Korrupsiya: İl üzrə rəqəmlər açıqlandı
Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 2012-ci il ərzindəki fəaliyyətinə dair hesabat açıqlayıb. İdarənin rəisi Kamran Əliyevin bu münasibətlə keçirdiyi mətbuat konfransında açıqladığı rəqəmlərə görə, ötən il ərzində vətəndaşların 1198 müraciətinə baxılıb, 229 cinayət xarakterli material araşdırılıb. Bu materialların 58%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə idarə tərəfindən zəruri preventiv tədbirlərin görülməsi təmin edilib.
K.Əliyev qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 nömrəli «Qaynar xətt» əlaqə mərkəzinə 5143 müraciət daxil olub, həmin müraciətlərin 34-ü üzrə CM müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib.
Kamran Əliyev cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Qeyd olunan cinayət işlərindən 23-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin işlər arasında torpaq sahəsi ayrılması üçün Bakı şəhəri, Binə qəsəbə bələdiyyəsinin sədri və onun müavininin 4.500 manat, hesablanmış cərimənin silinməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəis müavininin 1.500 manat, vətəndaşın 2-ci ali təhsil almaq üçün universitetə qəbul edilməsi məqsədilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliminin 40.000 manat, həmçinin Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkilinin 1.500 ABŞ dolları rüşvət almaları faktı ilə əlaqədar işlər də olub.
K.Əliyev qeyd edib ki, il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Əvvəlki illərlə müqayisədə hesabat dövrü ərzində korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq (rüşvət alma) ilə istintaq olunan cinayət işlərinin sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da istintaq və əməliyyat qurumlarının səmərəli fəaliyyətinin birbaşa nəticəsidir. Məhkəmələrə göndərilmiş cinayət işlərindən 52 şəxs barəsində 32 iş rüşvət alma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat və ya 49,82% ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.