Muəllif:

Kim tapar: bu yazı neçənci ildə, hansı seçkilərdən sonra yazılıb? 2003, 2005, 2008, 2010, yoxsa 2013?

Söz vaxtına çəkər: təxminən bir il əvvəl elə bu vaxtlar adı inqilab rejissorlarından biri kimi çəkilən məşhur filantrop-maliyyəçi Soros dedi ki, Azərbaycan tipli ölkələrdə seçki keçirmək işin xeyrindən çox, ziyanınadır. Hər seçkidən sonra hakimiyyət daha zorlu, müxalifət daha zəif, insanlar daha bədbin olur.
Son günlərdə ən çox eşitdiyim söz «bədbinlik»dir. Hətta dünən səhər köməkçimdən eşitdim ki, marşrut avtobusunda da hamı bu barədə danışır. «Yanımda oturan yaşlı bir qadın ah çəkib dedi ki, bir az pulumuz ola, rədd olub gedək bu məmləkətdən, canımız qurtara biabırçılıqlardan».
Azərbaycan balaca ölkədir, hamı və hər şey göz önündədir. İtlərinin məktəbinə ayda 700 dollar verən nazir də, adını çörək dükanında nisyə dəftərinə yazdıran müəllim də; ad günündə düz bir saat sürən atəşfəşanlığa 100 min dollar xərcləyən varlı məmur da, ayda bir dəfə evində ət qazanı asan kasıb rəiyyət də; səsləri qutusu ilə birgə oğurlayan seçki görəvlisi də, gözü görə-görə səsi oğurlandığından özünü alçaldılmış hesab edən seçici də. Bu biabırçılıqlardan necə qurtarmağın yolunu mən dəqiq bilmirəm. Amma bir şeyi bilirəm ki, əgər qurtarmaq istəyiriksə, əl-qolumuzu yanımıza salan bədbinlikdən xilas olmalıyıq.
Bu gün Amerikaya demokratiyanın və azadlığın qalası kimi baxırıq. Okeanın o tayından gələn səslərə qulaq kəsilirik, səslərimiz oğurlananda, bu işi belə qoymazlar, «dəvədən böyük fil də var» deyirik. Fil Amerikanın dolları, hətta prezidenti də deyil, fil — onun xalqıdır. Çoxları heç təsəvvür də edə bilməz ki, cəmi yarım əsr əvvəl bu xalq, onun böyük bir qismi azadlıq, ədalət həsrəti ilə çırpınır, sadəcə, seçkidə səsvermə hüququ qazanmaq üçün mübarizə aparırdı…
…1963-cü il avqustun 28-də Vaşinqtonda, Linkolnun memorialı qarşısında «iş və azadlıq» tələb edən 250000 ağ-qara dərili adam toplaşmışdı. Çıxışa yazılanlardan hər birinə 15 dəqiqə vaxt ayrılmışdı. Onların arasında 34 yaşlı doktor Martin Lüter Kinq də vardı. Kinq qısa çıxışını bitirib tribunadan düşməyə hazırlaşanda, müğənni Maxaliya Cəkson onu saxladı: «Onlara öz arzun haqqında danış, Martin. Onlara arzundan danış». Və o zaman Kinq Amerikanın insan hüquqları tarixində salnamə açmış nitqini söylədi. O, azad və demokratik ölkəyə çevrilməli olan Amerikada mövqeyindən, vəzifəsindən, rəngindən, yaşından asılı olmayaraq bütün insanların arzusundan danışdı:
«… Nə qədər ki, addım ata bilirik, and içməliyik ki, irəliyə gedəcəyik. Biz geriyə dönə bilmərik. Elələri var ki, vətəndaş hüquqları uğrunda mübarizə aparanlardan «Axı siz nə zaman sakitləşəcəksiniz?» deyə soruşur. Nə qədər ki, qaralar təsvir edilməsi mümkün olmayan zorakılıqların qurbanı olurlar, biz sakitləşməyəcəyik… Nə qədər ki, qara ailənin bir yerdən başqa yerə köçməsi kiçik gettodan böyük gettoya köçməkdən başqa şey demək deyil, biz sakitləşməyəcəyik. Nə qədər ki, Missisipidəki qara səs verə bilmir, Nyu-Yorkdakı qara isə onun səs verməsinin heç bir əhəmiyyəti olmadığını görür, biz sakitləşməyəcəyik. Yox, nə qədər ki, ədalət və xeyirxahlığın güclü seli qarşısındakı maneələri yuyub aparmayıb, biz sakitləşə bilmərik.
