının atamanı Yuri Çurekov, Tersk-Kizlər Kazak Hərəkatı atamanı Nikolay Spirin və digər kazak təşkilatlarının atamanları çıxış edərək kumukların qanuni hüquqlarını müdafiə etdiklərini bildirdilər. Yuri Çurekov qeyd etdi ki, kumuk xalqı irəli sürdüyü tələblərində haqlıdır. Kumuklar etnososial və etnomədəni mənada tarixən bölgədə dominant rol oynamışlar. 90 ildir kumukların sıxışdırılması siyasəti indi bölgədə bir sıra problemlərə səbəb olmuşdur. Rusiya Dağıstanı nəzarətdə saxlamaq üçün indi çoxsaylı hərbi və inzibati qüvvələrini bölgəyə yeritmək məcburiyyətində qalmışdır. Digər yandan isə hər il «bölgədə sabitlik yaratmaq üçün» milyardlarla vəsait ayrılır. Halbuki bütün bunların qarşısını daha effektiv şəkildə almağın tarixi ənənəsi var. Təkcə kumuklar bu konsepsiyanın şərtlərini dəyərləndirə bilirlər. Moskvadan yönlənən yalnış siyasətin nəticəsi olaraq, bu gün noqay, kumuk və kazak xalqları (kazaklar özlərini rus adlandırmaq istəmirlər) torpaqsız qalmışlar. Biz bu yöndə kumuk və noqay xalqları ilə birlikdə mübarizə aparmalıyıq.
Qurultayda Dağıstanın Karabudaxkənd, Kayakənd, Kumtorkala, Buynaksk (Temirxan Şura), Xasavyurt, Babayurt, Kizlər, Kaytak, Kizilyurt kimi tarixi ərazilərinə son illərdə süni şəkildə dağlıq ərazilərdən köçürülən avar, ləzgi, dargin, aqul, tsaxur, rutul, didoy, lak və digər xalqların siyahısının hazırlanması, kumukların ərazilərinin qanunsuz şəkildə qeyri xalqlar arasında bölünməsi, regiondakı sosial-iqtisadi problemlərin səbəbləri və digər məsələlərlə bağlı statistik hesabatlar dinlənildi. Mövcud problemlərlə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciətlər qəbul edildi.
Dağıstanda etno-demoqrafik mənzərənin azərbaycanlılara, noqay və kumuklara məxsus ragionlarda dəyişməsi, həm də bir sıra problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, bölgədə tarixən sabit həyat tərzinin mövcud olduğu bölgələr türk xalqlarının yaşadığı ərazilər olmuşdur. İndi Dərbənd, Xasavyurt, Kayakənd, Kizilyurt, İnciqala (Mahaçqala), Kizlər, Kaspi və digər rayonlarda baş verən dini radikalizm və terror daha çox dağlıq ərazilərdən köçmüş gəlmələr tərəfindən törədildiyi etiraf olunmaqdadır.
Gəlmələr torpaq sahələrini zəbt etməklə, hakimiyyəti ələ keçirməklə, gözə dəyən bütün gəlir sahələrinə sahib çıxmaqla ən üstün səviyyəyə qalxmağı hədəf seçmişlər.
Qafqaz regionu ilə bağlı strateji mərkəzlər «Dağıstan anklavı» probleminə dair müxtəlif fərziyyələr irəli sürsələr də, etnomədəni, etnososial proseslərə antitürk bucağından baxıldığı üçün effektiv təsir vasitələri tapa bilmirlər. Son on ildə kumuklar və noqaylar dəfələrlə qurultaylar və elmi konfranslar keçirsələr də, nə Kreml, nə də digər institutlar onları dinləmək istəyir.
Pyatiqorsk qurultayında bir daha kumuk, balkar, qaraçay və kazak xalqları «Qafqaz sindromu»nun bütün çalarlarını xatırlatdılar. Tarixən Dağıstan və Quzey Qafqaz bölgələrində qədim Xəzər-Bulqar mədəniyyəti bütün toplumlar üçün əsas yaşam dəyəri olaraq qəbul edilimişdir. Həmin etnoloji sistemi qoruyan və inkişaf etdirən, dominantlığını yaşadan təkcə kumuk türkləri olmuşlar. Əslində bu mədəni dəyər ortaq prinsiplər əsasında inkişaf etmişdir, bunun sayəsində isə bölgədə hər hansı konflikt də olmamışdır. Dağıstanda mövcud olan institusional konsepsiyaya kiflənmiş stalinizm meyarı ilə yanaşıldığı üçün, bölgə hər zaman «barıt çəlləyi»nə bənzəyəcəkdir.
Bakı-Pyatiqorsk-İnciqala-Bakı

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 384