Muəllif:

Kimin xalqı dözümlüdür?

…Bu XXI əsr başlayandan daha nələr görmədim — onca dəqiqəliyə 1000 dollar istəyən və əvəzində 1100 dollar vəd edən dilənçi… Səndən ayrılandan 10 dəqiqə sonra ölən sap-sağlam dost… Savaş veteranını barmağına dolayıb saniyədə 10 tənə vuran sütül general… Günün-günorta çağında yağmalanan, çapılıb-talanan və talandıqca əyilən-əzilən-sürünən xalq… Və 10-15-dərəcə şaxtada da vızıldayıb-dızıldayan və sancıb-qaşındıran ağcaqanad, yəni (özünüz yazın)…
…Yatağa daş kimi düşüb elə eyni yuxunu görürəm. Görürəm ki, yetkinləşmək yerinə kallaşıram. Alça olsam dərd yarı, balaca, bapbalaca və gömgöy… daşa çevrilib tullanır və dəyirəm yep-yekə daşlara. Sonra da «taqq» eləyib yerə, «lıxq» eləyib quyuya düşürəm… Mənasız-mənasız. Məntiqsiz-məntiqsiz. Çarəsiz-çarəsiz. Mağmın-mağmın…
Quyu?
…Çox dərin quyudur. Bir adam, min adam deyil, olur ki, bütün xalq düşür o quyuya. Və… «aman» deyib xoflanmır, elə «ox-xayyy!» deyib ləzzət alır…
…Mətləbə keçim. Bu yazar tayfasının qəribə şakəri var. Demirəm axına qarşı üzür. Axına qarşı üzməyən yazar sayılmaz, axı. Qəribə şakər odur ki, olur ki, ucalıb-qocalıb-unudulan yazar, durub-dururkən, durur üzü küləyə və… tü-pü-rür!..
…Düzdür, Əkrəm Əylisli ucalmağına ucalıb, amma-ancaq-fəqət və lakin hələ o qədər nə qocalıb, nə də unudulub. Yaxşı, bu nə hoqqaydı, canım? Professorlar təzə-təzə «tolerantlıq» sözünü höccələyir, dosentlər «demokratiya» sözünü hecalayır, parlamanlar dözümlü-dözümlü qıcanıb bir eks-rektorun və eks hüquq doktorunun videolarını fırıldadırdı ki, «Daş yuxular» çıxdı ortaya…
…Ay səni, Əylisli qardaş, yetdin muradına? O biri ilin 11-ci ayında çıxan jurnaldan bu biri ilin 2-ci ayına bomba atdın da, no-oldu? İndi de görüm, hansı millət «çaça»dı, hansı «pıxı»… Məzən olsun!.. Yəni Marks babadan bilmirdin ki, nə millətin, nə zillətin, nə də övrətin yaxşısı-pisi olmaz — hamısı bir bezin qırağıdı?!
…Amma-ancaq-fəqət və lakin hərdən deyirəm ki, bəlkə «Daş yuxular»ı NBM bildi, Əkrəm müəllim. NBM, yəni neft-boy maddəsi. Verirsən bu maddəni məmə əməndən pəpə yeyənə, yəni akademiklərə. Və sadəcə, yoxlayırsan kim tolerant, kim də no-tolerant. İndi no-oldu, qardaş? Kimmiş tolerant? Və kimlərmiş no-tolerant?
Saksafonçu Atzmon?
İngiltərədə Gilad Atzmon adlı yəhudi saksafonçu yaşayır. İsrail dövlətini 3-cü Reyxə bənzədir bu sənətçi. Sionistlərin Fələstini işğal edib, sakinlərinə qaçqın həyatı yaşatmasından yazır-danışır. Susmur, tənələrdən qorxmur. Özəlliklə soydaş tənəsindən. Hərdən öz-özümə deyirəm: bizim Əkrəm müəllim yəhudilərin Atzmonuna bənzəyir? Və hələ bu bir yana, çəkinə-çəkinə sağa-sola baxıb, elə özümdəncə soruşuram:de görüm, Atzmanın xalqından çıxan akademiklər tolerantdır, yoxsa Əylislinin?
…Qardaş, sizdən ki, soruşmuram. Niyə gözünüzü bərəldirsiniz?

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 278