Kommunal tariflər və enerji daşıyıcılarının qiyməti artırılır?
Hökumətin büdcə təşkilatlarına kommunal xərclər və yanacaq-sürtkü materiallarının ödənilməsi üçün ödənişlərə dair xərclərini artırmaq planları düşünməyə əsas verir ki, 2014-cü ildə dövlət inhisarçılarının xidmət və mallarının tarifləri arta bilər. İqtisadçı-ekspert Rövşən Ağayev belə ehtimal edir. 2014-cü ildə büdcə təşkilatlarının kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 641 mln manat yönəldiləcək, bu da bu ilkindən 84,8% çoxdur (346,8 mln manat).
Ekspert hesab edir ki, bu heç bir halda bu təşkilatların həmin xidmətlərdən istifadəsinin artması ilə bağlı ola bilməz. Hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir, deyə ekspert ehtimal edir. Təkcə onu demək kifayətdir ki, 2014-cü ildə hökumət ƏDV-dən daxilolmaları 300 mln manatdan artıq səviyyədə planlaşdırır.
Büdcə təşkilatları tərəfindən yanacaq-sürtkü materialarının alınmasına hökumət 88,8 mln manat yönəltməyi planlaşdırır, bu da bu il olduğundan 39,5% çoxdur.
Ötən 2012-ci illə müqayisədə bu xərclər 55,1% artacaq. Elektrik enerjisi ödənişi xərcləri 25,5%, təbii qaz xərcləri 18,9%, su xərcləri 26,7%, istilik enerjisi xərcləri 20,3%, kanalizasiya xidməti xərcləri 67% artacaq. Telefon danışıqları, poçt və internet xidmətlərinin ödənişi xərcləri 13-32% səviyyəsində artırılması nəzərdə tutulub.
Rövşən Ağayev hesab edir ki, bu rəqəmlərin analizi yüksək baza inflyasiyasını proqnozlaşdırmağa əsas verir.
Hökumətin hesablamalarına görə, 2013-cü ildə Azərbaycanda inflyasiya səviyyəsi 3,3%, 2014-cü ildə 3,5% təşkil edəcək.
2014-cü ildə dövlət büdcəsinin gəlirləri (18 384 mln manat) bu ilkindən 4% az proqnozlaşdırılır, xərclər isə (20 mlrd manatdan artıq) 5,3% artacaq (Turan).