Muəllif:

«Jurnalistlər müstəqil olanda cəmiyyət daha yaxşı yaşayır»

«Ordunun Aynası»nın qonağı Cənubi Karolina Universitetinin (ABŞ) professoru Rendi Kovingtondur (Randy Covington). Bir müddət öncə Gürcüstanda İctimai Əlaqələr İnstitutunun (GİPA) jurnalistika məktəbində Media Etikasından dərs deyən Kovingtonla söhbətimizdə regionda medianın durumu, hərbi jurnalistikanın və sosial medianın vəziyyəti və s. məsələlərə aydınlıq gətirməyə çalışıdıq. Xatırladaq ki, qonağımız dünyaca məşhur olan Newsplex peşəkar təlim-treyninq təşəbbüsünün müəllifidir.
— Cənab Kovington, necə düşünürsünüz, medianın cəmiyyətdə əsas rolu nədən ibarətdir?
— Cəmiyyət get-gedə qəlizləşdikcə, medianın rolu daha vacib olur. Medianın rolu təkcə orta təbəqə insanlarını müxtəlif istiqamətlər, misal üçün, büdcə ilə bağlı məlumatlandırmaq deyil, medianın rolu ümumilikdə nə baş verdiyini, nəyin vacib olduğunu, nəyin pis və ya yaxşı olması barədə məlumat verməkdir.
— Cənubi Qafqaz ölkələrində medianın durumu ilə bağlı nə deyə bilərsiniz? Nə kimi təəssüratlarınız var?
— Mən əlbəttə bu sahədə ekspert deyiləm. Biz indiyədək ABŞ-da Azərbaycandan iki qrup qəbul etmişik. Və bu, mənim bu regiona ilk səfərimdir. Qənaətim budur ki, burada jurnalistlər zəkalıdır. Amma jurnalistika, xüsusilə də Gürcüstanda jurnalistika hələ də təməl səviyyədədir. Mən bu qənaətə Tbilisidə ingilis dilli qəzetləri oxuyarkən gəlmişəm. Mümkündür ki, gürcüdilli mətbuatda vəziyyət fərqli olsun. Mənim qənaətimə görə, burada misal üçün, jurnalist mətbuat konfransına gedib tədbiri və günün xəbərini işıqlandırır. Amma jurnalist növbəti mərhələyə keçmir, aydın olan sualları vermirlər. Amma mən inanıram ki, bu keçicidir. Tələbələrimə baxıb deyirəm ki, onlar çox enerjilidir və mən ümid edirəm ki, biz standartları qaldıra biləcəyik və jurnalistikanın səviyyəsi daha yaxşı ola bilər.
— Siz Gürcüstan mediası barədə danışdınız. Bəs Ermənistan və Azərbaycan mediası barədə nə deyə bilərsiniz?
— Açığı mən bu ölkələrdə gerçək durumu bilmirəm. Bəzən tələbələrim tapşırıq həll edərkən mənə linklər atırdılar və mən o linklərə daxil olub yazılanların erməni və ya Azərbaycanca olduğunu görürdüm, sözsüz ki onları anlamırdım. Amma mən ingilis dilində Azərbaycanın və Ermənistanın Media Etika Qaydaları ilə tanış oldum və düşünürəm ki, hər ikisi yaxşıdır. Amma xeyli müddəalar çox ümumi idi.
— Bu iki ölkənin Etika qaydalarında hansı boşluqlar var?
— Azərbaycanın Etik Qaydaları konkret deyil. Bu qaydalar daha konkret ola və jurnalistlərə fəaliyyətlərində kömək edə bilərdi. Amma bəzən elə olur ki, daha konkret etik qaydalar jurnalistlərin qarşılaşdıqları situasiyalarda üzə çıxan nyüanslarla bağlı onlara yardımçı olmur. Bu səbəbdən hesab edirəm ki, müstəqil və insan dəyərinə əsaslanan media mədəniyyətini inkişaf etdirmək daha vacibdir.
