Muəllif:

Kirovun heykəli

Ötən əsrin 80-ci illərində Bakıdakı təzə bəylə gəlinlər Moskvadakı evlənənlərə baxıb toyqabağı şəhərdəki abidələrin qarşısına gedib ora gül qoyar, şəkil çəkdirərdilər — bir növ ənənələri qoruyacaqlarına və bir-birlərini ülvi məhəbbətlə sevəcəklərinə and içərdilər. Moskvadakılar adətən «Naməlum əsgər» abidəsinin önünə gedər, həmişəyanar məşəlin qarşısına gül çələngi qoyardılar. Bizimkilər də geri qalmaq istəmirdilər. Amma…
Kimdənsə geri qalmamaq hissi əslində heç də pis bir şey deyil, hətta təqdirə layiqdir, lakin biz çox hallarda olduğu kimi yenə də əcaib bir şey edirdik. O vaxtlar şəhərdə əbədi məşəlli yeganə bir abidə kompleksi vardı — indiki «Sahil», o vaxtkı 26 Bakı komissarı bağında komissarların məzarüstü abidəsi. Bakı komissarları olsalar da, aralarında türkdən başqa nə millət desən vardı. Yəni Məşədi Əzizbəyov da onların arasında itib-batmışdı. Deyə bilərsiniz ki, o, tək deyildi, Vəzirov soyadlı biri də vardı. Olsun, amma bu, məsələni dəyişmir. Bir sözlə, biz cavanlar o zaman bunda bir qəbahət görmürdük, çünki erməniyə də, rusa da, gürcüyə də və daha nə bilim kimlərə də özümüzünkü kimi baxırdıq…
Sonradan Kirovun üstünə də həvəslə gül-çiçək qoyurduq, düşünürdük ki, bununla onların xatirəsini anmış, ruhlarını şad etmiş oluruq. Nə isə, abidə önünə toyqabağı gül qoymamaq ayıb sayılırdı.
Bu minvalla növbə mənə də gəlib çatdı, amma nə komissarların üstünə gedəsiydim, nə də Kirovun. Kirovun üstünə heç gedəsi deyildim, çünki atamın hələ məktəbli olduğumda dediyi bir söz yadımdaydı. Axşamüstü çox yaxın bir dostum və sinif yoldaşımla birgə bulvara hava almağa gedən atama qoşulmuşduq. Ordan-burdan söhbət edərək üzü Dağüstü parka doğru gedirdik. Atama belə məqamlarda heç sual-filan verməzdim, bilirdim ki, fikrini yayındırır, dincəlir. Bir də ki, mən ona istədiyim zaman sual verə bilərdim. Dostumsa atasız böyüdüyündən həmişə atama suallar verər, məsləhətlərini diqqətlə dinləyərdi. Hətta mənə öz bildiyimi edəndə axmaq olduğumu da deyərdi. O, bu dəfə də kişiyə millətdən, dünənimiz və bu günümüzdən o qədər sual verdi ki, atam ondan heç gözləmədiyim halda, Kirovun heykəlini ümidsiz halda göstərib dedi ki, «bala, işlər o zaman düzələcək ki, başımızın üstünə çıxarılan bu alçağın heykəlinin boğazına ipi salıb yerə sərəcəyik. Mən o günü çətin görəm. Heç sizin də görəcəyinizə inanmıram. Bəlkə uşaqlarınızın bəxti gətirə»…
Ona görə də toyqabağı gəlib kişidən soruşdum ki, indi nə edim, hamı məni ya əbədi məşəl tərəfə sürüyəcək, ya da Dağüstü parka. Belə bir gündə «yox» deyib qonaqlarımı incitmək də istəmirəm. Ciddiləşib təəccüblə üzümə baxdı, sonra da «Leyli və Məcnun»dan xəbərim olub-olmadığını soruşdu. Dedi ki, bunu etməli olduğuna əminsənsə, Nizamiylə Füzulinin heykəlləri dura-dura niyə dağa-daşa düşürsən. Beləliklə, maşın karvanını böyük Füzulinin heykəlinin qarşısından ötməklə Nizaminin abidəsi üstünə sürdürtdüm və öz aləmimdə özümdən xeyli razı qaldım. Çünki xeyir-duanı Şeyx Nizaminin özündən almışdım.
Kirov söhbətinin üstündən iyirmi ildən də çox keçmişdi, 20 yanvarı da yaşamışdıq və hələ nələrlə də üzləşəcəkdik. Yenə də həmin dostumla iki tərəfdən atamın qoluna girib hava almağa çıxmışdıq. Artıq böyümüşdük, dostumsa Qarabağ cəbhəsindən bir neçə günlüyə gəlmişdi. Yenə üzü o tərəfə gedirdik, amma bu dəfə üzü şəhidlərə doğru. Kirov daha əlini dağdan gözümüzə soxmurdu. Birdən dostum iyirmi il əvvəlki söhbəti yada saldı və gülümsünüb dedi ki, «İsmayıl əmi, bəs deyirdiniz o alçağın aşırılmasını görməyəcəksiniz». Atam cavabında:»Bunun nə vaxtsa baş verəcəyinə əmindim, amma bu tezliklə olacağını heç təsəvvürümə də gətirmirdim»,- deyib əlavə etdi:»Amma işlər təkcə bununla düzəlmirmiş»…
İndi Bakıda nə Kirovun heykəli var, nə də Leninin, heç komissarların toplum məzarı da qalmayıb. Fioletov, Şaumyan, Caparidze, Əzizbəyovun da heykəlləri götürülüb. Ümumiyyətlə, bolşevik heykəlləri yoxdur. Deyəsən, bu heykəlləri götürüb işimizi bitmiş hesab etmişik… Tez deyilmi?
Bu günlərdə oxudum ki, keçmiş rusiyalı milyarder, indi isə Qərb dünyasının vicdan məhbusu saydığı Mixail Xodorkovskiyə oğlu Pavel böyük çətinliklə içixəzli, lakin üstü digər məhbuslarınkından seçilməyən sadə, qara rəngli əlcək tapmaqda nə qədər çətinlik çəkib. Məhbusların əyin-başı yalnız qara rəngdə olmalıdır, çünki Rusiya qara rəngdən başqasını tanımaq istəmir.
Allah balalarımızı qara əlcək axtarmaq məcburiyyətində qoymasın!
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1051