Muəllif:

Kompüter xəstəlikləri nədən qaynaqlanır?

Səhhətimizlə bağlı yaranan kiçik nüanslara bəzən dırnaqarası baxırıq. Əslində bizə xırda görünən bütün bu məsələlər gələcəkdə böyük problemlərin olacağına siqnallardır. Xüsusən də texnologiyaların, internetin sürətli inkişaf dövründə diqqət yetirməli olduğumuz bir çox məqamlar səhhətimizin sağlamlığı baxımından olduqca önəmlidir.
Azərbaycan Tibb Universitetinin müəllimi, nevroloq, tibb elmləri doktoru Rövşən Həsənov
kompüterdən istifadə zamanı vacib olan məqamlara diqqətsizliyin yarada biləcəyi fəsadlardan danıçarkən deyir ki, boyun fəqərələrinin yırtığı, tendinit, karpal tunnel sindromu və miofassial ağrı sindromu kimi xəstəliklər gündəlik həyatdakı bəsit hərəkətlərin belə edilməsinin qarşısını ala biləcək qədər ciddi ölçülərə çata bilir. Kompüterlərdən istifadə zamanı işlərin yerinə yetirilməsinin sürətinin artması özü iş sıxlığının artmasına gətirir. İşçilərin ekran qarşısında daha çox vaxt keçirmələri və buna bağlı fiziki aktivliyin aşağı olması, kompüterin həddən artıq və yanlış istifadəsi sağlamlıq problemlərinin artmasına səbəb olur.
Nevroloqun sözlərinə görə, kompüter istifadəçilərini təhdid edən xəstəliklər tibbə bəliidir. Onlardan birincisi, boyun yırtığıdır: «Boyundan başlayan və qola irradiasiya edən, xüsusilə güc itkisi və keylik ilə birlikdə inkişaf edən problem boyun yırtığına işarə edir. Xüsusilə, sabit mövqedə uzun müddət qalmaq boyun yırtığını tətikləyən faktorlardan sayılır. Miofassial ağrı sindromuna gəlincə, uzun müddət sabit vəziyyətdə işləmək məcburiyyətində olan şəxslərdə müəyyən əzələlərdə ağrılı nöqtələrə inkişaf edən miofassial ağrı sindromu meydana çıxa
bilər. Bu sindrom, ümumiyyətlə, kürək sümüyü ətrafındakı əzələ qruplarında ağrıya səbəb olur».
Tendinitə gəldikdə, həkim deyir ki, dirsək və bilək ətrafında fərqli tendinit növləri meydana çıxa bilər: «Şəxslərin klaviatura istifadə edərkən biləklərinin həddindən artıq yuxarıda olması və erqonomika qaydalarına uyğun hərəkət etməməsi nəticəsində əl və bilək ətrafında ağrılar meydana gəlir. Tendinit erkən müalicə edilmədiyi zaman davamlı ağrıya yol açaraq insanların gündəlik işlərini yerinə yetirməsini belə məhdudlaşdırır».
Karpal tunnel sindromundan da danışan Həsənov deyir ki, əl və biləyin həddindən artıq istifadəsi bu xəstəliklə nəticələnə bilər: «Bu xəstəliyin əsas simptomu əsasən gecə vaxtı nəzərə çarpan əllərdə olan keyimə şikayətidir. Xəstəlik uzun müddət davam etdikdə əl əzələlərində gücsüzlük və atrofiyalar meydana çıxa bilər».
Nevroloq sözügedən xəstəliklərə zəmin hazırlayan faktorlardan da söz açıb. Onun sözlərinə görə, kompüterdən istifadə ilə bağlı xəstəliklərə zəmin yaradan faktorlar individual, ətraf mühit və psixoloji faktorlar olaraq sıralanır. Məsələn, klaviaturanın düymələrinin qüvvətli basılması və ya kompüter «siçan»ının lazım olandan artıq güclə istifadəsini qeyd etmək olar».
Bəs kompüter qarşısında necə oturmaq lazımdır? Həkim deyir ki, hərəkətləri təmin edən onurğa beyni və sinirləri qoruyan onurğa sütunu gündəlik həyatımızdakı səhv istifadə ilə bağlı olaraq zərər görə bilər: «Onurğa sütunu sümük və sümüklərin arasındakı yumşaq toxumalardan ibarətdir. Bu quruluş lazım olan şəkildə güclü və fizioloji şəraitdə saxlanılmazsa, yaş artdıqca bir çox xəstəliyə yol aça bilər. Nə etməli? Kürək və bel nahiyəsini dəstəkləyən bir kreslodan istifadə edin və onu uyğun yüksəkliyə nizamlayın. Bundan əlavə, hər saatda ən az 10-15
dəqiqə ayağa qalxaraq onurğanı rahatlaşdıran idman hərəkətləri edin. Kompüterin ekranını birbaşa qarşınızda tutun. Bundan əlavə, ekran gövdənizdən təxminən qolunuz qədər uzaqda durmalıdır. Monitorun üstü göz xətti və ya bir az aşağıda olmalıdır».
Həsənovun sözlərinə görə, ekranın təmiz olması da diqqət edilməsi lazım olan faktordur:
«Klaviatura dirsəklərinizdən bir az aşağıda olsun. Klaviaturanın individual nizamlanmasına diqqət edin. Əl və biləklərinizi mümkün qədər düz mövqedə tutun, yəni əl, bilək və barmaqlarınız eyni xətdə olsun. Klaviatura dirsəklərdən bir az aşağıda olmalıdır. Klaviaturanın bu yüksəklikdə olmağı kürək və çiyin əzələlərinin boşalmasına imkan verir. Kompüter «siçan»ından yüngül istifadə edin, onun əlinizə uyğun ölçüdə olmasına diqqət edin. «Siçan»ı hərəkət etdirərkən bütün qolunuzu hərəkət etdirin və barmaqlarınızı yüngül işlədin».
Nevroloq kompüter «siçan»ından istifadə müddətinə diqqət edilməsini də vacib sayır:
«İstifadə müddəti ilə qol və ələ aid olan problemlər arasında əlaqə mövcuddur. Belə ki, istifadə müddəti artdıqca şikayətlərin faizi mütənasib olaraq artır. Ona görə də hər yarım saatdan bir fasilə verin. Bu zaman bəzi idman hərəkətləri tətbiq etməniz, uzun müddət sabit vəziyyətdə qalmaqla bağlı meydana gələn problemlərin qarşısını alacaq. Məsələn, çiyin geriyə çevrilə bilər və yaxud biləklərinizi və qollarınızı çevirib hərəkət etdirə bilərsiniz. Kompüter qarşısında işləyərkən qabağa əyilmədən oturun, başınızı taraz tutun və çiyinlərinizin yumşaq olmağına diqqət göstərin».
Kompüter arxasında oturma mövqeyi də tez-tez dəyişməlidir. Masanın altında ayaqlarınızın rahat hərəkət etməyi üçün sahə olmalıdır və ayaqlarınız yerə düz təmas etməlidir. Dizlərinizi 90 dərəcədə tutmağa diqqət göstərin. Ayaqlarınız yerə təmas etmirsə, dəstək qoymağı unutmayın. Stulunuz hər yönə hərəkət edə bilsin. Hər yönə hərəkət edə bilən, yüksəklik nizamına sahib olan, bel və kürək dəstəyi olan, eyni zamanda qolları dəstəkləyən stullara üstünlük verin. Erqonomik şərait yaradın. İşıqlandırma, ventilyasiya, masa, stul və ofis vəsaitlərinizi erqonomik prinsiplərə görə tənzimləyin. Bu tənzimləmə əsasən iş gücü itkisinin qabağını alacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 317