— Sizin araşdırma jurnalistikasına münasibətiniz necədir?
— Bəzən araşdırmaçı jurnalistikanı xüsusi olaraq təqdim edirlər. Düzdür, bu prosesdə ixtisaslaşmış insanlar var, amma mən isə hər bir hadisəni məhz araşdırma hadisəsi kimi nəzərdən keçirirəm. Hər hansı mətbuat konfransından sonra tələb edilir ki, mövzu davam etdirilsin, qarşı tərəfin mövqeyi öyrənilsin, nəyin doğru, nəyin səhv olması aydınlaşdırılasın, bunun insanlara necə təsir edəcəyi və prosesin davamına aydınlıq gətirilsin və s. Gürcüstanda jurnalistikaya nəzər yetirərkən, mən hadisələrin ardına düşmək prosesini müşahidə etmədim. Mən tədbirlərdə iştirak edən, daha sonra tədbirlərdə səslənən fikirlərin araşdırılması ilə məşğul olan təməl jurnalistikaya böyük əhəmiyyət verirəm.
— Bu günlərdə Azərbaycan hökuməti 100-dən artıq jurnalistə ev verməyə hazırlaşır. Eyni zamanda, bir neçə il öncə Azərbaycan hökuməti mediaya dəstək üzrə xüsusi fond yaratdı və bu qurum mətbuata maliyyə dəstəyi verir. Belə durumda mətbuat müstəqil ola bilərmi?
— Bu xəbər mənim üçün gözlənilməz oldu. Humanitar anlamda yanaşsaq mən məvacibi az olan jurnalistlərə ev verilməsinin dəyərini anlaya bilərdim. Amma, hökumətlə bu sayaq sıx münasibətlərə malik olmaq çox pis presedentdir! Bu ona görə deyil ki, biz düşmənik və ya müxtəlif məqsədlərimiz var. Cəmiyyət azad və müstəqil xəbər mediası olan zaman daha yaxşı çalışır. Əgər jurnalist hökumət tərəfindən pul alırsa, pulsuz evlə təmin olunursa, güzəştlərə malik olursa, bu, jurnalistin bir sıra sərt sualları soruşmağa könülsüz olmasını şərtləndirən şərait yaradır. Mən jurnalistlərin çox pul qazanmasını görməyi xoşlayıram, düşünürəm ki, bu əla olardı. Amma bu halda, bu, pis ideyadır.
— Amma Azərbaycanda mətbuatın vəziyyəti o qədər də yaxşı deyil. Qəzetlərdə reklamlar demək olar ki, yoxdur, jurnalistlərin məvacibləri aşağıdır. Belə bir vəziyyətdə media neyləməlidir?
— Siz çox mürəkkəb sual verirsiniz və mən Azərbaycanla bağlı cavab verməkdə çətinlik çəkirəm. Amma ümumi danışa bilərəm. Əgər bu məsələyə tarixi olaraq yanaşsaq, mən jurnalistin öz məhsulunu yaratmasına üstünlük verərdim, nəinki onun hökumətdən pul almasına. Mən dünyanın heç bir yerində belə nümunə görməmişəm ki, hökumətlə işləyən jurnalist cəmiyyətin maraqlarına yaxşı xidmət etsin. 30 ildən artıq jurnalistika praktikasına malik olduğumdan deyə bilərəm ki, jurnalist müstəqil olanda cəmiyyət daha yaxşı yaşayır. Sizin medianın maliyyə təminatıı ilə bağlı sualınıza onu deyə bilərəm ki, medianın yaşaması üçün reklam gücləndirilməlidir və dünyanın hər yerində belədir. Bu çox effektivdir. Bu prosesdə üçüncü dəstək növünə də ehtiyac ola bilər: QHT-lərdən və s. qurumlardan dəstəyi nəzərdə tuturam. Amma düşünürəm ki, hökumətin jurnalistləri maliyyələşdirməsi anı — bu, dəqiq o vaxtdır ki, jurnalist həqiqət barədə ciddi olaraq düşünməyi dayandırır. Bu, Çindəki kimi olmaya bilər, harda ki, jurnalistlərin nə yazacağını Çin hökuməti müəyyənləşdirir. Amma özünü senzura problemi hökumət senzurasından daha böyük problemdir. Fikrimcə, hökumətdən maliyyələşən jurnalist hökumət barədə deyəcəyi, yazacağı fikirlərində getdikcə diqqətli olur.
