Korun KORDAN fərqi
Ankara
Deyirlər ki, cavanlığında Səməd Vurğun yerlisi olan bir gözəl qıza aşiq imiş. Amma gözəl qız pulu-parası olmayan gənc şairə ərə getməkdən imtina edib.
İllər keçib. Səməd Vurğun dünya şöhrətli şairə çevrilib. Vaxtilə gözəl və gənc olan o qız da artıq bir ailənin evlənmə yaşı çatmış oğul-qız sahibli xanımına çevrilib. Deyirlər ki, günlərin bir günündə Səməd Vurğun vaxtilə dəlicəsinə sevdiyi o qızla küçədə qarşılaşıb. Özünü görməzliyə və ya tanımazlığa qoyub salam-kalamsız yanından keçmək istəyib. Amma mümkün olmayıb. Vaxtilə dəlicəsinə sevdiyi o qız imkan verməyib.
«Səni mən şair etdim. İndi isə mənimlə qarşılaşanda özünü görməzliyə qoyursan?»,- deyib yolunu kəsir.
Səməd Vurğun isə cavabında «əgər belə bir bacarığın varsa, onda yanındakı o qanmazı da şair et» deyir. Bu rəvayətin bir çox variantları var. Mən mətbuat üçün ən məqbulunu seçdim.
ABŞ Azərbaycanda prezident seçkilərini müsbət qiymətləndirdiyinə görə Avropa Şurası missiyasını tənqid edib. Tənqid ABŞ-ın ATƏT-dəki missiyasının hazırkı rəhbəri Kristofer Maduranın Avropa Şurasının baş katibi Tornbyorn Yanqlandın adına ünvanladığı bəyanatda səslənib. Bu barədə «Turan»ın Vaşinqton müxbiri məlumat verib.
«ATƏT DTİHB seçki prosesinin bütün mərhələlərində (səsvermə günü də daxil olmaqla) ciddi problemlər aşkar edib. Bura ifadə, toplaşma, birləşmə azadlığının məhdudlaşdırılması daxildir. Eyni zamanda biz seçkilərin azad və şəffaf olması barədə AŞPA missiyasının bəyanatından təəccüblənirik», — məktubda deyilir.
Sonra Kristofer Madura Dövlət Departamentinin nümayəndəsi Mariya Arfın bəyanatına istinad edir. O, oktyabrın 10-da ATƏT DTİHB-nin rəyini dəstəklədiyini və baş vermiş pozuntularla bağlı narahatlığını bildirib. Madura həmçinin qeyd edir ki, bu yaxınlarda ABŞ Avropa Şurası Venesiya Komissiyasının tamhüquqlu üzvü olub və «bu mühüm institutun köməyilə insan hüquqları və demokratik idarəetmə məsələlərində fəal əməkdaşlığa ümid edir». «ABŞ inanır ki, ATƏT və Avropa Şurası insan hüquqları, fundamental azadlıqlar, demokratiya və qanunun aliliyi işinin möhkəmləndirilməsində böyük rol oynayır», — məktubda deyilir.
Xatırladaq ki, müxalifətdən prezidentliyə namizəd Cəmil Həsənli Azərbaycan hakimiyyətini AŞPA missiyası üzvlərini ələ almaqda ittiham edib. Onun fikrincə, missiya üzvləri ilə danışıqlar Strasburqda Hilton otelində keçirilib. Avropa İttifaqı bu ittihamların üstündən sükutla keçib.
Atalar demiş, «quyuya su tökməklə quyu dolmaz». Amma ataların hər sözünü də mütləq həqiqət kimi qəbul etmək olmaz. Ən azından ona görə ki, bir başqa atalar sözü də var: «Dama-dama göl olar». İnsan oxuya-oxuya da, öyrənə-öyrənə də ağıl-kamal sahibi ola bilər. Nə vaxtsa müəllimlik etmək üçün əvvəlcə şagird, tələbə olmaq, əlinə dəftər-kitab alıb illərlə oxumaq, kimlərdənsə nələri isə öyrənmək lazımdır. Başqa sözlə, kimlərinsə müəllimliyini qəbul etmək lazımdır. Ən azından ona görə ki, kiminsə əlinin altında qapazaltı olmayasan. Özünün də bir seçim imkanın olsun.
Amma biz heç vaxt oxuyub-öyrənmək, kiminsə şagirdi olmağı özümüzə rəva görməmişik, indi də görmürük. Daşdan keçən arqumentimiz də budur: «Onlar kimdirlər ki, nə karədirlər ki, biz onlardan nə isə öyrənək?! Onlar öz şahlarını iylənməmək üçün çəlləkdə saxladıqları vaxtlarda biz hamamın, aftafa-ləyənin nə olduğunu çoxdan bilirdik». Düz sözə nə deyəsən…
Yenə də deyirəm, Allah dahi Sabirə rəhmət etsin. Cahillər onu Allaha asi elan etmişdilər. Allah insanı yoxdan var edib bir süfrə kimi süslədiyi yer üzünü, günəşi, ayı, ulduzları onun əmrinə (istifadəsinə) verir, nemətlərini yağış kimi insanın başından tökür. Sonra da deyir ki: «Ey insan, Mən sənin Rəbbinəm, sən də Mənim qulumsan. Bu qədər saysız-hesabsız nemətlərimin müqabilində səndən bircə şey istəyirəm: Məni Rəbb olaraq tanı və yalnız Mənə ibadət et. Sənə verdiyim ağıl, vicdan, şüur kimi qabiliyyətlər göyləri, yeri və bu ikisi arasında bütün varlıqları yaradan rəhmətə, sonsuz bir Yaradana işarə edir. Bununla yanaşı, mərhəmətim səni özbaşına, rəhbərsiz də buraxmamışdır. Sənə doğru yolu göstərmək üçün seçilmiş qullarımdan peyğəmbərlər göndərmiş, onlarla yanaşı haqq və həqiqəti açıq-aşkar bəyan edən səhifələr, kitablar nazil etmişəm. Əgər Məni bilsən, Məni tanısan və Mənə itaət etsən, sənə dünyada rahatlıq və xoşbəxtlikdən başqa sonsuz bir səadət də vəd edirəm. Yox, əgər inkar və üsyan etsən, səni sonsuz əzab, əbədi cəhənnəm gözləyir». Kafir isə Allahı, axirət gününü, peyğəmbərləri, kitabları inkar edərək Rəbbinə üsyan edir. «Sənə də, cəzana da inanmıram. Mən istədiyim kimi (ağlım kəsən kimi) yaşayıram,» — deyərək Allaha qarşı çıxır. Nəticədə cəhənnəmə düşür. Cahillər dahi Sabiri asi elan edib yer üzündəki həyatını cəhənnəmə çevirdilər. O isə, məncə, əsl Allah adamı idi. Ölümündən yüz ildən də artıq bir vaxt keçib. Amma elə bil ki, bu günümüz haqqında danışır:
«Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kamal etməyə səyi dəxi vardır,
Məncə bu işlər bütün şiveyi-küffardır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaq kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləmərəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm rıza şapqa qoya başına,
Kafir ola bir nəfər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?
Yatmaram əsla belə dinə dəyər sözlərə!
Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Qoysanız öz oğlumu mən salım öz halimə,
Sənətimi öyrədib, uydurum əhvalimə,
Dün bu oxutmaq sözün ərz elədim alimə,
Söylədi : «haza kəfər…», oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,
İndi beş ildir tamam dinimə əl qatmısız,
Sevgili övladımı kafirə oxşatmısız,
Duydum işin sərbəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam oğlum gedə qəbrə, — nə ki məktəbə!
Məktəb adın çəkməyin, — mələbədir, mələbə!..
Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəsdir o bildikləri, kaş onu da bilməsə!
Canıma olsun fəda bir də üzü gülməsə!
Ta ki, o zehnindəki fikrləri silməsə,
Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Fikrimi verməm əbəs siz kimi nadanlara,
Sövq edəsiz oğlumu bir para hədyanlara,
Çünki xəyanətçisiz cümlə müsəlmanlara,
Mənzilinizdir səqər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!»
