Kəşfiyyatçı və snayper kursları çox gec olsa da bərpa ediləcək
Cəbhə üçün kəşfiyyatçı və snayper kursları çox gec olsa da — uzun süründürməçilikdən və anlaşılmaz (və bağışlanmaz) ləngidilmədən sonra bərpa ediləcək. İndiyə qədər bu kimi vacib bir kursun niyə təşkil edilmədiyi də sual doğurur. İndi APA Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı bilgiyə istinadən bu barədə sevindirici xəbər yayır. Deyilir ki, kurslar müasir tədris proqramlarına uyğun təşkil olunacaq. Hazırda bu və digər ixtisaslar üzrə Silahlı Qüvvələrin və digər hərbi qurumların tələbləri öyrənilir.
Xatırladaq ki, 2011-ci ildə keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən Azərbaycanda ordu üçün snayperlər və kəşfiyyatçılar hazırlayan kurslar açılıb. Cəmiyyət 2012-ci ilin iyun ayında ləğv edildikdən sonra kurslar dayandırılıb. Aradan bir il keçir, yəni məmur bürokratiyası üzündən
bu vacib məsələ bir il də ləngidilib. Hər işimiz belədir, nə etməli…