— Dünyanın başqa ölkələrində oxşar vəziyyətlər varmı?
— Dünyanın imkişaf etməkdə olan ölkələrində mediada reklam gəlirləri inkişaf etməkdədir. Onlarda eyni zamanda dövriyyə gəlirləri də var. Çox kasıb olan Hindistan və Latın Amerikası ölkələrində çox güclü qəzetlər mövcuddur. Mənim fikrimcə, bunlar nümunələr hesab oluna bilər. Bəlkə də regional fərqlər də mövcuddur. Amma azad mətbuat olmayan hər şeyin dövlət tərəfindən idarə olunduğu kommunizm mirasında hər şeyi bir gecədə dəyişmək mümkün deyil. Mən əminəm ki, ağıllı insanlar media ilə pulu necə qazanmağın yolunu tapacaqlar. Çünki bu çox güclü alətdir və bütün dünya təcrübəsindən bunu görmək mümkündür. Bir qədər geniş yanaşmada inanıram ki, müstəqil mətbuatın yaranması üçün güclü iqtisadi fondun mövcudluğu mümkün olacaq. İndi bu işləmir. Çünki media üçün ciddi reklam bazarı yoxdur, əhali kasıbdır və mətbuata çox pul ödəyə bilmir. Əminəm ki, ciddi problemlər, çağırışlar var. Amma bu durumda hökumətin mediaya pul ödəməsi pis ideyadır.
— Növbəti sualımız hərbi jurnalistika və ya hərbi sahə üzrə ixtisaslaşmış jurnalistika ilə bağlıdır. Siz necə düşünürsünüz, belə jurnalistika hərbi sirlərlə və yaxid hərbi sirlərdən kənar necə fəaliyyət göstərməlidir?
— Bu maraqlı məsələdir. Sual oluna bilər: Hərbi jurnalistika təzadlıdırmı? Bizim indiyə qədər ABŞ hərbiyyəsi və NATO ilə işlərimiz olub. Bu prosesdə çox istedadlı jurnalistləri üzə çıxardıq. ABŞ Müdafiə Departamenti ilə işləyərkən mən jurnalistin və medianın hərbi məsələlərdə rolu ilə bağlı müəyyən prosesləri görə bilirdim. Pentaqonda mən Hava Qüvvələrinin ofisində idim və orada ictimai işlərə cavabdeh olan bir general vardı. O, Youtube-yə baxa bilmirdi. İnsanlar Youtube-yə Hava Qüvvələri barədə videolar yerləşdirirdilər, bu videolara xeyli sayda baxış olurdu. Amma onun həmin videolara öz ofisində baxmaq imkanı yox idi. Eyni zamanda, Hava Qüvvələrində çox aktiv sosial media iştirakçılığı yaradılırdı və insanlar şərhlər yerləşdirə bilərdilər. Bəzi şərhlərdə Hava Qüvvələri tənqid olunurdu. Xatırlayıram ki, orada bir zabit Hərbi Hava Qüvvələrinə cavabdeh olan şəxsə deyirdi ki, bir sıra insanlar bu prosesə (sosial media iştirakçılığı) nifrət edir, amma bu proses çox yaxşı işləyir. Hətta baş zabitlər üçün proqram həyata keçirən ordu zabitlərindən biri hamıya tapşırmışdı ki proqramda təcrübələrinə aid bloq yaratsınlar. Hərbiyyə cəmiyyət kimidir, dəyişir. Orada yenə də xeyli qaydalar var, misal üçün sən Pentaqonda istənilən zaman Youtube-yə baxa bilməzsən. Amma digər tərəfdən hərbidə ağıllı insanlar var ki, sosial şəbəkələrin gücünü anlayır və jurnalistikanın əhəmiyyətini qiymətləndirirlər. Hərbi və mülkidə jurnalistika fərqlidir, qaydaları fərqlidir. Amma mənim fikrimcə, hərbi mühitdə daha yaxşı jurnalistikaya malik olmaq olar, nəinki mülki həyatda.