İyirmi ildir ki, bizə mədəni dünyada hakim olan qaydalarla yaşamağı öyrətməyə çalışırlar. Biz isə öyrənmək istəmirik. Yaxamızdan əl çəksinlər deyə, həmişə olduğu kimi, rüşvət belə verməyə hazırıq. Necə ki, veririk.
Elə bilməyin ki, mən rüşvətin bütün variantlarının əleyhinəyəm. Elə bir dövrdə yaşayırıq ki, hətta savab işlər görmək üçün belə rüşvət vermək lazım olur. Məsələn, rus çariçasına rüşvət vermək məcburiyyətində qalan Hacı Zeynalabdin Tağıyev kimi.
Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan icazə istəsə də, mənfi cavab alır. II Nikolay taxta çıxanda o yenə buna cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə o, istədiyinə nail olur. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yer seçilməsinə və inşasına diqqət yetirir. Lakin daxildəki düşmən qüvvələr yenə də ona mane olmağa çalışırlar. Naəlac qalan Hacı qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş sənəd gətirirlər ki, Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər. Bununla da o, az da olsa, cəhalətin ağzını qapaya bilir.
Dünyanın işinə bir bax! 120 il öncə bizim başbilənlərimiz millətin savadlandırılması, oxuması, bir sözlə, aqil insana çevrilməsinə şərait yaradılması üçün rüşvət verirdilər, indi isə cahil qalmamız üçün. Özləri cahil qalmaq istəməyən, başqalarını da işıqlığa səsləyən tək-tük aydınlarımızın hayatını da cəhənnəmə çevirirlər.
Yazıqlar olsun!!! Özü də yalnız cəmiyyətin cahilliyinə qeyri-məhdud hakimiyyət və deməli, qeyri-məhdud qazancların təmin edilməsi üçün bir vacib amil kimi baxan «başbilənlərimizə» deyil, cahilliyi ilə razılaşan bu topluma da yazıqlar olsun!!! Qaranlıqdan gün işığına çıxmaq istəməyənlərə yazıqlar olsun!!!
Bəs aydın insanların halı necə olsun?! Onların gözlərini dəlib və ya oyub kor etmək olar. Amma bunun heç bir faydası yoxdur, çünki onlar artıq günəş işığını görüblər. Gözdən məhrum etməklə onları qaranlığa, cahillik dönəminə qaytarmaq mümkün deyil. Doğumundan kor olan insanla, sonradan gözlərini itirən arasındakı fərq də budur. Gözlərini oymaqla işıqlı dünyanın rənglərini onun yaddaşından silmək olmaz. O, yaddaşı ilə görür.
Bəs «bu yazıqlar» başlarına nə çarə qılsınlar?! Bir çıxış yolları var. İnsanlardan və onların haqları uğrunda mübarizədən əl çəksinlər. Diqqətlərini heyvanlarda cəmləşdirsinlər. Elə düşünməyin ki, mən Darvin nəzəriyyəsinin tərəfdarıyam və meymundan yeni insan növü yetişdirməyi təklif edirəm. Əsla yox. Söhbət heyvanların haqlarının müdafiəsindən gedir. Soruşa bilərsiniz ki, bunun «o yazıqlara» nə faydası.
Birincisi, özlərini mədəni dünyada, adillər arasında hiss edə bilərlər. Yəni bir qədər mənən rahatlanarlar. Çünki mədəni dünya ölkələrinin bir çoxunda artıq insanların əksər problemlərini həll etdikləri üçün heyvanların haqları uğrunda mübarizəyə başlayıblar.
İkincisi, bu yolla heç olmasa, «başbilənlərimizin» onların hər biri üçün yaratdığı «fərdi cəhənnəm»dən qurtulmaq olar. Xəzərdəki balıqları, xüsusilə də osetrin balıqlarını, daha doğrusu, onların qara kürülərini nəzərə almasaq, insanlardan fərqli olaraq, heyvanların haqları uğrunda mübarizə bizim «başbilənlərimizin» hakimiyyəti və hakimiyyətin hesabına var-dövləti üçün o qədər də təhlükəli deyil. Ən azından ilkin mərhələdə. Ona görə də bir müddət, necə deyərlər, «baş girləmək» olar…
[email protected]