Kənan M.M: Klipin kökü kəsilir…
Klip bazarında durğunluqdan sonra rejissorların serial çəkmək ehtiyacı artdı. rejissor Kənan M.M də eləcə. Klipin çəkilişindən çox, onun təbliği yüksək məbləğə piar olunduğuna görə, oxuyanlar daha çox aktrisalıq etməyə, rejissorlar isə onları çəkməyə yönəlib.
— Hazırda isə klipin kökü kəsilir. Bu, nə ilə əlaqədardır? Birinci, əvvəllər oxuyanlar deyirdilər ki, bizdə müasir texniki avadanlıq yoxdur. Ona görə də kliplərimiz bərbad vəziyyətdədir. Amma zaman elə gətirdi ki, xaricdə olan ən son model və müasir texniki avadanlıqlardan artıq bizdə də var. İndi bu avadanlıq sayəsində rejissor istənilən keyfiyyətdə klipi verə bilər. Di gəl, ifaçı rejissordan o keyfiyyətdə klipi tələb edə bilmir. Çünki pulu çatmır. Deməli, keyfiyyət məsələsini ön plana çıxarmaq və bu kimi söz-söhbətlər bəhanədir. Bir tərəfdən ifaçıları da qınamıram. Ona görə ki, bizdə diskdən və konsertdən pul qazanmaq müşkül məsələdir. Bu, dünyanın bir çox yerlərində belədir. Mp3 və internetdən yükləmələr yarandıqdan sonra albom satışı 70 faiz düşüb. Yalnız keyfiyyət axtaran adam xüsusi formatda məhsulu hazırlayır. Bu da real göstərici deyil. İkinci, televiziya kanallarında kliplərin yüksək qiymətlə yayımlanma problemi var.
Üçüncü isə ifaşıların əksəriyyəti deyir ki, onsuz da məni tanıyırlar da… Mənim klipə ehtiyacım yoxdur? Müqayisə edək — bu adamların məntiqi ilə Şakiranın, Riannanın, Tarkanın klipə heç ehtiyacı olmamalıdır. Amma onların hər albomunda yer alan mahnıların ən azı 5-nə klip çəkilir. Onlar üçün sənət və keyfiyyət önəmli məsələdir. Məhz belə olduğu üçün dünya ulduzları sənətlərinin bəhrəsini artıqlaması ilə görürlər. Bizimkilər isə yalnız «toyum olsun» prinsipi ilə yaşayırlar.
— Klip bu gün yerli bazarda hansı rolu oynayır?
-Klip çəkdirənlər kimlərdir? Tanınmaq istəyənlər. Yəni, adamın bir az səsi, şansı var və ifaçı olmaq istəyir. Bu istəyində əvvəlcə radioda mahnısı yayımlanır və simasını tanıtdırmaq məqsədiylə ekrana çıxmaq istəyir. Bunun üçün də deyirlər ki, bahalı klip olmasın. Yalnız klipdə üzüm görünksün ki, toyum çoxalsın. Əvvəl gələnlər nə isə ediblər. Amma indi gələnlər isə əvvəl gələnlərin hazırki halına bənzəmək istəyirlər.
— Müdrik insanlar özgəsinin, ağıllı insanlar öz səhvlərindən nəticə çıxarır. Amma axmaq insanlar isə eyni səhvləri təkrarlayırlar. Sizcə, indikilər müdriklər, ağııllılardır, yoxsa…?
— Əslində onlar ağıllıdırlar. Müdrik olsaydılar, elə əvvəlcədən səhvlərə yol verməzdilər. Bəlkə də, onların hazırda belə olmaları səhvlərinin bəhrəsidir. Axmaq insan isə… axmağı onlarla müqayisə etmək istəməzdim. Çünki əlaqəsi yoxdur. Ağıllı və müdrik. Bu iki termini onlara uyğun bilirəm. Əgər, müdrik olsaydılar hər alboma klip çəkdirərdilər. Amma bu o demək deyil ki, mən onlardan nə isə umuram.
Sənət elə bir şeydir ki, onun zirvəsi yoxdur. Qazdıqça, getdikcə sonu olmur. Sonsuzdur! Səhv etmirəmsə, Hollivud rejissorlarından ya Stiven Spilberq, ya da ki Ceyms Kameron deyib: “Mən o vaxt gözəl rejissor ola bilərəm ki, avtomat telefon qutusunda film çəkim!” Amma müğənnilərimiz isə deyirlər ki, 2-3 mahnım var. Olsun! Hər bir mahnı müvəqqətidir. Hit yoxdur! Çünki indi Üzeyir bəy Hacıbəyov, Şövkət xanım Ələkbərova və başqa dahilər yoxdur. Bu gün 3 notla mahnı yazanlar çoxdur.
