Muəllif:

Keyfiyyətli həyat

Şimali Kipr Türk Respublikasındayam. Burada dəfələrlə olmuşam, həmişə də xoş təəssüratlarla qayıtmışam. Düşünmüşəm ki, adam qocalıb lap əldən düşəndə gərək belə bir yerdə dəniz sahilində kiçicik bir daxma alıb yaşasın. Görünür, bu istək Ernest Heminqueyin yaradıcılığını çox sevdiyimdən və usta yazıçının Kubada yaşadıqlarını həddən artıq canlı təsvir etməsindən irəli gəlir. Bu məsələyə hələ qayıdacam. Hələliksə başqa bir məqama toxunmaq istəyirəm.
Əslində, deyən olmasa, bu yerləri gəzəndə adamın heç ağlına da gəlməz ki, Şimali Kipri, elə Azərbaycan da daxil olmaqla, Türkiyədən başqa dövlət kimi tanıyan yoxdur. Hər halda, mən bununla bağlı yerli əhalidə natamamlıq kompleksi duymadım, hətta bir sıra məqamlarda bu tanınmamış Kiprə qibtə də etdim. Soruşacaqsızınız ki, nəyinə? Məsələn, təhsil sisteminə. Deyəcəksiniz ki, bu da guya Amerika kəşf edib (yenə də Amerika). Azərbaycanda bunu çox az adam bilmir. Tələsmə, əziz oxucu, bunu mən də bilirəm. Sadəcə, bu yerdə diqqətimi çəkən başqa bir şey oldu. Bilmirəm, bəlkə heç özləri də fərqinə varmadan kipr türkləri, deyəsən, tanınmağın, yəni müstəqilliyə çatmağın yolunu tapıblar. Nə qədər qəribə, biz Azərbaycan türkləri üçünsə utandırıci olsa da, həmin yol təhsildən keçir. Bəli-bəli, məhz təhsildən. Ölkənin 300 min əhalisi ilə yanaşı 50 min də xaricdən gəlmə tələbə var. Beş şəhər adlandırıla biləcək yerləri varsa, bir o qədər də universitetləri var. Məkanı dövlət kimi tanımırlar, amma universitetlərinin diplomlarını tanıyırlar, hətta Britaniya universitetləri Kiprdəkilərnən əməkdaşlığa can atır. Ona görə tanıyır və əməkdaşlıq edirlər ki, universitetlərin özləri də, campusları da, verdikləri biliklər də yüksək səviyyədədir, başqa cür olsaydı, dünyanın dörd bir yanından həmin universitetlərə çalışmağa və təhsil almağa gələn olmazdı. Bizimlə müqayisə aparmaq istəmirəm, çünki utanıram, bir də ki, demək istədiyim bu deyil. Tamam başqa bir şeydir. Türk Kiprinin prezidenti, baş naziri və xarici işlər naziriylə söhbətlərdən aydın oldu ki, Kipr probleminin tezliklə həllinə heç bir ümid yoxdur, bununla belə, əllərini yanlarına sallayıb durmaq fikri də yoxdur. Rum kəsimiylə birgə yaşamaq kimi xülyalara da uymurlar. Fikir və məqsəd müstəqillikdir, çünki qarşı tərəf buna heç meyilli deyil. İqtisadi böhran da danışıq aparmamaq üçün rumların əlində bir bəhanəyə çevrilib. Bir sözlə, millət hər şeyə rəğmən yaşayır, çalışır və öz işini görür. KEYFİYYƏTLİ HƏYAT yaradır və beləliklə də onu tanımaq istəməyənləri özünə cəlb edir. Məncə, tanınmağın, bu halda isə müstəqilliyə aparan yolun düzgün seçildiyini söyləsəm, yanlışlığa yol vermərəm. Keyfiyyətli həyat yazdım, yadıma Qarabağ düşdü. Düşündüm ki, oradakı erməniləri geri qaytarmağın yolu yalnız və yalnız keyfiyyətli həyat yaratmaqdan keçir. Mən qəsdən torpaqların deyil, ermənilərin qaytarılması dedim, çünki insan milləti və dinindən asılı olmayaraq, cüzi istisnalarla, insan kimi yaşamaq istəyir. İnsansız torpaqsa heç nədir və torpaq da, elə insan kimi, ona yiyə duranındır. Qarabağa yiyə durmaq istəyiriksə, insanımıza yiyə durmalıyıq, Azərbaycanın hər bir tərəfində yaşayan insanımıza, vətəndaşımıza. Bununsa bir yolu var — məmləkətin insanı üçün KEYFİYYƏTLİ HƏYAT şəraiti yaratmaq. Hər halda, Kipr türkləri bu yolu tutublar. Düşünürəm ki, onlar istəklərinə çatacaqlar, çünki düzgün yoldadırlar, beyinləri də düz çalışır. Bizim işimizsə qalıb… özümüzə.
P.S. Yaxın Doğu Universitesinin qibtə ediləcək dərəcədə gözəl klinikası var. Bizi çox böyük hörmətlə qarşılayan universitet rəhbərliyinin qonaqpərvərliyindən istifadə edərək heyət üzvlərimiz tibbi müayinədən keçdi, mən də o cümlədən. Xanımım nə qədər desə də, Bakıda buna zaman tapmırdım. İndi bu sətirləri oxuyanda, yəqin ki, çox təəccüblənəcək. Nə isə… Aramızdan səhhətində problem olmayanı çıxmadı. Mənim analizlərimin nəticəsini görən həkimsə həmən xəstəxanaya yatırılmalı olduğumu dedi və ümumiyyətlə jurnalistikanın daşını atmağı tələb etdi. Ona nə cavab verəcəyimi bilmədim. Əslində, cavab birmənalı idi — xeyr, doktor xanım, söylədiklərinizin heç biri mümkün deyil. Nə Kiprdə qalasıyam, nə də jurnalistliyin daşını atası, çünki Azərbaycanda KEYFİYYƏTLİ HƏYAT deyə bir məfhum yoxdur, biz onu qurmamışıq nədir, belə bir şey etmək fikri belə ağlımıza gəlməyib. Yoxsa nə varıydı ki, istefa verib Kiprdə dəniz sahilində bir koma alıb Heminquey Kubada yaşayıb-yaratdığı kimi ömür sürməyə… Yəqin, elə buna görədir ki, Azərbaycanda vəzifə kürsüsünə oturanların heç biri yerindən tərpənmək istəmir. Necə tərpənsin — bizdə KEYFİYYƏTLİ HƏYAT yoxdur axı!
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 608