Keçmiş deputat Hüseyn Abdullayevin beynəlxalq axtarışa verildiyi təsdiqləndi
Azərbaycan DİN keçmiş deputat Hüseyn Abdullayevin beynəlxalq axtarışa verildiyini rəsmən təsdiqləyib.DİN mətbuat xidməti sorğuya cavab olaraq sabiq millət vəkili Hüseyn Abdullayevin dövlətlər arası və beynəlxalq axtarışa verilməsini təsdiqləyir (APA).
Hazırda Abdullayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hələ iyunun 26-da hüquq-mühafizə orqanlarına istinadən Abdullayevin axtarışa verilməsi barədə məlumat yayılıb. Abdullayev barəsində CM 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Abdullayev bundan əvvəl 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F. Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. H. Abdullayev barəsində CM 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Son vaxtlar onun «Susma!» klipi ətrafında çoxlu söz-söhbətlər dolaşırdı.