Kommunal sektora 6 milyard manat ayrılıbsa…
Artıq bir neçə gündür ölkədə kommunal xidmətlərə görə, tariflərin bahalaşacağı barədə xəbərlər dolaşmaqdadır. Məlumatlara görə, yaxın vaxtlarda elektrik enerjisinin, mavi qazın, suyun, yanacağın qiymətində artım baş verəcək. Hökumətin yeni qiymət artımına hazırlaşdığını parlamentin müzakirəsinə çıxarılacaq 2014-cü ilin büdcə layihəsindən də görmək mümkündür. Hökumətin büdcə təşkilatlarına kommunal xərclərin ödənməsi və yanacaq materiallarının alınması üçün xərcləri artırmaq planları 2014-cü ildə bu xidmətlərə görə tariflərin arta biləcəyindən xəbər verir. Dövlət büdcəsindən kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 2013-cü illə müqayisədə təxminən 84,8 faiz çox vəsait ayrılacaq. Rəqəmlərin analizi yüksək baza inflyasiyasını proqnozlaşdırmağa əsas verir.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə, hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir. Çünki bu qədər kəskin artımın büdcə təşkilatlarının kommunal xidmətlər üzrə istehlakının genişlənməsilə bağlı olması mümkünsüzdür:”Bu xərclər ya istehlak çoxaldıqda, ya da həmin xidmətlər üzrə tariflər bahalaşanda artırılır. Büdcə təşkilatlarının birdən-birə istehlakı bu qədər artıracağı mümkün görünmür. Bu isə enerji daşıyıcılarının və digər kommunal xidmətlərin tariflərinin bahalaşacağını deməyə əsas verir”.
Ağayev hesab edir ki, məmurların korrupsiya maraqları kommunal sektorun uzunmüddətli konssesiya əsasında peşəkar və nüfuzlu beynəlxalq şirkətlərin idarəçiliyi altına keçməsinə imkan vermir. Enerji paylaşdırıcı, qazpaylaşdırıcı şəbəkələrin və iri şəhərlərin içməli su təsərrüfatının 45-50 illik konssesiya müqavilələri əsasında belə şirkətlərin idarəçiliyi altında çalışması nəticəsində dövlət büdcəsindən milyardlarla manat pulu havaya sovurmağa ehtiyac qalmayacaqdı. O statistikanı açıqlayır: Beləliklə, 2007-2013-cü illərdə təkcə dövlət büdcəsi hesabına:içməli su təsərrüfatına («Azərsu»ya) 2,950 milyard manat (Bakı-Oğuz layihəsinə Neft Fondundan ayrılan vəsaitlər və Dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində xərclənən pullar birlikdə), elektrik təsərrüfatına («Azərenerji» və «Bakıelektrikşəbəkə»yə) 1,730 milyard manat, qaz təsərrüfatına (ARDNŞ-ə) 530 milyon manat xərclənib.
Ümumillikdə bu 3 sektora hökumətin büdcəsindən 5,2 milyard manat, beynəlxalq kreditləri nəzərə almaqla azı 6 milyarda manat vəsait xərclənib.
“Bu qədər əvəzsiz maliyyə yardımları müqabilində maliyyə naziri yenə də çıxıb deyir ki, adıçəkilən şirkətlər təsərrüfat hesablı müəssisələrdi, əmək haqlarını artırmaq üçün tarifləri qaldırmağa ehtiyac var. Təsərrüfat hesablı müəssisəyə niyə milyardlarla manat əvəzsiz maliyyə yardımları edilməlidi? Eyni yardımı «Barmek»ə niyə etmirdiniz? Yaxud sabah «Simens» gəlib elektrik təsərrüfatını idarəetməyə götürsə, ona büdcədən milyardlar verəcəksinizmi?
Hazırda «Azərsu»nun aldığı bahalı minik avtomobillərinin sayı-hesabı yoxdu. Həmin maşınları alanda, ofisində bahalı təmir aparanda işçilərin maaşı barədə də düşünmək lazımdı.
Məncə, hökumətə ictimai qınaq və təzyiq məhz kommunal sektorun dövlətsizləşdirilməsilə ilə bağlı olmalıdı. Əgər bu baş verməsə, hökumət bir tərəfdən büdcəni onların cibinə boşaldacaq, bir tərəfdən də dövri olaraq tarifləri artırmaqla bizim cibimizi boşaldacaq.”
Bu açıqlamanın ardınca MM sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli də mətbuata açıqlamasında gələn ilin büdcə layihəsində kommunal və kommunikasiya sektoru üzrə xərclərin artırılmasının proqnozlaşdırıldığını təsdiqləyib. Millət vəkili xərclərin artılmasının tariflərə təsir göstərəcəyini də deyib.
Bahalaşmanın olacağını dolayısı ilə maliyyə naziri Samir Şərifov da təsdiqləyib. O, 2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman deyib ki, kommunal xidmət tariflərinin artması təbiidir. Onun sözlərinə görə, artım təşəbbüskarları «Azərenerji», «Azərsu» və «Azəriqaz»dır. «Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əmək haqqı və başqa artım üçün tariflər dəyişməlidir», — deyə maliyyə naziri bildirib. S.Şərifov qiymətlərin artımının onun rəhbərlik etdiyi strukturun səlahiyyətinə daxil olmadığını, məsələyə Tarif Şurasının qərar verdiyini xatırladıb.
Bəs görəsən, Tarif Şurasına hər hansı bir struktur belə bir müraciət edibmi?
Iqtisadiyyat və sənaye nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev kommunal xidmətlərin və enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasında hər hansı məsələ müzakirə olunmadığını bildirdi. Nazirlik sözçüsü ümumiyyətlə belə bir məsələnin gündəlikdə olmadığını da qeyd etdi.
«Azərsu»ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurum suyun qiymətinin artırılması barədə Tarif Şurasına müraciət etməyib. A. Cəbrayıllı mətbuata açıqlamasında bildiib ki, suyun tarifinin maya dəyərinnə uyğun olub-olmaması ilə bağlı mütəmadi araşdırmalar, təhlillər aparılır: «Amma bizim qurum suyun tarifinin artırılması barədə Tarif Şurasına hər hansı təkliflə müraciət etməyib».
«Azərenerji»-dən də bildirdilər ki, qurumdan Tarif Şurasına qiymətəlrin artırılması ilə bağlı müraciət göndərilməyib.
«Azəriqaz» mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, mavi yanacağın qiymətində artım olacağı barədə onlarda məlumat yoxdur: «Hələki qazın 1 kub metrinin qiyməti 10 qəpikdir. Biz bu qiymətdə dəyişiklik üçün Tarif Şurasına təkliflə müraciət etməmişik. Ona görə də, yaxın vaxtlarda digər kommunal xidmətlərlə yanaşı qazın bahalaşacağı ilə bağlı yayılan xəbərlər doğru deyil».
Buna baxmayaraq, ekspert İlham Şaban deyir ki, Tarif Şurası adlı qurum mənasız bir qurumdur, onun açıqlaması heç kimə gərək deyil. Təcrübə belədir ki, bahalaşmaya 1-2 gun əvvəl şuraya müraciət daxil olur və qərar qəbul olunur…