Belə bir dərdli yerimiz var: ümumiyyətlə, ifaçı mahnını ən azı bir ay, yaxud 15 gün ərzində hazırlayır. Amma mahnı müəllifinin adını çəkəndə söz-musiqi və aranjeman filankəs deyirlər. Filankəslər də yadda qaldı. Ardınca yeni mahnı gəlir: söz-musiqi, aranjeman eyni adamlar. Məhsul bir-birinə oxşayır. Üstəlik, klip çəkdirəndə də deyir ki, mənim klipim filankəsin klipinə oxşasın da… Oxşasın nədir?! (gərgin halda) Niyə oxşasın?! Artıq həmin vəziyyət çəkildi, getdi. Biz neçə illər Rusiyanın təsiri altında yaşadığımızdan, yeniliyə uyğunlaşa bilməmişik. Məsələn, SSRİ vaxtında Bakıdan Moskvaya gedən konfet, orada kağıza bükülürdü. Sonra isə eyni konfet Bakıya geri qayıdırdı. Biz də konfeti yeyib, kağızı tullayardıq. Amma adı vardı: “Moskovski konfet”. Əslində isə Bakı konfeti idi. Hazırda da türklərə, ruslara oxşamağa can atırlar. Bənzəmək yaxşı şeydir. Amma gərək bənzədiyindən daha yaxşı olasan ki, seçiləsən.
— Klip çəkilişlərinə başlamazdan əvvəl sifarişçi ilə danışıqlar apardığın zaman qarşı tərəfi maarifləndirirsiz?
— Sifarişçi mənə razılıq verməmiş, işə başlaya bilmərəm. Problem bundadır ki, sifarişçi çəkiliş zamanı işdən razılıq edir. Bir müddətdən sonra klip hazır olanda özü də bəyənir və efirdə yayımlayır. Sonra isə kimsə sənətdən anlayışı olmayan adam peyda olub, bir söz deyir. Sifarişçi də zəng edib deyir ki, bəs, klipdə fılan yer yaxşı çəkilməyib, nə bilim, daha nələr… Bax, o an adam əsəbindən gülür. Əslində isə ağlamalıdır. İnsanın özünəməxsus düşüncə tərzi olmalıdır. Başqaları sənə təsir edə bilməməlidir. Geyindiyin paltarda özünü rahat hiss edirsənsə, kənardan stilist, modelyer, imicmeyker nə deyirsə desin, əsas rahatlığın önəmlidir. Çox təəssüflər olsun! Dediklərim hamısına aid olmasa da, əksəriyyətinə şamil edirəm.
Çəkilişdən əvvəl rejissora dəfələrlə zəng edib deyir ki, çəkilişə nə geyinim, nə cür makiyaj olunum, saçım nə rəngdə olsun və s. Görürsən ki, müğənni işinə can yandırır və cavabında da deyirsən ki, sən necə istəyirsən, elə də et. “Sən necə istəyirsən, elə də et” olan kliplər yaxşıdırlar. Yox, əgər klipin montaj işlərini öz sinif yoldaşının, nişanlısının və hətta, bacanağının fikiri ilə nizamlayırsa ki, bəs fılan yeri klipdən çıxart. Sual verirsən ki, niyə çıxardım? Cavabında da, “nə bilim e… çıxart da…” — deyir. Kompüterimdə elə kliplər var ki, gün üzü görməyib. Amma həmin klipləri festivallara göndərmişəm, mükafatlandırılmışam.
— “Kimin ifası mənə çatmırsa, ona klip çəkmirəm”. Bu fikiri müsahibələrinizin birində demişdiz.
— Hətta, indi “palatka” ifaçılarına da klip çəkirəm. Eləsinə klip çəkmək istəyirəm ki, adını yazmaq istədiyim halda, adını yadımdan çıxarmış oluram. Bir də ki, yaş öz sözünü deyir. Məsələn, subaysan. Maddi problemin, qayğıların azdır. Vaxt olub ki, maşınımda 5-6 disk olardı. Vaxt çatışmazlığını bəhanə gətirib, bəzilərinə yox deyirdim. Amma indi “yox” demək şansımız yoxdur. Hər şey maddiyyatdan başlayır deməzdim, amma çox şey maddiyyatdan başlayır, asılıdır. Tələbata səbəb nədir? Aclıq, tamahkarlıq! Bir var ki, çox istəyirsən yoxdur. Bir də var ki, heç yoxdur. Heç olmayanda aza qane olmaq lazımdır. Azı da əldə etmək üçün nə isə etməlisən.