Muəllif:

Bu yay hamı Azərbaycandan turist axını gözləyir, biz isə…

Bu yay hamı bizdən turist axını gözləyir, bizim isə turist cəlb etmək halımız yoxdur. İnfrastruktur o halda deyil. Az-çox imkanlı vətəndaş öz pulunu, deyək ki, Nabranda deyil, hasısa bir xarici ölkədə sərf etməyə üstünlük verəcək. Neft-qaz ölkəsi olan Azərbaycan isə dünyanın gözündə pullu insanların yaşadığı, lakin öz turizm sektorunun primitiv durumda olduğu bir yerdir. Odur ki, bu işdə təcrübəsi olan dünya şirkətləri fürsəti qaçırmayacaq. Hamı bizdən turizm axını gözləyir. Hələlik bu halımızdan ən çox Türkiyə və Gürcüstan yararlana bilir (halalları olsun). Təzəlikcə Ukraynanın Krım bölgəsi də bu dürüst rəqabətə qoşulmaq əzmindədir və bizdən daha çox turist qoparmağa ümid edir. Onlar Azərbaycanda indidən — turizm mövsümünə 2 ay qalmış praktik işlərə başlamışlar.

Bəlli olur ki, bu gün Krıma milyonlara turist gedir, onlardan cəmi 20 mini azərbaycanlıdır və onların 70 faizi ora müalicə turizmi çərçivəsində gedir. Bakıda səfərdə olan Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liev bu günkü mətbuat konfransında bildirib ki, ötən il Ukraynaya 6 milyon turist gəlib.

«Biz Azərbaycanda «SW Travel» kimi etibarlı tərəfdaş tapmışıq. Bu şirkətin hesabına biz azərbaycanlı turistlərin Krıma axınını artırmaq istəyirik. Krım azərbaycanlı turistlərə müalicə türizmininin bütün növlərini göstərməyə hazırdır», — deyə Liev bildirib.»Biz qarşılıqlı turizmə kömək etmək üçün Azərbaycanda turizm agentlərinə xüsusilə də sanatoriya-kurort sahəsində turizm işini öyrətməyə, həmçinin AZAL aviaşirkətinə Krım hava limanında müəyyən endirimlər etməyə hazırıq»,- nazir qeyd edib. Onun sözlərinə görə, həmçinin Krımda Azərbaycanın turizm ofisini açmaq təklifi var.
«Bu təkliflə mən Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayevlə görüş zamanı çıxış etmək niyyətindəyəm»-, Liev bildirib.

İndiki dünyada turizm ölkə iqtisadiyyatlarının önəmli sektorunu təşkil edir. Kim daha çox turist cəlb edə bilirsə, daha çox fayda götürür. Aprelin 4-dən 6-dək Bakıda «Iteca Caspian» MMC və «İTE Group PLC» şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanın və Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri — «AITF 2013» Azərbaycan Beynəlxalq «Turizm və Səyahətlər» sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında sərginin meneceri Xəyal Əliyeva deyib.
O bildirib ki, «AITF 2013» sərgisində 60-dan çox istiqaməti təqdim edən 35 ölkədən 251 şirkət və təşkilat iştirak edir. Bu il «AITF 2013» sərgisində Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edəcəklər. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr yer alır. Sərgidə milli stendlərin fəal iştirakı da artıq ənənəyə çevrilir. Bu il 20 stend öz milli ekspozisiyası ilə iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları — Bolqarıstan, Kipr, Çexiya, BƏƏ, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misirin milli qrupları var. Macarıstan, İndoneziya, İran, Monteneqro, Mərakeş, Krım (Ukrayna), Tailand və Tunisin milli qrupları bu il ilk dəfə sərgidə iştirak edəcəklər.
Sərgi üç gün ərzində cari təmayüllərə xüsusi diqqət yetirməklə turizm xidmətlərinin geniş çeşidini əyani şəkildə təqdim edəcək. Sərginin əsas bölümlərinə aviaxətlər və avia-agentliklər, turoperatorlar və turizm agentlikləri, mehmanxanalar və mehmanxana şəbəkələri, sanatoriya və pansionatlar, eləcə də macəralı istirahət, biznes səfərlərinin təşkili, idman turizmi, ekoloji və elit istirahət üzrə ixtisaslaşmış şirkətlər daxildir. Bu il xarici tibb mərkəzləri, özəl və dövlət klinikaları, eləcə də diaqnostika mərkəzlərini ehtiva edən «Tibbi turizm» sahəsi üzrə iştirakçıların sayında əhəmiyyətli artım müşahidə olunur. Bu ilki sərginin yeniliyi isə «Xaricdə daşınmaz əmlak» bölümünün olmasıdır.
«Azərbaycanda istirahət» bölümündə respublikanın regionları öz iqlim özəllkləri, təbii ehtiyatları və çoxmillətli mədəniyyəti ilə birlikdə təqdim olunacaq. Belə ki, sərginin iştirakçıları arasında Balakən, Gəncə, İsmayıllı, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Qəbələ, Qax, Quba, Şəki, Oğuz, Salyan, Şamaxı, Sumqayıt, Xaçmaz, Xızı, Zaqatala və Azərbaycanın digər rayon və şəhərlərinin ən məşhur kurort zonaları, mehmanxana və pansionatları var.
Əliyeva bildirib ki, sərgi zamanı iştirakçılar öz stendlərində təqdimat və seminarlar, müxtəlif lotereyalar keçirəcəklər. Belə ki, sərginin üç günü ərzində Yunanıstanın «Aegean Airlines» aviaşirkəti Bakı-Afina birbaşa aviareysini təqdim edəcək. Bu aviareysin mayın 28-dən açılması planlaşdırılır. Bolqarıstana yeni birbaşa aviamarşrutunu isə Azərbaycanın milli hava daşıyıcısı olan «AZAL» şirkəti öz stendində təqdim edəcək.
Əliyeva bildirib ki, aprelin 4-dən 6-dək Bakıda 7-ci «Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar» sərgisi keçiriləcək. Sərgidə iştirak edən 30 şirkət müxtəlif peşəkar mətbəxlər, restoranlar üçün avadanlıqlar, restoranlar şəbəkəsi üçün proqram təminatı və s. nümayiş etdirəcək.

Bəs biz həmin o bolqarları, yunanları, gürcüləri, ərəbləri turist qismində ölkəmizə cəlb edə bilərikmi?
Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq məqsədilə ölkənin bütün regionlarındakı turizm obyektlərində monitorinq aparacaq. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, monitorinq zamanı turizm obyektlərinin mövsümə hazırlıq səviyyəsi araşdırılacaq.
İsmiyev qeyd edib ki, regionlarda turizm xidmətlərinin səviyyəsi elə də yüksək deyil. Buna görə də mayda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bölkələrdə bu sahə üzrə çalışan şəxslər üçün treninq-kurslar təşkil olunacaq.
Turizm xidmətlərinin qiymətinin yüksək olması məsələsinə də toxunan İsmiyev əlavə edib ki, Azərbaycanın turizm xidmətlərinin qiymətlərinin turizm sahəsi olduqca yaxşı inkişaf etmiş Türkiyə kimi dövlətlərlərin turizm xidmətlərinin qiymətləri ilə müqayisə edilməsi düzgün deyil. Çünki Azərbaycanda 514 mehmanxana və mehmanxana tipli obyekt olduğu halda Türkiyədə bunların sayı dəfələrlə coxdur.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda hotellərin sayı artdıqca turizm xidmətlərinin də qiymətləri enəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 250