Keçmiş nazirin ev dustağı olmaq istəyi təmin edilmədi
Keçmiş nazir Nicat Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb və məhkəmə vəsatəti təmin etməyib. Vəkil Elton Quliyevin APA-ya verdiyi məlumata görə,
Nicat Quliyev CM 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs qətimkan tədbiri seçilib.
Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.