Muəllif:

Kiyev: Durum getdikcə mürəkkəb şəkil alır

Kiyevin Müstəqillik Meydanında keçirilən müddətsiz etiraz aksiyasının iştirakçıları bu gün səhər tezdən yenidən Nazirlər Kabinetinin binası qarşısında piketə başlayıblar. İnterfaks-Ukraina agentliyinə istinadənə, təxminən 200 mitinqçi Qruşevski küçəsində yerləşən hökumət binasının girişini nəzarətə götürüb. Onlar baş nazir Nikolay Azarovun istefasını tələb edirlər. Binanın digər girişini isə hüquq-mühafizə orqanları əməkdaşları nəzarətə götürüb. Bu gün Nazirlər Kabinetinin iclası nəzərdə tutulur.

Fəallar Bankovaya küçəsində yerləşən prezident administrasiyasının girişlərini də nəzarətdə saxlamağa davam edir. Müstəqillik meydanında isə fəalların xalq özünümüdafiə dəstələrinə yazılması davam edir. Artıq 2 min 800 nəfər bu dəstələrə üzv yazılıb. Onlar yüz-yüz ayrılaraq “Berkut” xüsusi təyinatlılarının mümkün hücumuna qarşı hazırlıq keçirlər. Etirazçıların böyük hissəsi yaxınlıqdakı Kiyev meriyasının, Həmkarlar Evinin, Oktyabr Sarayının binalarında, eləcə də meydandakı çadırlarda qalmağa davam edir.

Hakim Regionlar Partiyası müxalifəti güc tətbiq etməklə hakimiyyəti ələ keçirməyə cəhd etməkdə ittiham edir. RİA Novosti-yə istinadən, bu barədə Regionlar Partiyasının ötən gün yaydığı bəyanatında deyilir.
“Son bir neçə günün dramatik hadisələri müxalif siyasi qüvvələrin hakimiyyəti ələ keçirməyə yönəlmiş cinayətkar niyyətlərini, güc ssenarisinin fəal mərhələsinə başlamağa hazır olduqlarını aydın nümayiş etdirib. Müxalifət liderlərinin birbaşa göstərişi ilə ölkədə dövlət çevrilişi cəhdinə istiqamətləndirilmiş hərəkətlər addım-addım, məqsədyönlü şəkildə həyata keçirilir”, deyə partiyanın bəyanatında bildirilir.

Regionlar Partiyası bəyanatda həmçinin prezident Viktor Yanukoviçə tam dəstəklədiyini bildirib.
Bundan başqa, partiya Baş Prokurorluqdan inzibati binaların ələ keçirilməsinə, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin hərəkətlərinə hüquqi qiymət verməsini tələb edib. Regionlar Partiyası həmçinin etirazçılar tərəfindən bloklanmış hakimiyyət orqanlarının fəaliyyətini təmin etmək məqsədi ilə tərəfdarlarını səfərbər etdiyini elan edib

Bu arada Krımda yerləşən Ukrayna DİN daxili qoşunları paytaxt Kiyevə ezam olunub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, “1+1” telekanalının məlumatına əsasən bu barədə daxili qoşunlar komandanlığının Krim idarəsinin rəhbəri Nikolay Balan bəyan edib.

“Xüsusi təyinat dəstəsi, Simferopold yerləşən hərbi hissə və Krasnokamenka qəsəbəsindəki hərbi hissənin – bu üç hərbi birləşmənin əsgərləri ezam olunub”, deyə Balan bildirib. Bununla belə, o Kiyevə ezam olunmuş hərbçilərin sayını açıqlamayıb. Balan qeyd edib ki, qoşunlara kütləvi aksiyalar zamanı ictimai asayişin qorunması barədə əmr verilib.

Daxili qoşunların baş idarəsində qeyd ediblər ki, “Milis haqqında”, xüsusi ilə, “Daxili qoşunlar haqqında” qanunların pozuntusuna yol verilməyib. “Daxili qoşunlar mitinqlərin dağıdılmasında iştirak etmir, onlar yalnız “canlı sədd”lərin qurulmasına cəlb olunur. Bizim bu günə olan vəzifəmiz – hakimiyyət orqanlarının fəaliyyətini bərpa etmək və ictimai asayişi qorumaqır”, deyə Ukrayna DİN daxili qoşunların hüquq idarəsinin rəisi Dmitri Şetinin bildirib.

Kiyevdən gələn xəbərlərə görə, Ukrayna Brüssel və Moskvaya danışıqların aparılması üçün heyət göndərir. Ukrayna heyəti avrointeqrasiya məsələləri ilə bağlı danışıqların aparılması üçün dekabrın 4-də Brüsselə yola düşəcək, digər heyət isə Moskvaya yollanacaq. RİA Novosti-yə istinadən, bu barədə ötən gün Ukraynanın baş naziri Nikolay Azarov bildirib.

“Sabah heyətimiz Brüsselə yola düşəcək və biz Ukrayna üçün əlverişli şərtlər əsasında Avropaya inteqrasiya haqqında razılaşmanın imzalanması üçün danışıqları davam edəcəyik… Bununla yanaşı sabah digər heyətimiz Moskvaya yola düşəcək — biz Rusiya Federasiyası ilə strateji tərəfdaşlığımızı möhkəmləndirmək niyyətindəyik”, deyə Azarov “STB” telekanalına müsahibəsində qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 226