Muəllif:

Konyada ,Mövlana işığında. Rəssam Yusif Mirzə bizə yazır

Tanınmış Azərbaycan rəssamı, Yusif Mirzə, 23 sentyabr-5 oktyabr 2013 tarixinə qədər Türkiyədə yaradıcılıq səfərində olub. «1-ci Uluslararası Türk Kafkas Balkan Orta Asiya ve Arap Sanatçılar buluşmasında»- 1- ci beynəlxalq sənət simpoziumunda iştirak edib və uğur qazanıb. Bu simpoziumu, Türkiyənin və dünyanın ən məhşur və böyük universitetlərindən olan, Səlcuq Universiteti çox yüksək səviyyədə təşkil edib. Adlarını çəkdiyimiz regionların, 26 ölkəsindən 51 rəssam simpoziumun işində iştirak edib. 10 gün ərzində Univrsitetin Süleyman Dəmurəl Kültür Mərkəzində birlikdə çalışmış və elə həmin mərkəzdə, 4 oktyabr 2013 tarixdə böyük sərgi açmışlar. Sərgi, sənətsevərlər, tələbələr tərəfindən çox böyük maraqla qarşılanmışdır. Simpozium iştirakçılarının yüksək professionallıqla yaratdıqları əsərlər, tikilməkdə olan Səlcuq Universiteti Müasir Sənət Muzeyi üçün seçilmişdir. Simpozium iştirakçısı olmuş Rəssam Yusif Mirzə AYNAnın sorğusuna cavabında bildirir:
— 23 sentyabrda Konyaya gəldik Hava limanında bizi qarşladılar və Universitet Kampusundakı otelə götürdülər. Otel çox rahat, təmiz və gözəl idi. Ümumiyyətlə, hər şey çox gözəldi və yüksək təşkil olunmuşdu. Təşkilatçılığa heç bir irad ola bilməzdi. Səhərisi gün Universitet evində rəsmi açılış mərasimi oldu. Səlcuq Universitetinin Rektoru prof. dr. Hakkı Gökbel cənabları iştirakçıları salamladı və onlara uğurlar arzuladı. Cənab Rektor çox alicənab, olduqca mədəni və sənəti sevən, xoş bir insandır. Biz Kültür Mərkəzində işlədiyimiz müddətdə dönə-dönə ora baş çəkdi və daima işimizlə maraqlandı.
Konya çox qədim və gözəl şəhərdir. Şəhər indi çox sürətlə böyüyür və genişlənir. Konya Anadolunun göbəyində, Turkiyənin və regionun çox önəmli iqtisadi, ticarı, mədəni, elmi bir mərkəzinə çevrilmişdir. Amma Səlcuq imperiyasının paytaxtı kimi, Böyük filosof, şair, Şeyx Həzrəti Mövlana Cəlaləddin Ruminin yaşadığı şəhər və ziyarətgahı kimi, öz əski və qutsal ruhunu qoruyub saxlamaqdadır. Bildiyimiz kimi, Konya Böyük Səlcuqlar İmperiyasının paytaxtı olub. Şəhərin mərkəzində Səlcuq hökmdarlarının uyuduqları türbəni ziyarət etdim. Səlcuq Sultanları Ələddin Keyqubadın, Qılınc Arslanın və digərlərinin uyuduqları türbə, təpə üzərindəki camenin həyətində yerləşir.Bu tarixi yerləri ziyarət etmək, o ruhu duymaq son dərəcə maraqlıdır. Təsəvvür edin, dünyanın ən böyük imperiyalarından birinin paytaxtından daha çox, Konya, Böyük Movlananın şəhəri və ziyarətgahı kimi şöhrət tapmışdır. Movlana şəxsiyyətinə çox böyük sevgim və marağım var. Movlana fəlsəfəsi bir böyük insanlıq fəlsəfəsidir. Təsadüfi deyil ki, dünyanın ən müxtəlif yelərindən, ən müxtəlif dinə, irqə, millətə malik insanlar Movlana ziyarətinə gəlir Mövlana işığına toplaşırlar.
Sən kim olursan ol, gəl
Tövbəni min dəfə pozmuş olsan belə yenə gəl,
Dərgahımız ümidsizlik dərgahı deyil,
-deyən böyük Filosof yüzillərdir insanlara bu böyük çağırışını göndərməkdə və onları öz müqəddəs dərgahında qəbul etməkdədir. Bu ziyarətgah Konyanın mərkəzində, böyük bir camedədir. Movlana muzeyi — Yaşıl məqbərə kimi məşhurdur. Burada Movlana, onun övladları, muridləri uyumaqdadırlar. Camenin içərisinə keçərkən həyəcanmaya bilmirsən. Çox maraqlı duyğular, hisslər yaşadım. Gözlərim yaşardı. Ulu Movlana ruhunun mənim ziyarətimi qəbul etdiyi üçün Tanrıdan Ona rəhmət dilədim. Bu ziyarətin mənə qismət olduğu üçün çox çox xoşbəxt idim.
Konyada işləməmiz, çalışmamız həm də gəzib dolaşmamız üçün hər şey etmişdilər. Sonrakı gün Antalyaya yola düşdük. Toros dağlarının sərt gözəlliklərini seyr edə-edə, gəlib mənzil başına çatdıq. Belekdə, Sirene oteldə bir neçə gün yaxşıca dincəldik. Sonra yenidən Konyaya yola düşdük. Yolüstü Seydşəhər Bələdiyyə Başkanı Abdulqadir Çatın qonağı olduq.
Bizi çox böyük mehribanlıqla qonaq etdi. Konyaya dönərkən çox qədim, antik dövrün Roma teatrı Aspendosda da olduq. Olduqca maraqlı bir memarlıq abidəsidir. Bu böyük abidə bərpa olunur. Burada konsertlər, tamaşalar göstərilir.
Konyada Süleyman Dəmirəl Kültür mərkəzində çalışmalarımız bütün gücü ilə davam etdi. Çox maraqlı əsərlər yarandı. Mən 3 rəsm işlədim. Təşkilatçılar 2 rəsm istəmişdilər. Çalışdım ki, Azərbaycanı onun incəsənətini layiqincə təmsil edim. Kolleqalarım rəsmlərimi yüksək qiymətləndirdilər. Həmin rəsmlər Səlcuq universiteti Müasir sənət Muzeyində saxlanılacaq.
Səlcuq Univesitetində Gözəl sənətlər fakültəsində olduq. Fakültəylə tanış olduq. Müəllimlərlə, tələbələrlə görüşdük. Fakültənin böyüklüyü, genişliyi gözəlliyi səliqə-sahmanı məni valeh etdi. Tələbələrin suallarını cavablandırdıq. Çox maraqlı görüşlər oldu. Bütün bunların şübhəsiz bir rəssam və pedaqoq kimi şəxsən mənim üçün də müəyyən əhəmiyyəti vardır. Bu səfər, simpoziumda iştirakım, yeni insanlar, söhbətlər çox faydalıdır.
Simpoziumun kuratoru, dosent.dr. Orhan Cəbrayıloğlu yorulmaq nə olduğunu bilməyən, ən xırda istəyimizi, problemimizi dərhal həll etməyə çalışan bir təşkilatçıdır. Orhan çox maraqlı yaradıcılığa malik, özünəməxsus üslubu, yolu olan bir rəssamdır. Onun emalatxanasında olmaq, çox gözəl əsərlərini seyr etmək hamımızın ürəyincə oldu.
Kurator yardımçısı Belgin Alkın xanımın köməyi olmadan keçinə bilməzdik. Orhanla bərabər Belgin xanım bizim hamımıza köməyini əsirgəmirdi. Belgin xanımın elə Süleyman Dəmirəl Mərkəzində çox maraqlı bir sərgisi açılmışdı. Mən buradan Orhan Cəbrayıloğluna və Belgin xanım Alkına çox zəhmətlərimizi çəkdikləri üçün təşəkkürlərimi bildirmək istəyirəm.
Bu çox maraqlı bir səfər, çox faydalı bir simpozium oldu. Bu böyük sənət məclisinə məni dəvət etdiklərinə görə, Səlcuq Universiteti rəhbərliyinə və bu səfərin baş tutmasında mənə yardımçı olmuş Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri, cənab İsmayıl Alper Coşkuna öz səmimi minnətdarlığımı bildirirəm.
Türkiyəyə hər gəlişimdə qəlbim qürurla dolur.Özümü böyük bir xalqın, Ulusun ovladı, oğlu kimi hiss edirəm. Umidvaram ki , bu təssüratlarla yeni-yeni əsərlər işləyəcək, yeni sərgilərdə onları təqdim edəcəyəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 538