Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası piketlə müşayiət olunur
Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası başlayıb, bir qrup fəal toplantının təşkil olunduğu binanın qarşısında piket keçirir.
Bu gün Kiyevdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası öz işinə davam edir. 57 üzv ölkənin, eləcə də tərəfdaş ölkələrin heyətlərinin toplantının keçirdiyi Beynəlxalq Sərgi Mərkəzinin qarşısında əllərində “Stop dictatorship” (Diktaturanı dayandırın!), “Günahsız həbs olunanları azad edin!” və digər siyasi məzmunlu plakatlar tutmuş bir qrup fəal piket keçirir. Hüquq-mühafizə orqanları piketə mane olmur.
Nazirlər Ukraynanın ATƏT-ə builki sədrliyinin nəticələrini, eləcə də gələcək əməkdaşlıq və inkişaf perspektivlərini müzakirə edəcəklər. Bundan başqa, “Helsinki+40” təşəbbüsünün perspektivləri, ATƏT məkanında həlli uzanan münaqişələrin nizamlanması, silahlanma üzərində nəzarət, hərəkət azadlığı və insan kontaktlarının möhkəmləndirilməsi, enerji fəaliyyətinin ətraf mühitə neqativ təsiri, insan alveri ilə mübarizədə beynəlxalq səylərin gücləndirilməsi məsələləri də müzakirə olunacaq.
Toplantıda vacib müzakirə mövzularından biri də qanunun aliliyi, əsas hüquq və azadlıqların təmin olunması prinsiplərinin möhkəmləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, transmilli təhdidlərlə mübarizə olacaq.
Yanvarın 1-dən ATƏT-də sədrlik İsveçrəyə keçəcək.