— Ekspertlər deyirlər ki, hərbi islahatları həyata keçirən hökumət mediaya davamlı məlumatlar verməli, iki tərəf arasında sıx əməkdaşlıq münasibətləri yaranmalıdır. Siz bu barədə nə düşürüsünüz?
— Bəli, düşünürəm ki, hərbçilər üçün məxfiliyi idarə eləmək çox vacibdir. Amma məlumatları məxfi saxlamaq üçün də əsaslı səbəblər olmalıdır. Amma hansısa silahlar alınırsa, vəsaitlər ayrılırsa, bu kimi məsələlərə cəmiyyətin cəlb olunması ehtiyacı var. Məncə cəmiyyətin, medianın məlumatlandırılması əslində hamı üçün yaxşıdır. Bununla hökumət mediadan gələn ilkin qorxunu dəf edə bilər. Pentaqon xəbərləri işıqlandırmaq üçün bloqqerlər və şəbəkələr yaradır. Bloqqerlər üçün imkan yaradıldı ki, misal üçün Əfqanıstandakı, İraqdakı zabitlərdən müsahibə götürsünlər və s. Bu proses nəticəsində hərbi jurnalistlərin keyfiyyəti daha da yaxşılaşdı, çünki hərbi bloqqerlər hadisəni daha yaxşı anlaya bilirlər. Bu ona gətirdi ki, ənənəvi mediada hərbi ilə bağlı mövzular daha savadlı işıqlandırılmağa başlandı. Bir hadisə yadıma düşdü: Pentaqon hərbi bloqqerlərin ilk dəstəsini buraxdı. Bu böyük hadisə oldu və həmin bloqqerlər Pentaqon üçün çalışmağa başladılar. Pentaqonun daxilində düşünürdülər ki, onlar mətbuat konfransı keçirsələr, mülki jurnalistlər mövzunun nədən ibarət olduğunu anlamayacaqlar. Belə bir vəziyyətdə hərbi bloqqerlər situasiyanı daha yaxşı qavrayacaq və onlar tədbirin daha geniş işıqlanmasına səbəb olacaqlar. Başa düşürəm ki, hərbçilərin elə məlumatları var ki, onların məxfilikdə saxlanması lazımdır və hərbidəki situasiya mülki cəmiyyətdəki durum fərqlidir. Lakin bir çox hallarda məlumatları cəmiyyətdən gizlətmək nəinki cəmiyyətin maraqlarına, heç hərbinin də maraqlarına da xidmət etmir.
— Necə düşünürsünüz, hərbi və mülki jurnalistikada etik qaydalar baxımından fərqlər varmı?
— Düşünürəm ki, təməl olaraq onlar eynidir. Hər biri həqiqət axtarışındadır, ədalətli olmaq, balansı saxlamaq istəyir və s. Bəzi nyüanslar var. Hərbi jurnalistika strateji kommunikasiyadır. Sənin çatdırmaq üçün mesajın var. Amma bir məsələ var ki, hərbçilər həqiqəti deməyə bilərlər. Vyetnam müharibəsində bunun şahidi olmuşduq. Hərbçilər bir şeyi deyirdilər, amma bu, həqiqət deyildi. Bu əslində hərbinin gücünə xələl gətirirdi.
— Növbəti sualımız sosial media ilə bağlıdır. Bu media ilə ənənəvi media arasında nə kimi fərqlər görürsünüz?
