Muəllif:

Kəşfiyyat hesabatı: Azərbaycanın da, Ermənistanın da uğurları var

Erməni lobbisi Azərbaycan və Ermənistan arasında düşmən münasibətlərdə başlıca rol oynamaqdadır. Trend-in Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə mərkəzin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, həqiqətən də Ermənistan bölgədəki düşmənlərinin (Turkiyə və Azərbaycan) ziyanına olaraq öz maraqlarını beynəlxalq arenada qorumaq və təbliğ etməkdə müvəffəqiyyət qazanmışdır.
Soyqırım haqqında qətnamə, 907-ci maddə və BTC/Cənub Dəhlizinə qarşı kampaniyalar buna ən bariz nümunələrdən yalnız bir neçəsidir. Azərbaycanı Avropada zülümkar ölkə kimi təqdim etmək üçün təbliğat kampaniyaları aparmaqla yanaşı, eyni zamanda Ermənistanın yaxşı oturuşmuş demokratik ölkə imicini təbliğ etmişlər.
«Həqiqət isə həmişə olduğu kimi ortada qalmışdır. Azərbaycan keçid dövrünü yaşayan bir ölkədir, seçki prosesi, korrupsiya və söz azadlığı cəhətdən ölkənin demokratiyaya gedən yolu hələ uzundur. Lakin Ermənistan da bu sahədə çox geridədir. Müstəqilliyinin ilk günündən Bakı ərazi bütövlüyü, yoxsulluq, ölkədaxili terrorizm təhlükəsi ilə mübarizə aparmalı olmuşdur. Bu, ölkənin müstəqil siyasi qurum statusunu yenidən qazanandan sonra ilk üzləşdiyi faktlardır. Bu xüsusda erməni lobbisi Azərbaycanı beynəlxalq dəstəkdən kənarlaşdırmağa çalışmaqla daha güclü vətəndaş cəmiyyəti və daha demokratik idarəçilik forması quruculuğu üzrə prosesi ləngitmişdir. Ermənistan hələ də Dağlıq Qarabağ və ona bitişik rayonlar olan Azərbaycan ərazilərini işğalda saxladığından, bu problemlərin bəziləri hələ də mövcuddur. Bununla belə, Bakı digər problemlərin (yoxsulluq və terrorizm) öhdəsindən məharətlə gəlmişdir», hesabatda qeyd olunub.
Dünya Bankının məlumatına görə, Azərbaycan 2001-2011-ci illər ərzində yoxsulluğu 50 % -dən 7.6 % -dək azalda bilmişdir (Dünya Bankı, 2012). Dünya Bankının hesabatında bildirilir ki, 2012-ci ildə minimum əmək haqqında 10 % artım və işsizlikdə isə 4.2 % azalma olmuşdur.
Buna bənzər uğurlar dini ekstremizm mübarizə ilə bağlı islahatlar sahəsində də qazanılmışdır. Müstəqillikdən sonra İran, Yaxın Şərq, Şimali Qafqaz (Dağıstan və Çeçenistan) və Türkiyədən olan radikal qruplar Azərbaycanda çoxalmağa başladılar.
Beləliklə, 2003-cü ildən Azərbaycan təhlükəsizlik qüvvələri Hizbullah, Əl-Qaidə və «Meşə Qardaşları» kimi təşkilatların terror yuvalarına qarşı bir neçə əməliyyat aparmışdır. Bu xüsusda, ABŞ Dövlət Departamenti etiraf etmişdir ki, Azərbaycan «terror vasitəçilərinin sayını azaltmağa və onların fəaliyyətinin qarşısını almağa» müvəffəq olmuşdur.
ABŞ Dövlət Departamentinin illik Terrorizmlə bağlı Ölkə Hesabatında Bakının çirkli pulların yuyulması və digər materialların ötürülməsi kimi terror fəaliyyətinin qarşısının alınmasında çox səmərəli rol oynadığı qeyd olunur. Xüsusən də hesabatda bildirilir ki, 2009-cı ildən bəri Azərbaycan Höküməti çirkli pulların yuyulması və terror fəaliyyətinin maliyyələşməsinə (AML/CTF) qarşı fəaliyyəti ilə peşəkarlıq nümayiş etdirmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133