Kamal Abdullanın “Yarımçıq əlyazma”sı Hyüstonda nəşr edilib
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Hyustonda (Texas ştatı) SPBRA (Strategic Book Publishing and Rights) nəşriyyatı tərəfindən ingiliscə nəşr edilib. Romanı ingiliscəyə Anne Thompson tərcümə edib. “Yarımçıq əlyazma” romanı daha əvvəl Moskva, İstanbul, Paris, Varşava, Rio-de Janeyro, Qahirədə çap edilib və kitabın çap edildiyi ölkələrin ədəbiyyatşünas alimləri “Yarımçıq əlyazma” barədə fikirlərini ictimaiyyətlə bölüşüblər.
Romanın ABŞ-da ingilis dilində nəşri ilə bağlı APA-ya açıqlamasında Kamal Abdulla 7 ildən bəri gözlədiyi bu nəşrin onu çox sevindirdiyini deyib:
“”Yarımçıq əlyazma”nın fransız dilindəki nəşri Parisdəki İNALKO universitetində təqdim və müzakirə edilib. Fransız dilindəki nəşrə ön sözü İNALKO-nun o vaxtkı (2006-cı il) prorektoru Klod Aləber yazıb. Nəşriyyatla imzaladığımız yeni anlaşmaya görə, bu yaxınlarda əsərin ikinci və tamamlanmış variantı çap ediləcək. Braziliyadakı nəşrə professor Sutha xanım ön söz yazıb, kitab orada 2 dəfə müzakirə edilib. Kitab Rusiyanın Pen-klubunda müzakirə edildikdən sonra məni Rusiya Pen-klubuna üzv seçdilər. “İnostrannaya literatura” jurnalında Rusiyanın 12 tənqidçi-ədəbiyyatşünası “Yarımçıq əlyazma” romanı barədə fikirlərini oxucularla bölüşüblər. Qeyd etmək istərdim ki, jurnal ilk dəfə keçmiş Sovet İttifaqı vətəndaşının əsərinin müzakirəsinə yer ayırmışdı”.
Kamal Abdulla bildirib ki, bir yazar kimi əsas vəzifəsi düşündüklərini və hiss etdiklərini istədiyim şəkildə oxucuya çatdırmaqdır:
“Əsərlərimin beynəlxalq miqyasda marağa səbəb olması hər bir yazar kimi məni də məmnun edir, çünki bu, eyni zamanda, Azərbaycan ədəbiyyatına olan diqqətdir. “Yarımçıq əlyazma” Qahirədə Misir Mədəniyyət Nazirliyinin “Nüfuzlu xarici ədəbiyyat” seriyasında çıxıb. Kitabla bağlı orada da yaxşı müzakirələr planlaşdırılmışdı, ancaq məlum hadisələr o planların təxirə salınmasına səbəb oldu. Mənim xəbərim olmadan bir həftə əvvəl Litvada “Sehrbazlar dərəsi” romanımı çap ediblər. Fevralın 21-də Vilnüsdə beynəlxalq kitab yarmarkasında kitabın təqdimatı və imza mərasimi olacaq. “Yarımçıq əlyazma” Qazaxıstanda və Yaponiyada da tərcümə edilməkdədir, bununla bağlı nəşriyyatlar məndən lazımi razılığı alıblar”.
Türkiyənin ədəbi-elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan Kamal Abdullanın “Mitten yazıya ve ya gizli Dede Korkut” adlı kitabı 2012-ci ilin dekabrında İstanbuldakı “Ötüken” nəşriyyatı tərəfindən ikinci dəfə çap edilib. Yazarın daha əvvəl “Eksik elyazma” və “Büyücüler deresi” adlı kitabları İstanbulda 2 dəfə nəşr edilib. Türkcəyə uyğunlaşdırılmış “Unutmağa kimsə yox” romanının da bu yaxınlarda nəşri gözlənilir.