— Sosial media kifayət qədər müxtəlif rol oynayır. Bu, kifayət qədər, vəhşicəsinə açıqdır və insanlar ağlasığmaz işlər görürlər. Onlar saxta videolar yerləşdirir, düzgün olmayan informasiyalar yayırlar. Bu həqiqət, düzgünlük, dəqiqilik axtaran əsl jurnalist üçün çaşdırıcı ola bilər. Bu gün dünyada ən populyar olan şəbəkə Facebook-dur. Əgər sən hərbçisənsə sən bu nəhənglikdə auditoriyanı sadəcə gözardı edə bilməzsən. Əgər orada yanlış məlumatlar varsa onları düzəltmək, lazımi informasiya yoxdursa onları yerləşdirmək lazımdır. Bəzi hərbçilər var ki, onlar belə sosial şəbəkələri gözardı edirlər. Amma, məncə iştirakı təmin etmək vacibdir.
— «Ərəb baharı» inqilablarından sonra Azərbaycanda hökumət tərəfindən sosial şəbəkələrdə fəaliyyətin məhdudlaşdırılmasına dair cəhdlər var. Sizcə, hökumətlər sosial şəbəkələrdən niyə qorxur?
— Müxtəlif hadisələr baş verir. Türkiyədə Ərdoğan baş verənlərdə Tvitteri qınayır. Sosial media inanılmaz dərəcədə güclüdür, xüsusilə də etirazlar üçün səfərbərlikdə. Əgər sənin səlahiyyətin və hakimiyyətin varsa, sosial media sənə ziddiyyət təşkil edə bilər. Bu anlaşılandır ki, niyə görə avtoritar hökumətlər sosial mediadan qorxurlar. Baxmayaraq ki onların kifayət qədər hakimiyyətləri var. Fikrimcə, çıxış yolu kimi hakimiyyətin özünün strategiyasının olmasıdır. Bu strategiya sosial mediaya tələbatın çoxalmasını və ya sosial mediaya məhdudiyyətlərin qoyulmasını gözləməli deyil. Misal üçün, Çinin hakimiyyəti illər əvvəl sosial medianı məhdudlaşdırmağa çalışdı, amma müvəfəqqiyyət qazana bilmədi. Düşünürəm ki, qazana da bilməz.
— Demək istəyirsiniz ki, hər hansı hökumət sosial medianı bağlaya bilməz?
— Düşünürm ki, bu mümkün deyil. Sən sosial medianı bağlamağa da cəhd edə bilməzsən. Misirdə Mübarək sosial medianı bağlamağa, mobil şəbəkələri dayandırmağa cəhd göstərdi. Bu uğursuzluqla başa çatdı. Mən deyərdim ki, Mübarək hökuməti kifayət qədər effektli hökumət idi və Mübarək uzun illər hakimiyyətdə idi və xeyli gücü vardı, amma sosial medianı, «Facebook»u nəzarət altına ala bilmədi və ona görə bu, nəticədə «Facebook» inqilabı baş verdi. Beləliklə, biz Misir, Tunis, Türkiyədəki hadisələrə baxsaq, hökumətlər çalışdı ki, sosial medianı nəzarət altına alsın, amma hər bir halda uğursuzluğa düçar oldular. ABŞ-da bir məsəl var: Ən yaxşı müdafiə yaxşı hücumdur (The best defense is good offence). Düşünürəm ki, bu, sosial mediaya da münasibətdə işləyir. Sosial media dünyasından ən yaxşı müdafiə sosial mediada yaxşı iştirakçılıqdır.
— 22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Azərbaycan jurnalistlərinə sözünüz varmı?
— Azərbaycanlı həmkarlarımı, bacı, qardaşlarımı təbrik edir və uğurlar arzulayıram. Azərbaycan inanılmaz ölkədir. Fəaliyyətinizi davam etdirin. Uğurlar!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 406