Kayrat Nurtasın hərəkəti Almatıda iğtişaşa səbəb olub
Almatıda populyar ifaçı Kayrat Nurtasın “Praym Plaza” ticarət-əyləncə mərkəzindəki konserti zamanı baş verən iğtişaşlar nəticəsində 90 adam yaralanıb. Qazax informasiya qaynaqlarına istinadən, avqustun 31-də baş verən bu iğtişaşlar nəticəsində 90 nəfər tibbi yardım üçün müraciət edib. Xəsarət alanlar arasında polis əməkdaşları da var. Məsələn, 7 saylı şəhər xəstəxanasında 3 polis əməkdaşı müalicə olunur. Onların həyatı üçün təhlükə yoxdur. İğtişaşlar zamanı həlak olanlar barədə yayılan məlumatlar isə təsdiqini tapmayıb.
Hadisə ondan başlayıb ki, Nurtasın səhnəni erkən tərk etməsi publikanın xoşuna gəlməyib. Hiddət püskürən fanatlar səhnəni və mərkəzdə yerləşən mağazaları dağıdıb. Daha sonra iğtişaşlar küçələrdə davam edib.
Qayda-qanunun bərpası məqsədilə əraziyə xüsusi təyinatlılar yeridilib. 150-dən çox şəxs saxlanılsa da, sonradan əksəriyyəti sərbəst buraxılıb. Baş vermiş hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.