Kanistr, dağlıq meşə, uğursuz «plantator»
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən şəxslər məhkəmələr tərəfindən ağır cəzalara məhkum edilirlər. Buna baxmayaraq, bu tip cinayətlərin sayı azalmır. Cəzaların nə qədər sərt olmasına baxmayaraq ciinayətlərin sayı artır. Son günlər məhkəmələr tərəfindən narkotik alqı-satqısı ilə məşğul olan daha bir neçə qrupun üzvlərinə hökmlər elan edilib.
İran vətəndaşı Əli Qəmərian, Azərbaycan vətəndaşları — Etibar Kərimov, Azər Hüseynov, Şakir Manafov öncədən əlbir olaraq İran ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə ölkəmizə gətiriblər.
Müəyyən edilib ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Əli Qəmərian və digər İran vətəndaşları külli miqdarda tiryəki qaçaq yolla Azərbaycana keçirmək məqsədilə İran ərazisində həmin narkotiki kapron materialdan hazırlanmış kanistirin içərisində gizlədiblər.
Əli Qəmərian, içərisində narkotik vasitə olan kanistiri özünün idarə etdiyi «VOLVO» markalı avtomobildə gizlədərək qaçaq yolla Azərbaycana gətirib və Lənkəran rayonunun Pensər kəndi ərazisində qrupun digər üzvü Azər Hüseynova təhvil verib.
Əvvəlcədən əldə olunmuş razılığa əsasən Azər Hüseynov içərisində narkotik vasitə olan kanistiri özünün idarə etdiyi «VAZ-2107» markalı avtomobildə daşıyaraq, narkotik vasitələri qrupun digər üzvü Şakir Manafovun Lənkəran şəhərindəki evinin zirzəmisində gizlədib.
MTN əməkdaşları tərəfindən Əli Qəmərian, Etibar Kərimiv, Azər Hüseynov və Şakir Manafov yaxalanıb, sonuncunun evinin zirzəmisinə keçirilmiş baxış nəticəsində içərisində 10 kiloqrama yaxın tiryək olan kapron kanistir aşkar edilərək götürülüb.
Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Etibar Kərimov 10 il 6 ay, Azər Hüseynov 9 il 6 ay, Əli Qəmərian 9 il 6 ay, Şakir Manafov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Narkotik alverində ittiham olunan Şirvan şəhər sakinləri — Əmirhüseyn Qurbanov və Şövqü Məstəliyevin cinayət işi üzrə məhkəmə də başa çatıb. Əmirhüseyn Qurbanov istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə 2,409 qram çəkidə narkotik vasitə olan heroin əldə edib. O, həmin çəkidə olan narkotik vasitəni üstündə daşıyaraq yaşadığı Şirvan şəhəri Ə.Bayramov küçəsi 3/3 saylı evə gətirib, ayrı-ayrı hissələrə bölərək qanunsuz olaraq qablaşdırıb.
O, 15 sentyabr 2011-ci il tarixdə həmin heroinin şəxsi istehlak miqdarında olan 0,082 qramını 24 manata Mətləb Əmirəliyevə, 0,214 qramını 25 manata Şövqü Məstəliyevə satıb. Qalan 2,113 qram çəkidə narkotik vasitə olan heroin isə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 16-da baxış keçirilən zaman Əmirhüseyn Qurbanovun yaşadığı evdən aşkar edilərək götürülüb.
Bundan başqa istintaq müəyyən edib ki, Şövqü Məstəliyev satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib.
Belə ki, Şövqü Məstəliyev satış məqsədi olmadan tanışı Əmirhüseyn Qurbanovdan 25 manata qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,214 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək üstündə saxlayıb. Sentyabrın 16-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitə heroin onun əynində olan köynəyinin sol döş cibindən aşkar edilib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Əmirhüseyn Qurbanov 6 il 3 ay, Şövqü Məstəliyev 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri əkib-becərməkdə ittiham olunan Ağamir Şəfiyevin cinayət işi üzrə başa çatan məhkəmə başqa təfsilatlara işıq salıb. İttihama görə, təqsirləndirilən şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Bu şəxs rayon ərazisində narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul imiş.
Şöbəyə daxil olan əməliyyat məlumatında göstərilib ki, bir nəfər şəxs rayondakı dağlıq meşə ərazisində çətənə kollarının əkib-becərilməsi ilə məşğuldur. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə start verilib. Əməliyyatın gedişində Lənkəran rayonunun Siyobili kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunan 63 yaşlı Ağamir Şəfiyev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdə və evinin yaxınlığındakı tikiliyə baxış zamanı qurudulmuş və yaş halda narkotik vasitə olan çətənə kolları aşkar edilərək götürülüb.
Araşdırmalardan məlum olub ki, Ağamir Şəfiyev kəndin yaxınlığındakı dağda meşə massivində xüsusi hamarlanmış yerlərdə aqrotexniki üsullarla narkotik xassəli bitkilərin əkilb-becərilməsi ilə məşğul imiş. Həmin əraziyə baxış keçirilərkən 400 ədəd, yaş halda ümumi çəkisi 89 kiloqram olan çətənə kolu aşkarlanaraq götürülüb.
Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən uğursuz «plantator» layiq olduğu cəzanı aldı. Onu 4 il 4 ay müddətinə cəmiyyətdən təcrid edildi.