Kommunal xərclər: gəliri çox olan çox, az olan az ödəsin?
Ukrayna parlamentinə kommunal xidmət vergilərinin differensiallaşdırılmış şəkildə alınmasını nəzərdə tutan layihə təqdim edilib. Layihəyə əsasən, difensiallaşdırılmış kommunal vergi fərdi şəxslərin gəlirinə görə hesablanacaq. Yəni, gəliri çox olan çox, az olan isə az kommunal xərc çəkəcək. Belə bir qanun Azərbaycan üçün nə dərəcədə uyğundur. Baxmayaraq ki, ölkəmizdə hüquqi, fiziki və vəzifəli şəxslərin, rayon və şəhər qeydiyyatına görə fərqli vergilərin ödənməsi ilə yanaşı, bütün məlum imtiyazlı ailələr kommunal və digər xidməti ödəmələrdən müəyyən qədər azaddırlar.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, Azərbaycanda gəlir bəyannamələri olmadığından varlı–kasıb «xətti”ni cızmaq çətindir: «İkinci məsələ ondan ibarətdir ki, hər bir kəs istifadəsinə müvafiq pul ödəməlidir. Əgər kiminsə imkanı yoxdursa, həssas qrupa aiddirsə, bunlar da dövlət tərəfindən müəyyənləşməlidir. Bu sosial qruplara da dövlətin özü müəyyən güzəştlər edə bilər. Hazırda Azərbaycanda bu üsul tətbiq edilir. Məcburi köçkünlər, qaçqınlar ailə tərkibinə görə, müəyyən qədər pul ödəmirlər. Digər həssas ailələri də həmin qrupun tərkibə daxil edib, müəyyən qədər ödənişlərdən azad etmək olar. Amma bunun özünə də dərindən baxılmalıdır. Çünki, istər–istəməz bu azadolunmalar əhalinin digər təbəqəsinin kommunal xidmətlərinin ödənişlərinin artmasına gətirib çıxara bilər. Amma digər kateqoriyadan olan insanların kommunal xərclərinin artmaması şərti ilə müəyyən sosial təbəqələr üçün limitlərdə pulsuz xidmətlər göstərmək olar”.
Ekspert onu da əlavə etdi ki, kommunal ödəmələr göstərilən xidmətin qarşısında alınan puldur: «Bəzi ölkələrdə — Türkmənistanda, neft ilə zəngin olan ölkələrdə əhali müəyyən ödəmələrdən azad olunub. Amma kommunal ödəmələrin tamamilə ləğvi bu sahədə olan xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxa bilər. Ən başlıcası isə burada israfçılığa gətirib çıxaracaq. İndi hətta elə işıq lampaları var ki, insan yaxınlaşanda yanır. Bu da qənaətçiliyə gətirir. Bu gün iqtisadiyyatının tələbi də odur ki, mövcud resurslardan qənaətcil şəkildə istifadə olunmalıdır”.
Bir sıra ekspertlər də hesab edirlər ki, kommunal xidmətlərə görə ödəniləcək vergilərdən azadedilmə düzgün olmazdı. Çünki, onda uçot aparıla bilməyəcək. Uçotun aparıla bilməməsi büdcədə qeyri–şəffaflığa gətirib çıxaracaq. Bundan başqa, dövlət büdcəsindən də kommunal xidmətlərə görə xərcləmələr ayrılır. O zaman dövlət büdcəsindən həmin sahəyə subsidiya ayrılmalıdır. Ümumiyyətlə, dünya praktikasında hər hansı bir sahəyə subsidiyanın ayrılması həmin səhəyə nəzarətin praktik olaraq olmamasına səbəb olur. Çünki xərcləmələr artıq göstərilir. Bu isə korrupsiya halının artmasına səbəb ola bilər və ən əsası effektivlik azalır.