Muəllif:

Jurnalistlərin qurultayı: nəyi müzakirə edirdilər?

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VI qurultayı başlanıb. Qurultay başlamazdan öncə iştirakçılar Heydər Əliyevin və Azərbaycan mətbuatının təməl daşını qoyan Həsən bəy Zərdabinin məzarına gül qoyublar, Qarabağda və öz yazılarına görə həlak olan jurnalistləri yad ediblər. Qurultayın gündəliyinə Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları, nizamnaməyə, jurnalistlərin Peşə Davranışı və Etika Məcəlləsinə dəyişikliyin edilməsi, MŞ rəhbərliyinə yeni seçkilərin daxil edildiyi bildirilmişdi.

Turan-ın xəbərinə istinadən, qurultayında Əflatun Amaşov alternativsiz əsaslarla və yekdilliklə yenidən Mətbuat Şurasının sədri seçilib. O, Mətbuat Şurasının yaradıldığı vaxtdan – 2003-cü ildən bu vəzifəni tutur.PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dövlət başçısının təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, ölkədə mətbuat azadlığına zəmanət verilib, dövlət jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət göstərir.
Öz növbəsində MŞ rəhbəri Əflatun Amaşov leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Nicat Dağların müalicəsi üçün görülən tədbirlərə görə ölkə prezidentinə və birinci xanıma təşəkkürünü bildirib. Həmçinin Ə.Amaşov jurnalistlər üçün mənzil tikintisinə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Amaşov hesabat məruzəsində Azərbaycanda mətbuat azadlığının inkişaf etdiyini, reket jurnalistikasına qarşı qətiyyətli mübarizənin aparıldığını, jurnalistlərin müdafiə olunduğunu bildirib.
Amaşov deyib ki, ölkədə öz peşə fəaliyyətinə görə həbs olunan jurnalist yoxdur. Lakin jurnalistlərin həbsi üçün hətta “nəzəri” imkanlar da aradan qaldırılmalı, diffamasiya haqqında qanun qəbul olunmalıdır. O bildirib ki, MŞ bundan sonra İnternet medianı əhatə etmək niyyətindədir.
Qurultayda MŞ İdarə Heyətinin həqiqi üzvlərinin sayının 15-dən 17-dək artırılması gözlənilir. Daha 5 “rezerv” üzv seçiləcək.
17 həqiqi üzvdən 8-i çap mətbuatından, 3-ü İnternet portalından, 6-ı ictimaiyyətdən seçiləcək. Səs vermək üçün qurultay iştirakçılarına İdarə Heyəti üzvlüyünə namizədlərin siyahısı olan bülletenlər paylanıb. Bülletenlərə 24 nəfər çap KİV-in, 18 ictimaiyyət və 9 nəfər İnternet media nümayəndəsinin adları daxil edilib.
Mətbuat Şurası 2003-cü ildə Avropa Şurasının dəstəyi ilə özünütənzimləyən media orqanı kimi yaradılıb. Lakin sonradan MŞ faktiki olaraq hakimiyyətin azad mətbuat problemini qaldırmağa, onu hökumətin təzyiqlərindən müdafiə etməyə qadir olmayan əlaltı qurumuna çevrilib. Bu səbəbdən də demək olar ki, bütün müstəqil jurnalistlər və KİV MŞ-ni tərk ediblər, deyə Turan xatırladır.

Əli Həsənov bu gün jurnalistlərlə söhbətində bildirib ki, mühakimə olunmuş jurnalistlərin əfv edilməsi məsələsinə baxılmır, lakin əgər qurultayda belə fikir səslənərsə, ona baxıla bilər. “Hazırda bəzi jurnalistlərin və KİV orqanlarının barəsində məhkəmə qərarları var. Hesab edirəm ki, bu məsələni qurultayla bağlamaq lazım deyil. Bu günə qədər mühakimə olunmuş jurnalistlərin əksəriyyəti əfv edilib. Həbsdə olan digər jurnalistlərin də tezliklə azad olunmasını arzu edirəm”, — o vurğulayıb.
Hazırda 7 jurnalist həbsdədir. Jurnalist və hüquq-müdafiə təşkilatları hesab edirlər ki, onlar siyasi motivlərlə həbs olunublar. Onlar Əvəz Zeynallı (“Xural” qəzetinin baş redaktoru), Hilal Məmmədov(“Tolışi sado” qəzetinin baş redaktoru), Fərəməz Allahverdiyev (müstəqil jurnalist), Fuad Hüseynov (Ucardan jurnalist), Nicat Əliyev (dini azadxeber.org saytı), Araz Quliyev (dini xeber44.com saytı), Tofiq Yaqublu (Müsavat Partiyası sədrinin müavini və “Yeni Müsavat” qəzetinin şərhçisi).

Əli Həsənovun fikrincə, bəzilərində “hakimiyyəti tənqid etmək əvəzinə dövlətin əleyhinə fəaliyyət göstərmək adət halını alıb”. Jurnalistlərin qarşısında çıxış edən Ə.Həsənov vaxtilə müstəqillik uğrunda hərəkat dalğasında yaradılan “Azadlıq” qəzetinin indi xaricdə Azərbaycan haqqında dərc olunan neqativləri çap etməsindən şikayətlənib. O, Azərbaycanda fəaliyyət göstərmiş keçmiş xarici diplomatların yazılarının da “Azadlıq” qəzetində dərcindən narazıdır.
“Əlbəttə, onların hamısı diplomat deyil. Onların arasında xüsusi xidmət orqanlarının nümayəndələri var ki, Azərbaycana başqa məqsədlərlə gəlirlər. Bəziləri öz missiyasını başa vurmamış hüquq-müdafiə təşkilatlarının üzvü kimi fəaliyyət göstərməkdə davam edirlər. “Azadlıq” həmin adamların Azərbaycan əleyhinə materiallarını dərc edir”, — Ə.Həsənov bildirib.
“Öz peşəni milli dəyərlərdən üstün tutmaq olarmı? Təəssüf ki, Azərbaycan jurnalistikasında elə adamlar var ki, hakimiyyətin maraqlarını dövlətin maraqlarından ayıra bilmir. Nəticədə erməni mətbuatı bizim mətbuatı tərcümə edərək dünyada yayır. Freedom House-dan və digər təşkilatlardan olan bəzi şəxslər, məsələn, Human Rights Watch-dan Rebekka Vinsent (əslində o, Article 19 təşkilatının keçmiş əməkdaşıdır – Turan) Azərbaycandan qisas alırlar. O, hər gün Əl-Cəzirə kanalında çıxış edir. ABŞ səfirliyində çalışıb, sonra oradan çıxarılıb. Nədənsə o, özünü antiazərbaycan fəaliyyətinə həsr edib”, — Ə.Həsənov vurğulayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149