Kardioloqu tamah məqsədilə öldürənlər yaxalandılar
Kardioloqu tamah məqsədilə öldürənlər yaxalandılar. Hadisə Bakıda dünən gecə saat 21.30 radələrində baş verib. Onu 19 bıçaq zərbəsilə qətlə yetiriblər. Bu cinayətlə bağlı saxlananlar 3 nəfərdir.
DİN və Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən, 36 yaşlı Cavid Zaməddin oğlu Həmişəyevin meyiti paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisə yerinə gələrək, hadisə yerinə və meyitə məhkəmə tibbi ekspertinin iştirakı ilə baxış keçirilib, meyitin üzərində kəsici-deşici alətlə yetirilməklə 19 xəsarət aşkar edilib. Faktla bağlı CM 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb,
Aparılan ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində Cavid Həmişəyevə məxsus 90 NU-363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobil və şəxsi əşyalarının olmadığı müəyyən edilib.
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə təxirəsalınmaz istintaq- əməliyyat tədbirləri nəticəsində həmin avtomobil gecə saat 2.00 radələrində Bakının 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb. Avtomaşında olan Bağırlı Türkan Sudef qızı, Ərəbov Yasin Mərkəz oğlu və Məmmədov Koroğlu Yusif oğlu tutularaq istintaqa cəlb ediliblər. Onlar ilkin ifadələrində C. Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.
Avtomobilə baxış keçirilərkən oradan Həmişəyevin şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarları, maşında olan 600 manat, şalvarının cibində olan 70 manat pul K.Məmmədov və Y.Ərəbovdan aşkar edilərək götürülüb.
Doktor Həmişəyevin qətlə yetirilməsində istifadə olunan iki ədəd bıçaq Buzovnada Çingiz Mustafayev küçəsi, dalan 10 ünvanda yerləşən zibillik ərazidən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Əldə etdiyimiz bilgiyə görə Həmişəyev yaxşı kardioloq kimi etiraf olunurmuş. Mərhum bu gün Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb. Atası Zaməddin Ziyadoğlu neftçi mütəxəssisdir. Bir sıra şeir kitablarının müəllifidir.

