Kollec direktorunun rüşvət dəstəsinin işinə məhkəmədə baxılacaq
Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda təqsirləndirilən direktoru və digər 3 əməkdaşı barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, təqsirləndirilən şəxslər artıq cinayət işinin materialları ilə tanış olublar. Yaxın vaxtlarda cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
O da bəlli olub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Proses texnikanın imkanlarından yararlanmaqla, mötəbər sübutlar yaradılaraq aparılıb.

