“Köç” filmi Neapol festivalında əsas mükafatı qazanıb
Rusiyada yaşayan soydaşımız, rejissor və prodüser Rodion İsmailovun “Köç” filmi Neapolda VI «Faito doc Festival» beynəlxalq sənədli filmlər festivalında əsas mükafatı qazanıb. “Köç” filmi Azərbaycan və onun qədim ənənələrini özündə əks etdirir. Ekran əsərində Azərbaycanda bütün ömrü boyu heyvandarlıqla məşğul olan, yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən insanların çətin və maraqlı taleyi göstərilir. 2010-cu ildə Azərbaycanın «DS film» studiyasında istehsal olunan filmin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.
30-dan çox ölkədən rejissorların iştirak etdiyi VI «Faito doc Festival” festivalın əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardım göstərmək, eləcə də Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdirilib.