Muəllif:

Katalonca öyrənmək ehtiyacı

İstanbul
Bir dostum var, siz onu tanımırsız, zəng vurdu ki, Barselonadan gəlmişəm, darıxmışam, gəl dərdləşək. Avropada təhsil alıb, mütərəqqi adamdır, məntiqi kəskindir. Amma di gəl ki, fanatik bir «Barselona» tərəfdarıdır. Mənim bu katalon klubuna münasibətimi bilir. Demək ki, futbol söhbətinə çağırmır deyə düşündüm.
Axşamüstü bir kafenin küncündə oturmuş, onun «Barsa» sevgisinə qulaq asıram səbirlə, bilirəm ki, futbol girişdir. Birdən «Reyhanlı terrorunu kimlər törədib» deyə soruşur. «El Muhaberat» deyirəm, Bəşər Əsədə yaxın bir qrup olduğunu da əlavə edirəm. Üzünü turşudur, «dünyadan xəbərin yoxdur sənin» deyir. Ölənlərin sayı, partlayışların miqyası ilə bağlı söylədiklərimlə də razılaşmır. Öz bildiklərini deyir, mənim oxuduqlarımdan tam fərqlidir sadaladıqları. İnformasiyaların mənbəyinin ispan televiziyaları olduğunu deyir. Bask problemi, katalon separatizmi olan İspaniya kanalları məgərsə Reyhanlını günlərlə birinci xəbər olaraq vermiş və bizim bilmədiyimiz, ağlımıza belə gəlməyən ciddi iddialar səsləndirmişlər. Dünyanın xəbəri var, bizim niyə xəbərimiz yoxdur?
Reyhanlı Sülh və Cəza Məhkəməsinin 11.05.13. tarixli qərarı ilə «təhqiqat və istintaqa xələl gəlməməsi üçün» bütün səsli və görüntülü yayınların göstərilməsinə yasaq qoyulub. 14 may 2013 tarixli bütün türk qəzetləri hardasa eyni manşetlə çıxdı. Xəbər də nə xəbər — polislə iqtidar sözcülərinin bəyanatları. Şokdaydım, belə bir şey görməmişdim mən. Murat Bardakçı bənzər hadisənin türk media tarixində son dəfə 1914-15-ci illərdə ruslara qarşı Sarıkamış hərəkatında, yəni Osmanlı zamanında olduğunu yazdı — düz 100 il əvvəl.
Mavi Marmara hadisəsindən cəmi 3 il keçib. 9 nəfərin öldürüldüyü bu mənfur basqında ölənlər aksiya iştirakçıları və nəyə getdiklərini öncədən bilən insanlar idilər. Reyhanlıda isə nə olub-bitdiyindən bixəbər, məsum 51 (bu rəsmi rəqəmdir) nəfər məhv edildi. Mavi Marmarada iqtidar bütün təbliğat makinasını işə salaraq elə bir gündəm yaratmışdı ki, qopan fırtına hələ də tam yatışmayıb. Reyhanlıda isə nə ölənlər niyə öldüklərini, nə də qalanlar nə baş verdiyini bilirlər.
Yaşanan qətliamdan sonra xalq doğru xəbər alma haqqını itirib. Psixoloji vəziyyəti pozulmuş bölgə insanının olub-bitənləri bilməməsi, yaşadığı ağır travma və çarəsizlik öfkə və kin yaradır. Sosial mediada qəzet və televiziya kanallarına etirazlar davam edir. Tablo acınacaqlıdır — türk mediası Reyhanlı sınağından çıxa bilmədi, bununla da qalmayıb etibarını ciddi şəkildə zədələdi. Dünənə qədər qəzet və televiziyaların fərqlilikləri, müxtəlifliyi necə də birdən-birə yox oldu.
Barselonadan gələn dostum zarafatla deyir ki, xəbərdar olmaq istəyirsənsə, indi gərək katalonca öyrənəsən. Deyirəm separatçıları sevmirəm, dilləri də qulağıma yatmır, heç «Barsa» da məni maraqlandırmır. Etiraz etməyə çalışır. Deyirəm «Barselona»ya tərəf tutmaq «Dinamo» Stepanakertə azarkeşlik etmək kimi bir şeydir. Nə isə istəyir desin, amma susur, güman ki, yaralı yerimə dəymək istəmir.
Qanunlara hər zaman hörmət etmişəm. Elə siz də şahid oldunuz buna — Reyhanlı Sülh və Cəza Məhkəməsinin yayın yasağını pozmadım, eşitdiklərimi paylaşmadım sizlərlə.
Heyif ki, dostumu tanımırsız. Bir gün onu mütləq Sizə tanıdacam — senzuranın, üzr istəyirəm, yayın yasağının qalxmasını gözləyəcəm.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 205