Sizin çoxlarınızın hansı əzablardan və məşəqqətlərdən keçərək buraya gəlib çıxdığınızı mən unutmuram. Sizlərdən bəziləri qaranlıq həbsxana kameralarından yenicə qurtulmusunuz; başqalarınız azadlıq istəyinizə görə yaşadığınız yerlərdə təqiblər və polis qəddarlığı ilə üzləşmisiniz… Bütün əzab və əziyyətlərinizin bəhrəsini görəcəyinizə inamla öz işinizi davam etdirin.
Missisipiyə qayıdın, Alabamaya qayıdın, Cənubi Karolinaya, Corciyaya və Luizianaya qayıdın, qayıdın şimal şəhərlərinin xarabalıq və gettolarına, amma bilin ki, indiki vəziyyətiniz dəyişə bilər və dəyişməlidir. Və qoy biz bir də heç zaman bədbinlik girdabına yuvarlanmayaq.
Bu gün mən sizə, dostlarım, demək istəyirəm ki, bütün əziyyətlərə və çətinliklərə baxmayaraq, mənim hələ də ürəyimdə arzum var və bu, bütün Amerikanın arzusunun bir parçasıdır.
Mən arzu edirəm ki, gözəl günlərdən birində bizim ölkəmiz ucalsın və biz «Allah bütün insanları bərabər yaradıb» deyən qayəmizə uyğun şəraitdə yaşayaq.
Mən arzu edirəm ki, gözəl günlərdən birində Corciyanın qırmızı təpələrində keçmiş qullarla keçmiş qul sahiblərinin balaları qardaşlıq masası arxasında yanaşı əyləşsinlər.
Mən arzu edirəm ki, gözəl günlərdən birində hətta təqiblərdən və ədalətsizliklərdən halsızlaşmış Missisipi də azadlıq və ədalət vadisinə çevrilsin.
Mən arzu edirəm ki, gözəl günlərdən birində mənim dörd balaca övladım elə bir ölkədə yaşasın ki, orada insanlara dərisinin rənginə görə yox, mənəviyyatına görə qiymət verilsin.
Mənim arzum var…
Bizim ümidimiz bundadır. Və bu inamla mən Cənuba qayıdıram. Bu inamla biz bədbinlik dağından ümid qayasına doğru özümüzə yol aça bilərik. Bu inam bizə milli varlığımızdakı kəskin dissonansı gözəl qardaşlıq simfoniyasına çevirməyə kömək edəcək. Bu inam bizə birlikdə işləməyə, birlikdə dua etməyə, birlikdə mübarizə aparmağa,.. azadlığımızı birlikdə qorumağa imkan verəcək, çünki biz biləcəyik ki, azadlıq günümüz gələcək. Və bu elə bir gün olacaq ki, dünyamızın bütün uşaqları tanınmış mahnının sözlərini yeni məna ilə səsləndirəcəklər: «Bu, mənim ölkəmdir, şirin azadlıq torpağı, mən səni tərənnüm edirəm. Mənim atalarımın dəfn edildiyi torpaq… qoy burada hər dağın zirvəsindən azadlıq cingiltisi gəlsin». Və əgər Amerika böyük ölkə olmaq istəyirsə, bu arzu gerçəkliyə çevrilməlidir…
Bu, baş verəndə, azadlığın cingiltisi hər kənddə, hər şəhərdə, hər bir ştatda eşidiləndə, biz dünyamızın bütün uşaqlarının — qaraların və ağların, yəhudilərin və bütpərəstlərin, protestantların və katoliklərin — əl-ələ verib qədim himni birgə oxuduqları günün gəlişini tezləşdirəcəyik:
«Azadıq, nəhayət. Azadıq, nəhayət. Şükür sənə, qadir Allah, Biz, nəhayət, azadıq!».
Bədbin olmayın. Köçməyə də tələsməyin.
Ötən seçkilərdən birində ATƏT-in müşahidə missiyasının rəhbəri Piter Aykerin mətbuat konfransındakı son sözlərini dönə-dönə xatırlayıram: «Azərbaycan xalqı da digər qabaqcıl Avropa xalqları kimi əsl demokratiyaya layiqdir. Amma başqa xalqlar azadlıqlarına qovuşmaq üçün sizdən bir qədər artıq iş görüblər». İşləmək, çalışmaq lazımdır. İnamla və vicdanla. Partiyalı-bitərəfli, qocalı-cavanlı, qadınlı-kişili… Az qalmışdı əlavə edim: ağlı-qaralı.
Dəvədən böyük fil, doğrudan da, var!
Bu sözləri sizinlə bərabər, özümə də deyirəm.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 393