Kiçik və orta sahibkarlıq: dünya harda, biz harda…
Kiçik və orta sahibkarlığın (KOS) ölkə iqtisadiyyatında rolundan çox danışılır. KOS-ın ümumiyyətlə bütün ölkələrin iqtisadiyyatında rolu çox önəmlidir. İnkişaf etmiş ölkələrdə bu özünü daha qabarıq göstərir. Məsələn ABŞ, Yaponiya, İngiltərə, Almaniya, Polşa, Macarıstan kimi ölkələrdə KOS əhalinin məşğulluğunda və ölkələrin ÜDM-ində payı 50%-dən çoxdur. Türkiyə Statistika İnstitutunun hesablamalarına görə, ölkənin istehsal sektorunda kiçik və orta müəssisələrin sayı 3 milyondan çoxdur və bu ümumi müəssisələrin 98,0 – 99,0% təşkil edir. Yaponiyada məşğul əhalinin 75%-dən çoxu KOS subyektlərində çalışır.
Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin rəhbəri İlkin Qarayev AYNAya müsahibsində dedi ki, bu qeyd edilən ölkələrin əksəriyyəti dünyanın bir çox tanınmış brendlərinin vətəni sayılmaqla bərabər, dünyada elmi-texniki tərəqqinin lokomotivləri hesab edilirlər. Bir çox mütəxəssislər deyirlər ki, əgər iri şirkətlər ölkədə elmi-texniki tərəqqinin və istehsal potensialının səviyyəsini müəyyən edirlərsə, KOS ölkədəki iş həyatının ən kütləvi forması kimi ölkənin sosial iqtisadi stabilliyini və inkişafını təmin edirlər. Amma o qeyd edir ki, Azərbaycanda KOS-ın ölkə iqtisadiyyatında rolu son illər artmasına baxmayaraq, hələ də arzu olunan səviyyəsindən çox uzaqdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkədə kiçik müəssisələr vasitəsilə istehsal olunan məhsul ÜDM-in 6%-indən aşağıdır.
— Sizcə, bunu ləngidən nələrdir?
— Məlumat üçün bildirim ki, hazırda rəhbərlik etdiyim Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi ABŞ USAİD təşkilatının maliyyə dəstəyi ilə “Azərbaycanda Kiçik Sahibkarlığın inkişafına Dəstək” layihəsini icra edən təşkilatlardan biridir. Bu layihə çərçivəsində biznes mühitinin daha dərindən öyrənilməsi məqsədi ilə araşdırmalar aparırıq. Əlbəttə, buna bənzər araşdırmalar əvvəllər də aparılıb. Lakin bazar və iqtisadiyyat dinamik dəyişən olduğu üçün, mütəmadi aparılan tədqiqatlar atılan addımların effektivliyinin və səmərəliliyinin müəyyənləşdirilməsi üçün əvəzsiz rol oynayır. KOS-ın inkişafını ləngidən amillər hər mərhələdə ola bilər. Biz lisenziyalaşdırma, sahibkarlarla onların işçilərinin arasında əmək münasibətləri, Dövlətin bu sahədə apardığı siyasətin inkişaf etdirilməsi, sahibkarların bilik və bacarıqlarının inkişafı, dövlət yardımlarının effektivliyi, KOS sahəsində qanunvericiliyin öyrənilməsi və s. kimi sahələrdə araşdırmalar aparıb KOS-ların inkişafını ləngidən səbəbləri daha dəqiq öyrənməyə çalışırıq. Qeyd edim ki, yuxarıda sadalanan və sadalanmayan bütün sahələrdə bunların mövcudluğu istisna deyil.
-Mövcud problemləri aradan qaldırmaq üçün nə təklif edərdiniz?
— Biz apardığımız araşdırmalar nəticəsində bir çox təklif və tövsiyələr hazırlayıb hökumətə, parlamentə və ictimaiyyətə təqdim edəcəyik. Bu saat biz Kiçik Sahibkarlığın (KS) inkişafı üzrə 2013-2020-ci illər üçün Dövlət Proqramı, KS sahəsində qanunvericiliyin inkişaf etdirilməsi və tətbiqi, KS-ın rəqabətədavamlılığı, KS sahəsində Dövlət Agentliyinin yaradılması, lisenziyalaşdırma, Dövlət – Vətəndaş Cəmiyyəti dialoqu və sair bu kimi məsələlərə dair öz konkret təklif və tövsiyələrimizi hazırlayırıq.
-Bəc KOS-un geniş inkişaf etdiyi ölkələrin təcrübəsi…
— Bütün inkişaf etmiş ölkələr bu və digər formada kiçik sahibkarlığı dəstəkləyir. Biz beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə bu yaxınlarda Türkiyədə olduq. Bu ölkənin təcrübəsi bizim üçün böyük maraq kəsb edirdi. Türkiyədə Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi – KOSGEB adlı təşkilatın fəaliyyəti və proqramları ilə yaxından tanış olduq. KOSGEB kiçik və orta sahibkarlığa dəstək üçün təsis edilmiş yeganə dövlət təşkilatıdır. Onun əsas vəzifəsi kiçik sahibkarlıq sahəsində dövlətin siyasətini işləyib hazırlamaq və milli və beynəlxalq təcrübənin təhlili əsasında Türkiyədə kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli kömək etməkdir. KOSGEB kiçik və orta müəssisələrlə bağlı dövlətin iqtisadi siyasətinin formalaşdırılmasında çox böyük rol oynayır. Kiçik biznesin Türkiyədəki roluna uyğun olaraq ölkədə qeyri-kommersiya dövlət və ictimai struktur və birliklərin timsalında kiçik və orta sahibkarlığa dəstək və xidmət göstərən olduqca inkişaf etmiş infrastruktur formalaşıb. Hazırda KOS ilə bağlı məsələlərlə KOSGEB, Elm, Sənaye və Texnologiya Nazirliyi, İnkişaf Nazirliyi, Xəzinədarlıq Müşavirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası və İnkişaf agentlikləri kimi dövlət təşkilatları məşğuldur. Eyni zamanda bəzi qeyri-hökumət təşkilatları da kiçik biznesin dəstəklənməsi və inkişaf etdirilməsində yaxından iştirak edirlər. Bunlar Türkiyə Palatalar və Birjalar Birliyi, Türk Tacirlər və Sənətkarlar Konfederasiyası, Türkiyə Texnoloji İnkişaf Fondu və Türkiyə Kiçik və Orta Ölçülü Müəssisələrdə Sərbəst Peşə Sahibləri və Menecerlər Fondudur.
Və yaxud ABŞ-da 1953-cü ildə Prezident yanında Kiçik Biznes Administrasiyası (Small Business Administration — SBA) yaradılmışdır. Bu təşkilatın əsas məqsədi dövlətin bu sahədə siyasətinin həyata keçirməkdir, ölkə üzrə 100-dən yuxarı nümayəndəliyi var və təşkilatda 4 mindən artıq adam salışır. ABŞ-ın kiçik biznes haqqında qanununda deyilir ki, ölkənin milli rifahı və ölkənin təhlükəsizliyi, inkişaf etmiş KOS-lar olmadan mümkün deyildir və dövlət bu KOS-ları daim dəstəkləməlidir.
Bir sözlə, iqtisadi sahədə bu və ya digər dərəcədə uğur qazanmış ölkələrin təcrübələri onu deməyə əsas verir ki, KOS-ların inkişafı ölkə üçün strateji əhəmiyyət kəsb edir.
-Azərbaycan qanunvericiliyi KOS-ın inkişafını təmin edə bilirmi?
— Sahibkarlığın inkişafı və dəstəklənməsinə dair bir sıra mühüm hüquqi-normativ aktlar qəbul edilmişdir. Onların arasında “Sahibkarlıq fəaliyyəti haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, ”Haqsız rəqabət haqqında”, ”İnvestisiya fondları haqqında” “Xarici investisiyaların qorunması haqqında”, “Xüsusi iqtisadi zonalae haqqında” və sair bu kimi qanunlar, həmçinin dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək məqsədilə “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, “Sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında”, ”Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Prezident fərmanları, eləcə də “Bir pəncərə sisteminə keçid haqqında” Prezident sərəncamı da xüsusi yer tutur. Lakin təcrübə göstərir ki, hüquqi bazanın yenilənməsinə baxmayaraq, mövcud normativ-hüquqi baza KOS-ın və bütövlükdə sahibkarlığın inkişafı üçün hələ də yetərli deyil. Bu sahədə görüləcək işlər hələ çoxdur.