Kənd idilliyası: araq, qoyun oğurluğu, bıçaqlanma
Lənkəran rayonu Gərmətük kənd sakini Sadiq Bədəlov xırdabuynuzlu heyvanlarının həmkəndlisi və uşaqlıq dostu, 19 yaşlı Pəhman Vəlizadənin oğurlamasından şübhələnirmiş, bu zəmində araları dəyibmiş.
Pəhman Vəlizadə 2011-ci il noyabrın 11-də, saat 21 radələrində çayxanaya gedərkən Sadiq Bədəlovun dostları Yadigar Vəliyev, Əbdül Məmmədov və Natiq Tarverdiyev ilə birlikdə yeyib-içdiklərini görür. O, başqa bir masada oturaraq çay içmək istəyərkən Sadiq Bədəlov ona «bura uşaq yeri deyil, araq içməyən buranı tərk etsin» deyir.
Pəhman Vəlizadə Sadiq Bədəlov ilə məsələni çürütmək qərarına gəlir. Evə gedərək ov bıçağını götürüb, yenidən çayxanaya qayıdır. Ora çatanda Sadiq Bədəlovun çayxanadan getdiyini görür.
Ardınca Sadiq Bədəlovun yaşadığı evə yaxınlaşaraq orada olan Yadigar Vəliyevin mobil telefonundan Sadiqə zəng edərək çölə çıxmasını xahiş edir.
Sadiq Bədəlov evdən küçəyə çıxanda Pəhman ona yaxınlaşaraq bıçaqla çoxsaylı bıçaq zərbələri vurur. Sadiq hadisə yerindən qaçır, Rəhman onu qovur, yaralı yıxılır, Pəhman çataraq yenidən 2 dəfə bıçaqla vurur…
«Oğurluqda məndən şübhələnirdi»
Vəziyyəti ağır olsa da, Pəhman onun qolundan yapışır, yeni zərbələr vurmasına imkan verir. Hadisə yerinə çatan Yadigar Vəliyev bıçağı Pəhmanın əlindən alır. Bıçaqsız qalan Pəhman hadisə yerindən qaçır.
Həkimlər Sadiqin həyatını xilas edə bilirlər.
Məhkəmə iclasından:
Pəhman elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Sadiqin əvvəllər onların heyvanlarını oğurlamasından şübhələnirmiş… Çay içmək məqsədilə çayxanada digər masada təklikdə əyləşib. Bu zaman Sadiq Bədəlov ona tərəf baxaraq araq içmənin çayxanadan getməsini istəyib. Bu sözlərin ona ünvanlandığını bilərək və əvvəldən də arada narazılıq olduğundan əsəbiləşib, qisas almaq istəyib. Çayxanadan evə gedərək 2011-ci ilin iyul ayında «tapdığı və həyətdə basdırdığı» bıçağı götürüb…
«Evin qarşısına çatdıqda Sadiq Bədəlov həyətə çıxmışdı. Sadiq Bədəlovun sərxoş vəziyyətdə olduğunu gördüm. Sadiq Bədəlovdan nə üçün bir qədər əvvəl çayxanada uşaqların içərisində mənə söz ataraq çayxanadan çıxmağı tələb etdiyini soruşdum. Sadiq Bədəlov uşaq olduğumu, əcəb etdiyimi dedi və mənə qarşı nalayiq sözlər işlətdi. Sadiq Bədəlov əynimdə olan gödəkcənin yaxasından tutub özünə tərəf dartaraq sağ əli ilə onun sifətinə bir sillə vurdu. Gödəkcəmin cibindən açıq vəziyyətdə olan bıçağı çıxardaraq Bədəlovun qarnına vurdum. Sadiq Bədəlov bir əli ilə gödəkcəmdən tutaraq digər əli ilə mənə yumruq zərbələri vurduğu üçün bıçaqla Sadiq Bədəlova zərbələr vurmuşam.
Sadiq Bədəlov yerə yıxılarkən gödəkcəmdən tutduğu üçün üstünə yıxılmışam. Yıxıldığım üçün bıçaq əlimdən düşmüşdü. Sadiq Bədəlov bıçağı götürmək istədi. Mən də bıçağı tutaraq kənara atmaq istədim. Bu zaman Yadigar Vəliyev hadisə yerinə gələrək bıçağı əlimdən alaraq yolun kənarına kolluğa atdı. Mən isə ayağa qalxaraq evimizə getmişəm, Sadiq Bədəlov isə yerdə uzanmış vəziyyətdə qalıb.
Sonra? Evə gedərək atası Xanlara Sadiq Bədəlovu bıçaqladığını deyir. Sonra evin zirzəmisinə girərək səhərə kimi orada gizlənir. Noyabrın 12-də, saat 12 radələrində Bakıya yola çıxır. Noyabrın 30-da isə nə düşünürsə qardaşı Şahmara zəng edərək Bakıya gəlməsini və onu evə aparmasını istəyir. Dekabrın 1-də Lənkərana qayıdır. Polis şöbəsinə gələrək özünü təqdim edir.
«Bura uşaq yeri deyil, araq içməyən durub getsin»
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Sadiq Bədəlov bildirir ki, ona «bura uşaq yeri deyil, araq içməyən durub getsin» sözlərini dediyini, oradan çıxıb evə getdiyini, ona zəng gəldiyini və bayıra çıxanda Pəhmanın qapının qarşısında tək dayandığını xatırlayır. Pəhman ona nəsə deyib, lakin sərxoş olduğundan dediklərini başa düşməyib.
Lakin onu xatırlayır ki, Pəhmanın əlində bıçaq görüb və sol tərəfindən iti zərbə hiss edib. Lakin sərxoş olduğuma görə ona lazımi müqavimət göstərə bilməyib və kənara çəkilərək qaçmağa başlayıb. Bir qədər qaçdıqdan sonra Pehmanın ona çatdığını görüb, yerə yıxılıb. Ona əlavə olaraq iki bıçaq zərbəsi vurduğunu, Pəhmanın əlindən tutaraq bıçağı almaq istədiyini, lakin Pəhmanın bıçağı buraxmadığını «səni öldürəcəyəm» dediyini də xatırlayır. Görünür, arağın havası artıq gedibmiş, can qorxusu altında qışqırmağa başlayıb və bıçağı tutaraq buraxmayıb.
Səsə Yadigar Vəliyev özünü çatdırıb, bıçağı alaraq yolun kənarındakı kolluğa tərəf vızıldadıb. Pehman isə oradan qaçıb gedir, zirzəmiyə…
Pəhman tərəf onun müalicə xərclərimi ödəyib, deyir onunla barışmışam, şikayətim və tələbim yoxdur. Amma Lənkəran Ağır Cinayətlər Məhkəməsi Pəhman Vəlizadəni 7 il müddətinə azadlıqdan məhrum etdi.