Kor kora bələdçilik edəndə…
Sentyabrın 18-də «Azadlıq» qəzetində prezidentliyə namizədlərin təşviqat kampaniyası haqqında müsahibəm dərc olunmuşdu. Orada namizədlərə pullu təşviqat imkanı verməkdən imtina edən özəl telekanalları yamanlamışdım.
Müsahibə dərc edildiyindən bir gün əvvəl verilmişdi, təbii. Elə o axşamı prezidentliyə namizədlərin və onların səlahiyyətli nümayəndələrinin İctimai televiziyada qanunun tələbi ilə keçirilməli olan 10 pulsuz debatından birincisinə baxdım. Əgər aparıcı ekranda nümayiş etdirilənin seçki debatı olduğunu tez-tez xatırlatmasaydı, «Sən təksən» tipli tok-şouya tamaşa etdiyimi düşünərdim. Bir-iki nəfəri çıxmaq şərti ilə millətə bələdçilik etmək iddiasında olan qalan namizədlər Azərbaycanın bu günü və sabahı haqqında düşüncələrini seçicilərlə bölüşmək üçün yox, Cəmil Həsənlinin elmi və mənəvi keyfiyyətlərini müzakirə etmək üçün studiyaya yığışmışdılar. Yaddaşlarda yaxşıca ələnmiş 20 illik xatirələr, elmi əsərlərdən sitatlar, hətta sağlamlıq haqqında arayışlar da işə keçirdi. Bəlkə 50 dəfə «erməni» kəlməsi işlədildi, ancaq «Qarabağ problemi» kontekstində yox, hörmətli professoru «düşmənlərlə əlaqədə» ittiham etmək üçün, Qarabağın adı isə veriliş boyu cəmi iki-üç dəfə çəkildi.
Mövzu və etikadan kənar çıxışlara qulaq asıb əsəblərimi xeyli didişdirdikdən sonra özəl telekanalların qərarına münasibətimi dəyişməli oldum. Onlara «sağ ol» demək istədim ki, gəlirlərindən keçib bu cür namizədlərin bizlərlə ünsiyyət imkanını məhdudlaşdırıblar. Özəl televiziyalar pullu təşviqata qoşulsaydılar, kimin çox pulu varsa, o da çox danışacaqdı. Namizədlər dalbadal söz aldıqca, mən öz-özlüyümdə onların pulları ilə niyyət və ədəblərini müqayisə etməyə çalışırdım. Əksər halda tərs mütənasib alınırdı.
Müsahibəm çıxan günün səhəri isə beynəlxalq təşkilatlardan birinin təşkil etdiyi «Seçki prosesində media etikası» konfransında iştirak edirdim. Axşamkı ab-hava burda da hiss olunurdu. Düzdür, heç kim heç kimi təhqir etmirdi, amma mikrofondan süzülən yalanlar adamın əsəblərini eyni dərəcədə tarıma çəkirdi: peşə prinsiplərini pozmaqda başqalarına nümunə göstərilə biləcək bəzilərinə tribuna verilmişdi və onlar toplaşanlara professional etikadan məruzə oxuyurdular!
Konfransı yarımçıq tərk edib iş otağımda qapanmağa gedəndə fikirləşirdim ki, bəlkə, bizim qabağımıza düşüb yol göstərmək istəyən beynəlxalq təşkilatlar da, telekanallar kimi, belə tədbirlərdən imtina etsələr, daha yaxşı olar. Peyğəmbər bu işin sonu barədə əvvəlcədən xəbərdar edib axı: «Kor kora bələdçilik edəndə ikisi də quyuya düşər».
[email protected]